Sizin Reklam Burada

Putin: Boz Çarın “seçki”si və tənəzzülü

4-07-2020, 09:52   
 

Dünyanın möhtəşəm planlar cızdığı 2020-ci il tarixə bütövlükdə pandemiya ilə qlobal mübarizə ili kimi düşəcək. Amma elə hadisələr də var ki, kəmfürsət fırçası ilə ilin “həyəcan və məsuliyyət tablosu”na daha qara ləkələr salmaqdadır. İyulun 1-də Putin siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün növbəti dəfə qabıq dəyişdirdi. Dünya yeni siyasi iqlimə qədəm qoyarkən, Kremlin “Boz Çarı”nın bu qabıqdəyişməsi onu xilas edəcəkmi? Rusiyada son referendumu necə qiymətləndirirlər? Qapalı sistemlərin mayakı sayılan Rusiya yeni dünyada kimləri öz yoluna çəkib arxası ilə aparmaq istəyəcək? Alınacaqmı?
Uğursuz vaxt
Referendumun Putinə bir xeyri olacaqmı? Bu barədə düşünərkən “ərəb baharı”nın qurbanlarından Tunis prezidenti Bin Əlini xatırlayıram.  Əlbəttə ki, ölkələrin gücünü və onların xalqlarının sosio-psixoloji portretini əsas götürmürəm. Sadəcə, xatırlayıram ki, Bin Əliyə qarşı xalq etirazı dalğası onun yüksək faizlə prezident seçilməsindən bir neçə ay sonra qalxdı.  Bu, o deməkdir ki, həqiqi xalq iradəsinə söykənməyən bu cür “seçkilər”in, “ümumxalq səsvermələri”nin üzərində  qurulan planlar istənilən fors-majorda yüngül bir müqavimətə dözmək imkanında olmur. Bəs, müqavimət üçün əsaslar varmı? Rusiyada orta və kiçik biznes, demək olar, bütünlüklə Putinə qarşıdır. Bir çox avtoritar postsovet ölkələrindən fərqli olaraq, Rusiyada biznes tam mərkəzləşməyib. Orta və kiçik biznes hələ ki müstəqil iradənin ifadəçisi kimi çıxış edə bilir. Üstəlik, böhran dövründə əhali arasında ən çox əziyyət çəkən məhz bu kateqoriyadır. Putinin iri biznesin hamisi rolunda çıxış etməsi geniş kütlələrin də narazılığına səbəb olub. Böhranın dərinləşdiyi belə bir vaxtda pandemiya məhdudiyyətlərindən sui-istifadə etmək, xalq etirazlarına imkan vermədən seçki keçirmək həmin etirazları mexaniki olaraq daha sonrakı, daha əlverişli vaxta təyin etmək deməkdir. Yəni, Putin üçün indiki referendum əslində xilas yolu deyil. Narazılığı “rəsmiləşdirmək” və bir ünvanda mərkəzləşdirməkdir. Rusiya ictimai rəyində belə bir fikir də var ki, bu referendum tək Rusiya tarixinin deyil, bəşər tarixində ən böyük “siyasi fırıldaq”dır.
Rusiya elitası nə düşünür?
Əvvəlcə deyim ki, Kremlin öz açıqlaması maraqlı olub. Putin administrasiyasından bildirıblər ki, onlar nəticənin belə yüksək olacağını gözləməyiblər: 78 faiz onları da müsbət mənada təəccübləndirib.
“Birinci Rusiya Respublikası yıxıldı. Düzünü desək, o, birinci deyil,  ancaq əvvəlki Respublika doğuşda öldürülmüşdü. Bu isə heç olmasa, üç onillik  yaşadı. Buna görə indikini “birinci” adlandırırıq. Ancaq heç bu da üç  onilliyi yaxşı yaşamadı. Başlanğıcdan ciddi travmalar aldı, demək olar ki, anadangəlmə deformasiyaya uğradı. Nəhayət, “prezident avtokratiyası” dövlət quruluşunu mənimsədi.” Bu sözləri tarixçi-publisist Aleksandr Skobov sosial hesabında yazıb.
Politoloq Kirill Roqov:
“Biz bu gün bəşər tarixinin ən böyük seçki fırıldağına şahid olduğumuzu bilməliyik. Bilmirəm, belə seçki tarixçəsi olubmu? Hər halda, dünyada talesiz cəmiyyətlər və uğurlu dələduzlar olub. Ancaq şübhə yoxdur ki, bu da fövqəladə bir hekayətdir”.
Sosioloq İqor Eydman:
“Putin 3-cü Napoleon və Hitler kimi ümumxalıq səsverməsi elan etdi. Buna qədər de-fakto dəyişikliklər artıq qəbul edilmişdi. Belə deyək: əvvəlcə bizi zorladılar, sonra isə məcbur etdilər ki, polis (seçki) məntəqəsinə gedək və deyək  ki, xoşumuza gəlir, yenə istəyirik. Zorlayanların kirayələdiyi klounlar televizordan bizi inandırmağa çalışdılar ki, ancaq birinci dəfə əzablıdır, sonra xoşumuza gələcək.”
Müxalifət lideri Qriqori Yavlinski:
“Cəmiyyət öz hüquqları sahəsində daha bir məğlubiyyətə uğradı. Fikrini ifadə etmək daha da çətinləşdi. Rejim göstərdi ki, ona cəmiyyətlə heç bir  müqavilə filan lazım deyil. Bununla onlar demək istəyirlər ki, cəmiyyət yalnız bizim yuxarıdan göstərişlərimizlə yaşamalıdır.“
Görünən odur ki, Rusiya siyasi mühiti iki yerə bölünüb: onun bir qismini inzibati aparat (satellitləri ilə birgə), digərini çox pis təşkilatlanmış narazı qüvvələr (öz dağınıq həmfikirləri ilə) təşkil edir. Rusiyanın arxasınca getmək istəyənlər varmı? Əlbəttə, dünyada Rusiyanı özünə model kimi  qəbul edən ölkələr uzaq Amerikada da, Asiyada da, Şərqi Avropada da var. Ancaq bu trendin uğurlu və uzaq gələcək vəd etdiyinə ciddi inam yoxdur. Dünya bazarında neft qiymətlərinin ucuzlaşması, pandemiya ilə mübarizədə uğursuzluq, iqtisadi cəhətdən zəiflik, daxili sosial və milli münasibətlər baxımından potensial münaqişə ocaqlarından olması Rusiyanın xarizmasını xeyli zədələyib. Bu amillər faktiki olaraq, Rusiyanı hərtərəfli zəiflədir.
Bəli, dünyanın siyasi aləmində daha bir Çar peyda olmaqdadır. Kremlin yeni Boz Çarının taleyinin isə özündən əvvəlkilərdən yaxşı olacağına heç bir məntiqli zəmanət yoxdur.


Seymur Həzi

Pressklub.az
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar