Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağı işğalda saxlayan Rusiyanı 27 il sonra nələr dəyişdi: 10 günlük savaşın gizlinləri...

7-10-2020, 08:08   


Azərbaycan 10 gündür əks-həmlə əməliyyatları həyata keçirir və orduya dəstək çıxışları istisna, heç bir dərin analizə, hadisələrin pərdəarxası təhlilinə rast gəlinmir.

Biz yalnız sevinc, coşqu, rəsmi açıqlamalar izləyir, düşmən ordusunun məğlubiyyət xəbərlərini eşidir, ermənilərin işğal edilən ərazilərimizdən qaçması və texnikasının sarsıdıcı zərbələrlə məhvi haqda video kadrları görürük. Xub! Pakizə!

Amma heç bir siyasi şərhçi və ya analitik bu bəlaları 27 il qabaq başımıza açan, 1 milyon vətəndaşın yuvasından didərgin düşməsinə səbəb olan, Xocalıdakı qətliamda 366-cı alayı iştirak edən, indiyə qədər münaqişənin sülh yolu ilə ədalətli həllinə əngəl olan əsas siyasi gücün - Rusiyanın əbədi müttəfiqi olan Ermənistanı nə üçün qəfildən yiyəsiz qoyduğunu izah etmir.


Yaxşı, müttəfiqlik bir yana qalsın, Rusiyanın Cənubi Qafqaza dominantlıq etmək üçün əsas silahı olan münaqişə ocaqlarından biri - Qarabağ düyününü hərb yolu ilə Azərbaycanın öz xeyrinə çözmək imkanını yaratması, müdaxilə etməməsi nə məqsəd güdür?

I Pyotrun dövründən bu əraziləri öz imperiyasının tərkibində bilən, Qarabağda yaşayan iki millətin ədavətindən, separatizmin alovlanmasından maraqları naminə istifadə edən, SSRİ-nin çöküşündən sonra postsovet məkanına nəzarət üçün Qarabağda, Cənubi Osetiyada, Abxaziyada, Dnestryanı ərazilərdə separatizmi dəstəkləyən ruslara indi nə oldu axı?

Moskvanın müharibəyə qarışmamasına səbəb təkcə sevmədiyi Paşinyan iqtidarından qisas almaq, onun devrilməsinə nail olmaqdırmı? - Yox!

Axı Nikolun gününü qara etmək üçün aternativlər var idi: silah-sursat təminatını kəsmək, oradakı müxalifəti gücləndirmək, Rusiyadakı erməniləri sıxışdırmaq, Ermənistana yetərincə iqtisadi basqılar etmək...

Amma Putin administrasiyası heç birini seçmədi. Yəni, Paşinyanı cəzalandırmaq üçün Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə neytral dayanmaq Kremlin tarixi bir qərarı sayılmalıdır.


Beləliklə, Anaxeber.info-nun Siyasət Şöbəsi sentyabrın 27-dən başlayan və artıq 10 günü tamam olan müharibə ilə bağlı sirr pərdəsi qalxmayan siyasi nüansların aydın mənzərəsini təhlil edə bilər.

İlk günlərdə eyforik görünən və nə baş verdiyi hələ mübhəm qalan proseslərin indi siyasi aspektlərinə mayak salmaq mümkündür.

Bəli, biz hərbi əməliyyatlar, əldə edilən uğurlar və taktiki gedişlər, artilleriya savaşı haqda müfəssəl şərh verə bilmərik.

Bu, hərbçilərin işidir və müzəffər ordumuz irəliləyir. Media isə hadisələrin siyasi tərəflərinə nəzər salmalıdır.

 

***

 

İlk növbədə Rusiya-Azərbaycan əlaqələrinə ekskursiya etməliyik. Kremlin başçısı Vladimir Putinlə prezident İlham Əliyev arasında ikitərəfli münasibətlərdə hansı sahədə anlaşmazlıq var? - Yoxdur.

Bakı Moskvanın hansı sözünü saymır, eşitmir arxa çevirir? - Heç biri. Putinin I vitse-prezident Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etməsi dövlətlərarası münasibətlərin inkişafından xəbər verir.

Azərbaycan enerji siyasətində Qərblə ixracat aparır, TAP, TANAP layihələri, İpək və dəmir yolları, Bakı-Tbilisi-Ceyhan neft kəməri var və Rusiyanın heç birində birbaşa iştirakı yoxdur.

Amma Moskva bundan narahat deyil və Azərbaycan hakimiyyətinə heç bir təzyiq göstərmir. Çünki iki ölkə arasında energetika sahəsində memorandumun imzalaması üçün hazırlıq görülür.

Rusiya şirkətlərinin Azərbaycanın enerji sektoruna investisiyalarının həcmi 4 milyard dollar təşkil edib. Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri ilə Rusiya neftinin tranzitinin həcmi 990 min ton təşkil edib.

İndi Moskva nədən narahat olsun ki?! Hələ üstəlik, regiona qədəmlərini qoyan, dünyada bir gücə çevrilən və Yaxın Şərqdən, Aralıq dənizi sahillərindən sonra Cənubi Qafqazda da strateji mövqeyini möhkəmləndirməyi hədəfləyən Türkiyə ilə əlaqələri pisləşdirsin?

Onsuz da Liviya və Suriyada Ankara ilə toqquşan, bundan böyük zərbələr alan ruslara indi Qafqazda türklərlə kəllələşmək, münasibətləri gərginləşdirmək lazım deyil.

Əksinə, bu yaxınlaşma sayəsində regionda Türkiyə-Rusiya və Azərbaycan formatında yeni iqtisadi layihələrin təməli qoyula bilər.

Ona görə həm Türkiyənin gücünə bələd olan, həm Azərbaycanla yaxşı münasibətlərə malik olan, Bakıdan pislik, soyuqluq, onu Qərbə dəyişməyi görməyəcəyinə arxayınlaşan Rusiya bu prosesə “hə” deyib.

Bəli, tarixi qərardır: Qarabağı ermənilərə hədiyyə edən ruslar indi müharibəyə qarışmır, müttəfiqlərini qorumurlar.

Biz deyə bilmərik ki, Moskva axıra qədər mövqeyində dayanacaq və Şuşaya bayraq sancılana qədər erməniləri köməksiz qoyacaq.

Hər halda Gürcüstan və Ukraynanı əldən çıxaran Kreml, Qafqazda müttəfiqini itirmək istəməz.

Amma ermənilərə “mənsiz heç kimsiz” olduğunu sübut etmək və Paşinyanı ayaqlarına düşüb yalvardana qədər bitərəf qalacaq.

Ən əsası Azərbaycanın başladığı irimiqyaslı əməliyyatlar və Türkiyənin siyasi - mənəvi dəstəyi qarşısında Rusiya 90-cı illərin əvvəlindəki Rusiya deyil.

Və Lavrovun dediyi, sonra Rusiya XİN-nin təkzib etdiyi 5 rayon məsələsi ən azından bu periodda reallaşacaq.

Amma Qarabağın tamamilə işğaldan azad edilməsi mümkündür, sadəcə, hərbi əməliyyatlar bir qədər uzanmalı olacaq.

Buna qədər isə Ermənistan həşir qoparacaq ki, bizi Azərbaycanın əlindən alın, atəşkəs imzalansın.

 

***

 

Rusiya-Azərbaycan əlaqələrinə nəzər saldıq, Türkiyə faktorunu analiz etdik, ABŞ seçkiyə başını qarışdırıb, İran çaşqın vəziyyətdədir və əsas detal - Moskva-İrəvan münasibətlərinə toxunmaqdır.

Bunun üçün yuxarıda Paşinyanla bağlı ilk sətirləri təkrar gözdən keçirə bilərsiniz və yenidən hazırkı abzasa qayıda bilərsiniz. Soruşulur ki, nə baş verdi?

Bəli, Moskva Bakıdan çox razıdır, Türkiyə-Rusiya əlaqələri də inkişaf edə bilər. Bəs, Ermənistan Rusiyaya münasibətdə hansı bağışlanmaz səhvlərə yol verib?

Bir, Paşinyan Saakaşvili olmaq istəyirdi. Necə ki, sabiq gürcü prezident anti-Rusiya siyasəti apardı və 2008-ci ildə 3 günlük müharibədə rus tanklar Tiflisə çatmışdılar.

Gürcüstan xalqı “Mişa”nı güclü qonşu ilə necə səhv oynadığını anladı, onu bağışlamadı. Abxaziya və Cənubi Osetiya itirildi.


Saakaşvili rusun gücünü bu dərəcədə hesablamamışdı. 2012-ci ildən iqtidarda olan indiki İvanaşvili hakimiyyəti isə Putinlə yola getməyə çalışır, amma ölkəsinin Avroatlantik məkana inteqrasiya kursundan da imtina etməyib. Paşinyan isə ağlını itirmişdi. Əvvəla, o, Soros Fondunun yetirməsi olsa belə, Saakaşvili qədər Qərbdə etimad qazanmamışdı.

İkincisi, Gürcüstandan fərqli olaraq, Ermənistan Rusiyanın müttəfiqidir və əbədi ağadan üz döndərmək tarixi xəyanətdir.

Paşinyan unudurdu ki, Şuşada yallı gedərkən bu torpaqları işğalda saxlayan ermənilər yox, ruslar olub. İndi get, Putin demişkən, daxili işini həll et!

Ermənistanın baş naziri isə rus dilli məktəbləri, rus telekanalları ölkədə bağlayıb, 102-ci hərbi bazanı çıxarmağa hazırlaşır, ABŞ-ın üç hərbi laboratoriyasının yaradılmasına imkan verib, Moskvanın adamı olan Köçəryanı həbs etmişdi, anti-rus ritorikanı gücləndirmişdi, bu azmış kimi, Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında rəsmi protokol qaydalarını kobud şəkildə pozaraq Putinə söz verməmişdi. Unudularmı?

Və elə bilirdi ki, gürcülər kimi rusun orbitindən qopub Avropa Birliyinə doğru gedəcəklər, şengen vizasına ehtiyacı olmayacaq, Qərb onu qoruyacaq.

Hətta Köçəryanın həbsi barədə Putinə demişdi ki, daxili işimizdir. İndisə Putinə atəşkəs üçün 5 dəfə zəng edib və rus prezident imtina cavabı verir ki, bu da daxili işinizdir...

Kəsəsi, Moskva regionda hakimdir və Belarusda Lukaşenkonu xilas edərək, əslində öz gücünü saxlamağa müvəffəq olduqdan sonra Ermənistanda hakimiyyət dəyişikliyini gerçəkləşdirib öz komandasını iqtidara gətirəcək.

Gürcüstanda amerikanpərəst Saakaşvili devrilib və İvanaşvili ruslarla hesablaşır, Azərbaycanla əlaqələri yüksək səviyyədədir, Qarabağın işğaldan azad olunmasında problem, özü üçün maneə görmür, hakimiyyət yenə Moskvanı qəbul edəcək, sayacaq. Vay Paşinyanın halına... 

AnaXeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar