Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İkinci Qarabağ savaşında “Putin atəşkəsi” - Bakı Tiflisin taleyini istəmədi...

11-10-2020, 09:38   


Bir sutkada suya düşən “Putin atəşkəsi” - Moskvaya niyə getdik? 

Qarabağda gedən 13 günlük müharibə haqda cəmi ikinci təhlilimizi təqdim edirik. Bundan əvvəlki məqalədə ritorik sual etmişdik - necə olur 27 il öncə 20 faiz ərazilərimizi erməniyə bağışlayan rusların hazırkı lideri indi “iki ölkənin işinə qarışmırıq”, “Döyüş Ermənistan ərazisində getmir” söyləyir, qarışmır, işğala son qoyulmasına müdaxilə etmir... 

Bəli, etdi. Hərb yox, siyasi təzyiq rıçağı ilə! 

Bunu elə prezidentin köməkçisi Hikmət Hacıyev də təsdiqlədi - bizə müxtəlif müxtəlif təzyiqlər var: “Biz bu kimi təzyiqləri çox görmüşük. Bundan sonra da istisna deyil ki, bu təzyiqlər olacaq”.

Beləliklə, Rusiyanın başkəndi Moskvada 10 saatlıq gərgin müzakirələrin yekunu “Putin atəşkəsi” kimi tarixə düşməlidir. 

Anaxeber.info-nun qənaətinə görə, bu, əslində Azərbaycanın Ermənistanla yox, onun ağası Rusiya ilə atəşkəs razılaşması idi. 

Əgər biz yalnız erməni işğalçıları ilə həm döyüş, həm diplomatiya meydanında mübarizə aparmış olsaydıq, əminliklə iddia etmək olar ki, oktyabrın sonunda Xankəndinə Azərbaycan bayrağı sancılacaqdı.

Biz xalq və dövlət olaraq aydın şəkildə amansız ədalətsizliyin bir daha şahidi olduq - Qarabağ erməni yox, rus işğalındadır. 

Yoxsa, kim inanar ki, Ordumuzun təchiz edildiyi müasir tenikanın, PUA-ların, dronların qarşısında erməni uzun müddət tab gətirə biləcək?! 

Elə humanitar atəşkəsin qüvvəyə mindiyi gün razılaşmanı pozan erməni tərəfinin atəşlərinə necə sərrast zərbələrlə cavab verildiyi, düşmən qurğularının məhv edildiyi video görüntülərdə öz əksini tapırdı. 

Bu müharibə tamamilə ermənilərin mif olduğunu isbatladı -texnika zəif, əsgəri müti, silahı atıb qaçırlar, Xankəndi və Şuşa atəş altında, işğaldakı ərazilərin çoxunda yaşayış yox imiş, buyurun, 13 günə Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, 34 kənd və yüksəkliklər...

Daha 13 günə biz Füzuli, Laçın, Kəlbəcər, Ağdərəni azad edə bilərdik. Amma siyasi təzyiqlər bizi masaya oturtdu. 

O üzdən oktyabrn 9-dan 10-na keçən gecə saatlarla davam edən danışıqların nəticəsini Moskva-Bakı anlaşması kimi qiymətləndirməliyik. 

Buna zərrə qədər şübhəsi olan varsa, 12 il əvvələ - Rusiya ilə Gürcüstanın 5 günlük dəhşətli müharibəsini yada salsın. 

2008-ci il, avqustun 8-də isə Gürcüstan ordusu Cənubi Osetiya ərazisinə daxil olur. Elə həmin gün Rusiyanın ozamankı  prezidenti Dmitriy Medvedyev “Gürcüstanın sülhə məcbur edilməsi əməliyyatı”nın başlanmasını elan edir.

Gürcülər öz torpaqlarını separatçılardan (eynilə bizim kimi - red) təmizləmək qərar verir və sonrakı hərbi əməliyyatlar Gürcüstan üçün çox ağır nəticələrə səbəb olur. 

Bir neçə sutka ərzində Rusiyanın 58-ci ordusunun hərbçiləri Cənubi Osetiyanın hərbi qrupları və Kodor aşırımındakı abxaz qüvvələri ilə birgə Gürcüstana daxil olurlar. Dəhşət! 

Hərbi əməliyyatlar bölgəsinə həmçinin Rusiyanın 76-cı Pskov desant dviziyası göndərilir. 

Əməliyyatlarda Rusiya Hərbi Hava Qüvvələri də fəal iştirak edirdilər. Rusiya ordusu paytaxt Tiflisin ətrafını, Batumini, liman şəhəri Potini və Zuqdidini bombalayırdı. 

Hərbi əməliyyatlar avqustun 12-dək davam etmişdi. Gürcüstan ordusunun bütün səylərinə baxmayaraq, Qərb mətbuatının yazdığı kimi, Rusiyanın yüzlərlə zirehli texnikasından ibarət “dəmir yumuruğu”nu dayandıra bilmir. 

Rusiya hərbçiləri paytaxt Tiflisin cəmi 25 kilometrliyində dayanırlar. Yəni Saakaşvili anlayır ki, yarım saat da müharibəni davam etdirsə, rus tankları Tiflisin mərkəzində gəzəcəklər. 

Yalnız beynəlxalq vasitəçilərin, xüsusən Fransanın o zamankı prezidenti Nikola Sarkozinin səyləri nəticəsində ruslar Tiflisə girmədilər. Sarkozi Saakşvilini rusların qisasından qorumaq üçün Tiflisə gəlmişdi.

16 avqustda Cənubi Osetiya, Abxaziya, Gürcüstan və Rusiya prezidentləri münaqişənin sülh yolu ilə nizamlanması planını imzalayırlar. 

26 avqustda isə Rusiya rəsmi şəkildə Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyır. 

Sentyabrın 2-də isə Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsir. Bununla da Saakaşvili iqtidarı daxildə ciddi zərbə alır və xalq rusla savaşa hansı ağılla girdiyinə görə onu qınayır. 

Əvəzində Cənubi Osetiya və Abxaziya itirilir, yalnız 4 il sonra hakimiyyətə gələn İvanaşvili hakimiyyəti Rusiya ilə əlaqələri bərpa etməyə nail olur.

Anaxeber.info bildirir ki, Azərbaycan hakimiyyəti Rusiya faktorunu gözəl dərk edir, prezident İlham Əliyevlə həmkarı Vladimir Putin arasında münasibətlər yaxşıdır, Bakı Moskva ilə özünü pis eləmək istəmir, bu əks-hücum əməliyyatlarına da Kremlin qarışmayacağını bildiyi və razılığını aldığı üçün başlamışdı, ən əsası Rusiya Cənubi Osetiya və Abxaziya kimi qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanımır.

Bu amilləri, Rusiyanın nəhəngliyini, Cənubi Qafqazdakı dominantlığını, Gürcüstanın yaşadığı dərsləri nəzərə aldığına görə Azərbaycan tərəfi siyasi səhvə yol vermədi, Moskvanı saydı və Putinin çağırışı ilə danışıqlar masasına oturdu. Amma qalib kimi...

Bir, İ.Əliyevin dediyi kimi status-kvo dəyişdi, təmas xətti yoxdur, erməni baş nazir Nikol Paşinyan dünya liderlərinə yalvarışları ilə diz çökdü, bundan sonra “Qarabağ Ermənistandır” çətin desin və Şuşada başına uçurulan o binada çətin ki bir də inaqurasiya keçirsin. 

İkinci, Xankəndidə ermənilərin zirzəmilərə sığınması, şəhərdən qaçması onları qəflət yuxusundan oyatdı və Ordumuzun gücünə bələd oldular. 

Ən əsası əlimizdə 1 şəhər, 1 qəsəbə, 34 kənd, düşmən ordusundan qənimət və yüzlərlə erməni leşləri döyüş meydanında var...

Əlbəttə, bu nəticələr əməliyyatları sona çatdırmağı diktə edirdi. Amma biz erməniyə və dünyaya nümayiş etdirdik ki, onunla döyüşmürük. Qarşımızda güclü Rusiya var, Gürcüstanın taleyini yaşamaq istəmirik. 

Çünki Putin Paşinyanı sevməyə bilər, amma Rusiyanın müttəfiqi Ermənistanı tamamilə tək, məğlub buraxmaz. Biz hələlik bura qədər bacardıq, hərbi üstünlüyümüzü siyasi təzyiqlər tormozladı. 

Unutmaq olmaz ki, Fransa, ABŞ, Rusiya, Almaniya kimi böyük dövlətlər atəşkəs üçün bizə təzyiqlər edirdilər. Bu, elə də asan deyil. 

Biz rus tanklarını Bakının 25 kilometrliyində görmək istəmirik. Biz Gürcüstan kimi Rusiya ilə əlaqələrin kəsilməsini istəmirik. 

Həmçinin separatizmdən əziyyət çəkən, Donbas və Luqanskda istədiyinə nail ola bilməyən Ukraynanın aqibəti ilə də qarşılaşmaq niyyətimiz yoxdur. 

Hətta Türkiyə kimi strateji gücə çevrilən və qüdrətli ordusu olan dəstəyimiz varsa belə, Qarabağın açarı hələ də Kremlin soyuq divarları içində saxlanır. 

O baxımdan 13 gün möhtəşəm birlik nümayiş etdirən xalqımız  soyuqbaşla xarici təsirləri analiz etməlidir. 

P. S. Və heç nə bitməyib, qan bahasına Cəbrayıl azad edilib, humanitar atəşkəs pozulmaqdadır, Gəncədə erməni terroru nəticəsində yaşayış binası dağıdılıb, 5 sakin ölüb, 28 yaralı var, düşmənin polkovniki və artilleriyası gecə saatlarında məhv edilib və saatlar Moskva vaxtını göstərmir... Atəş kəsilmədi!!! 


Anaxeber.info

Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar