Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Lavrov razılaşması” buxarlandı: müharibənin 20-ci günündə kim nə istəyir?

16-10-2020, 08:33   


 

Moskva görüşünün soyuq gecəsini düşünün. O ağır və bədnam axşam cəmi Azərbaycan olaraq ürəyimiz ağzımızda idi - ilahi, atəşkəs olmasın!

“Lavrov razılaşması”nın ertəsi cəmiyyət süst, ölüvay və mühakimə  ovqatındaydı - təslim olmuşuq, rus yenə bizi masaya oturdu...

Biz 10 saatdan çox davam edən danışıqlardan sonra yazırdıq ki, dünya və region dəyişir, isterikaya qapılmayın, tələsməyin, təslimçilik ruhu qəbuledilməzdir, heç nə qurtarmayıb və Azərbaycan dövləti naşı deyil.

Anaxeber.info məlumat verir ki, məlum humanitar atəşkəsdən, yəni 10 oktyabrdan təxminən bir həftəyə yaxın vaxt keçir və heç bir sövdələşmə əldə olunmayıb. Və heç bir atəşkəsdən, heç bir cəsəd götürülməsindən söhbət gedə bilməz.

Beləliklə, Rusiyada XİN başçılarının gərgin müzakirələrlə yekunlaşan bəyannaməsinin üstündən xətt çəkə, sevinə və yeni mərhələyə baxa bilərik. İlham Əliyevin dediyi kimi; Paşinyan nə qədər qalsa yaxşıdır.

Kəsəsi, ilk günlərdə proqnozumuz döyüşlərin 20-ci günündə təsdiqini davam etdirməkdədir - Moskvada heç bir nəticə olmayıb.

Bu diaqnozlar ondan ibarət idi ki, Rusiya prezidenti Vladimir Putin erməni baş nazir Nikol Paşinyan siyasi meyit olana qədər proseslərə aşkar, qaba müdaxilə etmək fikrindən uzaqdır.

İkinci versiya və yeni geopolitik reallıq isə Putinlə türkiyəli həmkarı Ərdoğan arasında müharibə günlərində ilk dəfə Qarabağ haqda telefon zəngidir. Moskva Ankaranın masada olduğunu qəbul və etiraf edir.

Bundan əlavə, Moskva görüşündən sonra Kremldən hansı çağırış olub? Putinlə Əliyev arasında hansı təmas baş tutub? Rusiya tərəfləri yenidən nə zaman humanitar atəşkəsə əməl etməyə çağırıb? Olmayıb, istəməyib, bitib bu məsələ!!!

Deməli, Minsk Qrupunun həmsədrləri üçlük yox, dördlük formatından ibarət olacaq. Kreml buna istəməsə belə razılaşmaqdadır.

Biz Azərbaycan rəsmilərinin ilk günlərdə verdiyi açıqlamaları gözardı edə bilmərik. Prezident köməkçisi Hikmət Hacıyev Türkiyənin masada olduğunu deyəndə bəziləri ağız büzdü, inanmadı, növbəti günlərdə Moskva görüşünün yaratdığı məyusluq cəmiyyəti ruhdan saldı və...

Və buyurun, proseslər milli maraqlar naminədir - Türkiyə masadadır, ATƏT-in həmsədr dövləti olacağı bu gün - sabah məsələsidir, Ankara formal olaraq 72 saatlıq humanitar atəşkəsə uyğun diplomatik riayət etdi, açıqlama yaymadı, əvəzində bizdə buna görə türklərin siyasi və mənəvi dəstəyinin kəsildiyinə dair gümanımız yarandı. Amma nə yaxşı ki yanıldıq...

Ərdoğanın yenidən çıxışları, fəallaşması, Çavuşoğlunun açıqlamaları, Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqunun zəngləşməsi, həmçinin, türk TV-lərinin İ.Əliyevdən ardıcıl müsahibələri, prezidentin kəsərini azaltmayan, sərtliyini yumşaltmayan mesajları göstərdi ki, müharibə hələ indi başlayır - amma Rusiyanın da neytrallığı öz yerində...

Bir sözlə, Tovuz döyüşlərindən bəri hərbi təlimlərə gələn türklər öz qüvvəsini geri çəksə də, siyasi dəstək əsirgənmir, Moskva Ankara ilə nəinki toqquşmaq istəmir, bunun başağrı olacağını hesablayır, ən əsası, Kremlin Paşinyana qəzəbi soyumayıb, rəsmi İrəvan isə vabank gedir.

Odur ki, bütün siyasi dayaqlarını itirmiş Paşinyan sazişə əməl etmədiyi üçün işğal edilmiş bölgələri humanitar atəşkəs dövründə də itirməkdə davam edir. Artıq Moskva anlaşmasından bu yana - 6 günə 13 kənd azad olunub!!!

O deməkdir ki, bundan sonra da Rusiya kobud müdaxiləni ağlından keçirmir. Amma hara qədər, Moskvanın dözümü və razılığı nə qədərdir, bizim haçana kimi vaxtımız var?  - Bu suallar indi önəmlidir.

Belə görünür ki, Paşinyan isterikadan ayıla bilmir və torpaqların əldən getməsi naminə ölkəsini Avropa Birliyinin üzvü etmək xülyasındadır.

Ermənistanın Aİ ilə “Şərq Tərəfdaşlığı” sazişini imzalaması Paşinyana arxayınlıq verib ki, ölkəsi Gürcüstan kimi Avroatlantik məkana inteqrasiya edəcək. Lakin Paşinyan ermənilərlə gürcülərin fərqini unudub!

Çünki “Böyük Ermənistan” ideologiyası ilə yaşayan, Avropada, Amerikada, dünyanın ən ucqar nöqtələrində illərlə milyonlar xərcləyən erməni lobbisi, diaspora təşkilatları Paşinyanın ətini çeynəməyə, qanını içməyə hazırdırlar.

Onlar üçün “Artsax” anlayışı əvəzsiz ideya, şovinist bir arzudur, ikinci erməni dövləti qurmalıdırlar, pullara da buna görə axır.

Paşinyan isə Soros Fondunun yetirməsidir, liberal xəyalları var, Saakaşvili kimi ölkəsini fərqli istiqamətə yönəltmək istəyir, bu yolda Qarabağın Azərbaycana qayıtmasına belə razıdır.

Dediyimiz kimi, Paşinyan ermənilərlə gürcülərin fərqini unudub, bu gedişlə xalqı onu xain kimi gilyotinə verməyə hazırdır.

O baxımdan fürsətdir, Putin onun devriləcəyi, yerinə seçki yolu ilə öz kadrını gətirəcəyi tarixə qədər prosesə qarışmır, bu zaman ərzində isə rahatlıqla işğala son qoyub, “Qarabağ Azərbaycandır” ürəklə deyə bilərik. Vaxt bizə işləyir...

Yeri gəlmişkən, Qafqazda Türkiyə-Rusiya toqquşmasından narahat olanlar var, onlara görə həyəcanlanmayın, iki güclü dövlət hara qədər nə edəcəyini yaxşı bilir.

Əgər Putinlə Ərdoğan zəngləşibsə, Türkiyə masadadır deyilibsə, Moskvanın rəsmi açıqlamasında Ankaranın danışıqlarda iştirakına dolayısı ilə müsbət baxılıbsa, qəti qorxusu yoxdur...


Anaxeber.info
 Turan


 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar