Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Trampın seçkidə “erməni kartı”: Bakıya sıxma - boğmanın gizlinləri...

28-10-2020, 08:38   


 

Noyabrın 3-də keçiriləcək prezident seçkilərinə 10 gün qalmış Tramp administrasiyasının erməniyə mərhəmət hissləri baş qaldırmaqdadır.

ABŞ-da erməni seçicilərin səsini qazanmaq üçün prezidentin komandasından Azərbaycana və Türkiyəyə qarşı təzyiqlər başlanıb.

Anaxeber.info xatırladır ki, təcrübəli siyasətçilər və təhlilçilər üçün baş verənlər təəccüb doğurmur. Barak Obama da seçkiqabağı erməni elektoratın səsini əldə etmək üçün qondarma soyqırımı tanıyacağını söyləyirdi, Amerikadakı erməni lobbisinə şirnikləndirici vədlər verirdi.

Amma seçkidə qalib gəldikdən sonra heç birini yerinə yetirmədi. Tramp administrasiyası da seçkilərə sayılı günlər qalmış analoji addımlar atmaqdadır.

Amerikada 483.366 nəfər erməni yaşadığı deyilir. Müxtəlif mənbələrdə bu rəqəm 800.000 ilə 1.500.000 arasında göstərilir. Amerika ermənilərinin 160 mindən çoxu Kaliforniya ştatının ərazisində yaşayır.

Bu seçicini qazanmaq, ermənilərin gözünə kül üfürmək üçün müvəqqəti effektsiz və nəticəsiz təzyiqlər gözlənilən idi. Baxmayaraq ki, Ceyhun Bayramov Pompeo ilə görüşdən qayıdarkən məmnun görünürdü.

Lakin Vaşinqton səfərindən çox keçməmiş ABŞ-dan bədxassəli mesajlar gəlməyə başladı. Əvvəlcə, rəsmi Bakını dəstəkləyən Ankara sanksiya ilə hədələndi. Buna cavabında isə Türkiyə prezidenti Ərdoğan unikal reaksiya verdi.

Sitat: “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandıq. İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və?

Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gec qalma, et!”

Əlbəttə, Türkiyə ilə müttəfiq olan dövlətin tərəfdaşını sanksiya ilə təhdid etməsi başadüşülən deyil. İkincisi, Ərdoğan çox sanksiyalar görüb və Türkiyəni bununla sarsıtmaq, diz çökdürmək mümkünsüzdür.

Əksinə, Vaşinqtonun Ankaranı sıxma-boğmaya salması Türkiyənin ABŞ-ın görməyə gözü olmayan Rusiya və İranla daha da yaxınlaşdırır.

Lakin ABŞ-dan hədyanlar və qərəzli ittihamlar səngimədi. Bu dəfə Ağ Evin milli təhlükəsizlik müşaviri Robert O’Brayen Azərbaycanı günahlandırıb.

Onun sözlərinə görə, ABŞ Azərbaycanı Dağlıq Qarabağda atəşkəslə razılaşmağa razı salmağa çalışır.

“Prezidentin tapşırığı ilə bütün həftə sonunu Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında vasitəçilik etməyə çalışdıq.

Ermənistan atəşkəsə razılaşdı, Azərbaycan hələ yox. Biz onları buna təşviq edirik” - Trampın müşaviri iddia edib.

Bu, qarayaxmanın və təzyiqin, ermənilərə jestin tərkib hissəsidir. Tramp onların səsini almaq üçün görün nələrə əl atır?!

İlk növbədə humanitar atəşkəsə riayət etməyən Ermənistandır. Nə Moskva razılaşmasına, nə sonrakı anlaşmalara əməl ediblər.

Gəncəyə iki dəfə raketlə vurulması, dinc sakinlərə terror olunması, həmçinin, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi və digər istiqamətlərdə yaşayış məntəqələrinin atəşə tutulması hansı tərəfin atəşkəsə razılaşmadığını əks etdirir.

Lakin Robert O’Brayenin sözlərindən belə çıxır ki, guya biz atəşkəsə əməl etmirik.

Halbuki, Ağ evin müşaviri dilinə gətirməliydi ki, Ermənistan BMT-nin 4 qətnaməsini, o cümlədən digər beynəlxalq təşkilatların qətnamələrini icra etmir. Habelə, bildirməliydi ki, işğalçı qüvvələr qoşunlarını Qarabağdan çıxarsınlar və o zaman dayanıqlı atəşkəs mümkündür.

Amma ABŞ təzyiq siyasətini ittiham leksikonunda həyata keçirir və bizi atəşkəsə razı olmamaqda suçlayır.

Sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları ilə bağlı aktiv mövqe bildirməyən ABŞ-ın indi fəallaşması sırf 3 noyabr seçkilərinə hesablanıb.  

Nəhayət, bu təzyiqlərin qərəzli tərəfi informasiya siyasətidir. Söhbət Amerikanın məşhur “Fox News” kanalının prezident İlham Əliyevdən götürdüyü müsahibədən gedir. Dövlət başçısına qərəzli, təhrif edilmiş məlumatlara istinadən ünvanlanan suallar göstərirdi ki, məqsəd nədir.

Jurnalistin az qala tərəfkeşliyi, Xankəndində dinc əhalini bombalamaqda, Şuşadakı kilsəni vurmaqda bizi ittiham etməsi, daha sonra müharibə gedən ölkənin əhvalına uyğun olmayan siyasi xarakterli sualları, demokratiya, insan haqları, müxalifət, korrupsiya haqda dedikləri tam bir qərəzin göstəricisi idi.

Amma İ.Əliyevin master-klass keçməsini, verdiyi cavabların tutarlılığını, jurnalisti yerinə oturtmasını xüsusi qeyd etmək lazımdır.

Xüsusən demokratik seçkilər haqda suala prezidentin “ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş” söyləməsi şahmat taxtasında şah gedişi idi.

Həmin müsahibə haqda çox danışmaq olar, lakin əsas leytmotiv dünyanın aparıcı KİV-lərinin son günlərdə prezidentdən götürdüyü müsahibələrdən ciddi şəkildə fərqlənməsidir.

Eyni qərəzi Fransanın “Le Figaro” nəşri də nümayiş etdirdi. “Fox News” isə Tramp administrasiyasının qısamüddətli təzyiqlərinin bir parçasıdır.

Amma Vaşinqtonun davranışlarının heç bir təsiri olmayacaq, 3 noyabrdan sonra tam fərqli açıqlamalar görəcəyik və Azərbaycanın Rusiya ilə münasibətlərinə müsbət mənada töhfəsini verəcək.


Anaxeber.info
 Turan

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar