Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ərdoğanın “qırmızı xətt” xəbərdarlığının pərdəarxası

30-10-2020, 08:46   

Bu, Prezident İlham Əliyevin bir neçə gün öncə verdiyi “kənar müdaxilə olsa, ”F-16"-ları qarşılarında görəcəklər" bəyanatının davamıdırmı? 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığının təfərrüatlarını açıqlayıb. Ərdoğan deyib: “Putinlə danışdıq. Dedim ki, Qafqazdakı bu işə son verək... Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla... Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz!!!
Bizə deyirlər ki, Suriyadan Azərbaycana silahlı göndərirsiniz. Mən də Putinə söylədim ki, 2 min civarında PKK və YPG-lilər erməni tərəfində savaşırlar. Deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə, dedim. Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm... Əks təqdirdə, lazım olanı edərik...
Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. Rəbb yar və yardımçıları olsun!.."
Qardaş ölkənin prezidenti “qırmızı cizgi” deyəndə nəyi nəzərdə tuturdu? Bu, Prezident İlham Əliyevin bir neçə gün öncə verdiyi “kənar müdaxilə olsa, ”F-16"-ları qarşılarında görəcəklər" bəyanatının davamıdırmı?  Yoxsa PKK və YPG-nin Qarabağda yerləşdirilməsimi nəzərdə tutulur?
Arzuxan Əlizadə - VHP
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Ərdoğan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı davamlı olaraq çox ciddi açıqlamalar verir. O, Rusiya prezidenti ilə son telefon danışığında da Türkiyənin sona qədər Azərbaycan dövlətinin yanında olacağını növbəti dəfə tərəf müqabilinin diqqətinə çatdırmış, danışığın detallarını açıqlamaqla isə həm də Türkiyənin bu mövqeyini bir daha açıq şəkildə dünyaya bəyan etmiş oldu: “Prezident Ərdoğanın 30 il ərzində Minsk Qrupunun problemin həllindən daha çox mövcud vəziyyətin saxlanılmasına yönəlik fəaliyyətinin yolverilməz olması və məsələnin birmənalı olaraq yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə  başa çatdırılmasının mümkünlüyünü yenidən dilə gətirməsi həm də ermənilərə dəstək verən ölkələrə çox ciddi bir mesajdır. 
Türkiyə Prezidenti rusiyalı həmkarı ilə danışığı zamanı iki min nəfər civarında PKK və YPG silahlılarının müəyyən məbləğ qarşılığında erməni silahlıları ilə birlikdə Azərbaycana qarşı vuruşması ilə bağlı detallı kəşfiyyat  məlumatlarına malik olduqlarını deyərək, Türkiyənin bu məsələyə seyrçi qalmayacağını dilə gətirməklə həm Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlik fəaliyyətin, həm də PKK, YPG silahlılarının regionda mövcudluğunun Türkiyə üçün qırmızı çizgi olduğunu xüsusi olaraq Rusiya prezidentinin nəzərinə çatdırıb. Bu əslində elə qırmızı çizgilər keçilərsə Türkiyənin daha aktiv surətdə müharibəyə qatılacağını diqqətə çatdırmaq anlamına gələ bilər. Məsələnin belə qoyuluşu onu deməyə əsas verir ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycana mənəvi dəstək olaraq ölkəmizdə olduqları deyilən və təbii ki, qarşı tərəf üçün çəkindirici amil rolu oynayan “F-16”ların ehtiyac yaranarsa, döyüşə hazır vəziyyətə gətiriləcəyi istisna deyil".
Tural Abbaslı cəbhədəki vəziyyətlə bağlı münasibət bildirib
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, prezident Ərdoğan bununla bir daha özünün prinsipial mövqeyini ortaya qoyub. Putinin şəxsən özünə deyib ki, sonadək Azərbaycanın yanında olacaq: “Türkiyə prezidenti bununla həm də rusiyalı həmkarına dolayısı ilə deyir ki, biz Ermənistan dövlətinin sizin sözünüzlə oturub durduğunu bilirik, Ermənistanın ipini çək. Mən düşünürəm ki, cənab Ərdoğan əslində Azərbaycanın qırmızı xətlərini Putinə xatırladıb və qırmızı xəttin keçilməsini qəbul etməyəcəyinə bəri başdan xəbərdarlıq edib. Məncə, Türkiyə lideri Rusiya hərbi birləşməsinin Azərbaycan sərhədinə-cəbhə xəttinə yerləşdirilməsinə işarə edib və qırmızı xətti keçmək məsələsini buna görə xatırladıb. Bu xəbərdarlığın içində  “F-16”da nəzərdə tutula bilər. Hər halda, mən iki prezidentin telefon danışığını faydalı və Azərbaycanın xeyrinə hesab edirəm”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar