Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağ niyə Suriyaya çevrilmədi: Putinin Ərdoğanla burun-buruna gəlməməsinin - Gizlinləri

4-11-2020, 10:22   

 

Rusiya Qarabağ münaqişəsinin həllində orbitr rolunu oynamaq üçün yenidən fəallığını aktiv fazaya keçirib. Anaxeber.info bu qənaətdədir.

Belə ki, noyabrın 3-də səhər saatlarında əvvəlcə, prezident Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı olduğu xəbəri yayıldı.

Gedən döyüşlərin müzakirə edildiyi haqda rəsmi informasiyadan kənar ipucu verilmədi. Günün ikinci yarısında isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “zühur” etdi və iynəli açıqlamalarla çıxış etdi.

Onun sözlərinə görə, Putin gündəlik münaqişənin həlli üçün səylər göstərir. Bunu ütülü bir pozitiv ismarış kimi qiymətləndirmək olar.

Lakin əlavə edir ki, Qarabağa “Yaxın Şərqdən silahlıların cəlb olunması” Rusiyada narahatlıqla qarşılanır. Onların sayı 2 minə yaxındır.

Doğrudur, XİN rəhbəri onların hansı tərəfdən “döyüşdüyünü” açıqlamır. Lakin son günlərdə bu yöndə Türkiyə və Azərbaycana qarşı əsassız ittihamlar səngimir.

Halbuki, Livan, Suriya, Fransa, İspaniyadan kifayət qədər könüllü Qarabağa gələrək separatçı rejim tərəfdən vuruşurlar.

Bununla belə, olsun, Lavrov ürəkli danışmır və konkretləşdirmir. Görünür, Putinin hadisələrə yanaşması ona açıq danışmağa imkan vermir.

Əslində Moskvanın ibarəli eyhamları daha çox rəsmi Ankaraya yönəlikdir. Bu, tərəflərin Suriya və Liviyadakı toqquşmalarından qaynaqlanır.

Sadəcə, Rusiya eyni səhvi Cənubi Qafqazda təkrarlamaq istəmir və “mehriban düşməni olan” Türkiyə ilə bu məsələdə dərinə getmir.

Əgər başqa bir beynəlxalq şərait və əyyam olsaydı, Kreml Türkiyə tərəfindən suriyalı muzdlu döyüşçülərin “gətirildiyini” bəhanə edərək proseslərə hərbi müdaxilə edəcək, ermənilərə yardım göstərəcəkdi.

Amma bu dəfə geosiyasi reallıq 180 dərəcə fərqlidir: birincisi, Putinin Paşinyanı qorumaq niyyəti yoxdur, Qərbə satılan Ermənistanı itirdiyini bilir, bu xain forpost üçün özünü daha Türkiyə və Azərbaycanla pis eləmək istəmir, ikincisi, Türkiyə ilə üçüncü cəbhədə müharibə aparmaq fikri yoxdur.

Əks təqdirdə, Qarabağ əraziləri Suriyaya çevrilə bilərdi - müxtəlif silahlı qruplaşmalar, “Vaqner”lə “Bordo berelilər”in toqquşması və ilaxır...

Bütün bunlar isə Şimali Qafqaz (buradan İŞİD-ə qoşulmuş simpatizanlar var) kimi dini baxımdan həssas bir regionu güclə nəzarətində saxlayan Rusiyaya lazım deyil və Cənubi Qafqazda yeni cəbhə açmaq istəmir.

Odur ki, bəzi Qərb analitiklərinin proqnozları puç çıxdı, Türkiyə və Rusiya Qarabağda burun-buruna gəlmədilər, region Suriya və ya Liviyaya çevrilmədi.

Ona görə də Lavrov ad çəkmədən, işarəli danışır və “acı bağırsaq” kimi uzatmır. Çünki onun açıqlamasından bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Putin arasında telefon danışığı baş tutmuşdu və muzdlu döyüşçü məsələsinə toxunulmuşdu, “qırmızı xətt” mesajı verilmişdi. Bu, Putin üçün ciddi xəbərdarlıq idi.

Ərdoğan konkret olaraq bildirirdi: “Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz”.

Türkiyə prezidenti sentyabrın 27-dən bəri belə sərt açıqlama yaymamışdı. Ərdoğan “Putinə söylədim ki, hazırda kəşfiyyat vasitəsilə təsdiq etdiyimiz 2 min civarında PKK və YPG-lilər Ermənistandan aldıqları 600 dollar maaşla orada savaşırlar.

Mənə deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə dedim” söyləməklə nida qoydu.

İndi Lavrov da həmin 2 min muzdlunun Qarabağda döyüşdüyünü bildirir və konkretləşdirmir. Ərdoğan isə konkretləşdirir - erməni tərəfdən...

Türkiyənin bu məsələdə mövqeyi açıq-aydındır, erməni işğalçıları Qarabağdan çıxsınlar.

Rusiya eyni səmimi bəyanatı verməsə də, beynəlxalq konvensiyaları, özünün Suriya və Liviya döyüşlərindən sonrakı vəziyyətini, Türkiyənin gücünü, Ankara ilə regiondakı gələcək layihələrini, Paşinyanı cəzalandırmasını nəzərə alaraq, ən azından qarışmır. Elə bizə də bu bəs edir. Heç kəs mane olmasın, özümüz düşmənlə məsələni həll edə bilirik.

Lavrov da Ankara faktorunu kənara qoymayıb, açıqlamasında danışıqlarda 2+2 formatına dolayısı ilə pozitiv yanaşdıqlarını söyləyib. Söhbət Rusiya-Ermənistan, Türkiyə-Azərbaycan masasından gedir.

Ancaq hələlik bu görüş çətin baş tutsun. Hərb meydanındakı üstünlüyümüz baxımdan danışıqlar masasına oturmaq sərfəli deyil.

Onsuz da Ermənistan qrafik təqdim etmirsə və Paşinyan “Son nəfəsimizə qədər” bəyan edirsə, silahlar susmayacaq.

Rusiyanın vaxtaşırı açıqlamaları və özünü münaqişənin həllində aktiv vasitəçi kimi göstərmək siyasəti isə bizi narahat etməməlidir.

Çünki rəşadətli Ordumuz Ermənistan silahlı qüvvələrinə, separatçı rejimin terrorçularına və onların gətirdiyi 2 min PKK/YPG muzdlularına qarşı mərdi-mərdanə savaşır, düşməni gözünü açmağa imkan vermir, Rusiya işğalçılara aşkar dəstək nümayiş etdirmir, Qarabağ Suriyaya, böyük oyunçuların qlobal müharibə meydanına çevrilə bilmir...


Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar