Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağda sülhlə bağlı 7 sual: Moskva daha əvvəl işə niyə qarışmayıb?

15-11-2020, 19:12   


44 günlük qanlı münaqişə 10 noyabr gecəsi dayandırıldı. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı müharibəyə son qoymaq barədə müqavilə imzaladılar.
Bu razılaşmaya əsasən, erməni tərəfi Dağlıq Qarabağın əhəmiyyətli ərazilərini və onun ətrafındakı bütün işğal olunmuş rayonları itirir.
Təxminən 2000 Rusiya əsgəri təmas xətti və Laçın dəhlizi boyunca yerləşdiriləcək.

Bütün bunlar Azərbaycan, Ermənistan, Rusiya və yeni oyunçu olan Türkiyə üçün nə deməkdir?
BBC News Rusca xidməti atəşkəslə bağlı əsas sualları cavablandırır.
2px presentational grey line

Müqavilələrdə nə yazılıb? Barışığa kim zəmanət verir?

Noyabrın 10-da münaqişə tərəfləri ilə Rusiya arasında üçtərəfli razılaşma Kremlin rəsmi saytında dərc edilib.
Sənədin əsas müddəaları:
  • Ermənistan və Azərbaycan Qarabağdakı hərbi əməliyyatları tamamilə dayandırır, qoşunlar öz yerlərində qalır. Atəşkəsə xüsusi sülhməramlı mərkəz nəzarət edir.
  • Tərəflər girovları, məhbusları və cəsədləri mübadilə edir.
  • Rusiya sülhməramlı qoşunları tərəflərin razılığı ilə müddətin avtomatik olaraq beş il uzadılması ilə beş il müddətinə Qarabağa yeridilir. Onlar təmas xəttində yerləşdirilirlər.
  • Şuşa şəhəri Azərbaycanın nəzarətində qalır.
  • Ermənistan Azərbaycana üç rayonu qaytarmaq öhdəliyini götürür - Ağdam, Kəlbəcər və Laçın rayonlarını. Xankəndi (Stepanakert) , Ağdərə (Mardakert), Xocavənd (Martuni) və keçmiş DQMV-nin Azərbaycan ordusu tərəfindən alınmayan ərazilər erməni qüvvələrinin nəzarəti altında qalır.
  • Laçın bölgəsində Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin etmək üçün 5 km enində bir dəhliz fəaliyyət göstərəcəkdir və Rusiya sülhməramlıları tərəfindən idarə ediləcək.
  • Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürür. Bu dəhlizə Rusiya hərbçiləri nəzarət edəcəklər.
  • Məcburi köçkünlər və qaçqınlar BMT-nin müvafiq komissiyasının nəzarəti altında Dağlıq Qarabağa və ətraf rayonlara qayıdırlar.
Sazişin mətninə görə bölgədə sülhün qorunmasına nəzarəti Rusiya hərbçiləri təmin edir. Bunun üçün ilk sülhməramlılar bazar ertəsi günü Qarabağa yollanıblar. Ümumilikdə 1960 sülhməramlı əsgərin, 90 ədəd BTR zirehli maşının və 370 ədəd avtomobil və xüsusi texnikanın yerləşdirilməsi planlaşdırılır.
SülhməramlılarŞƏKLİN MƏNBƏYİ,REUTERS
Şəklin alt yazısı,Dağlıq Qarabağda və Laçın dəhlizi boyu 1960 rusiyalı sülhməramlının yerləşdirilməsi nəzərdə tutulub
Elan edilmiş barışıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev türk sülhməramlılarının da Qarabağda yerləşdiriləcəyini söyləyib, lakin rəsmi razılaşmada bu barədə heç nə deyilməyib.
Rusiya XİN-i və Dmitri Peskov Əliyevin sözlərini təkzib edirlər.
Bununla yanaşı, Türkiyə Azərbaycana atəşkəs şərtlərinin monitorinqini həyata keçirən mərkəzin yaradılmasında kömək edə bilər. Ancaq mərkəz Qarabağdan kənarda, Azərbaycan ərazisində yerləşəcəkdir.

Tərəflər niyə yalnız indi sülhməramlılara razılıq veriblər? Yeni müharibənin olacağı riski varmı?

Ermənistan tərəfi Şuşa şəhəri alındıqdan sonra Azərbaycan qüvvələrinin əhəmiyyətli üstünlük əldə etdiklərini söyləyirlər.
Əliyev şəhərin alındığını noyabrın 8-də elan edib.

Bu, strateji baxımdan region üçün mühüm əhəmiyyəti olan bir məntəqədir: O, tanınmamış "DQR-in paytaxtı" Xankəndini (Stepanakerti) demək olar ki, bütün növ silahlardan vurula biləcəyinə imkan verən qayanın üzərində yerləşir.
Döyüş əməliyyatları davam etsəydi, Azərbaycan bir neçə günə tanınmamış "respublika"nı bütövlükdə ələ keçirəcəkdi, tanınmamış "DQR-in prezidenti" Arayik Harutyunyan deyib. Döyüşlər artıq Xankəndinin (Stepanakertin) ətrafında gedirdi.
Ermənistan Baş naziri Nikol Paşinyan, müqaviləni erməni hərbçilərinin təkidindən sonra imzaladığını söyləyib. O deyib ki, Ermənistanda müharibənin davam etdirilməsi ilə bağlı səfərbərlik məsələsində problemlər olub.
"Azərbaycanlıların döyüş meydanındakı uğurlarından ilham aldıqları hiss olunur," - ATƏT Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri James Warlick BBC-yə deyib. - Biz ümid edirik ki, sülh qorunacaq. Lakin Azərbaycanın daxilində bütöv Dağlıq Qarabağın alınmasında təkid edəcəklər. Sonrakı hərbi əməliyyatların və mümkün qisasın qarşısını almaq üçün sülhməramlılara ehtiyac var. "

Razılaşmada Qarabağın statusu ilə bağlı məsələ niyə yoxdur? Hər iki tərəf barış haqqında nə deyir?

Razılaşmada Dağlıq Qarabağın statusu barədə heç nə deyilmir.
Söhbət ermənilərin də yaşadığı Azərbaycan SSR-i tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisindən gedir.
İndiki müharibədən əvvəl onun əksər hissəsini tanınmamış "Dağlıq Qarabağ Respublikası" tutub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Qarabağın statusu ilə bağlı suala cavab verərək, deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla əvvəlki bütün hüquqi aktlar qüvvədə qalır.
Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə sadiqlik təsbit olunur və erməni silahlı qüvvələrinin keçmiş DQMV ətrafında işğal etdikləri ərazilərdən çıxarılması tələb edilir.
ABŞ-ın Eurasianet nəşrinin redaktoru Joshua Kuchera BBC-yə deyib ki, Azərbaycan ordusunun tutduğu ərazilər xaricində Dağlıq Qarabağ qısa müddətdə, görünür, erməni qüvvələrinin nəzarəti altında qalacaq.
Ancaq müqavilədə uzunmüddətli həll barədə heç nə deyilmir.
Qeyri-müəyyənlik şəraitində isə bölgədə sülhün qarantı sülhməramlılar olacaq.
Cənubi Qafqaz üzrə ekspert Hans Gutbrod BBC-yə bildirib ki, mövcud vəziyyət davamlı sülh deyil. Onun fikrincə, bölgədə vəziyyəti sabitləşdirmək və sərhədləri açmaq üçün çox iş görülməlidir. O hesab edir ki, bunun üçün əsas oyunçular kimi Türkiyə və Azərbaycan qələbə dönəmində çeviklik nümayiş etdirməlidirlər.

Azərbaycan nə qazandı?

Azərbaycan 25 il əvvəlki müharibə nəticəsində itirdiyi bütün əraziləri geri qaytarmaqla yanaşı, həm də qədim və rəmzi baxımdan çox əhəmiyyətli Şuşa şəhəri üzərində də nəzarəti əldə edib.
Əslində Şuşaya nəzarət edən tərəf hər an Qarabağın paytaxtını da öz nəzarəti altına ala bilər.
"Şuşanın və ordunun itirilməsindən sonra Qarabağ (Artsax) da mövcud olmayacaq. Əslində,"sülhməramlıların mandatı"-nın beş illik müddəti yalnız onun üçün lazımdır ki, bütün erməni əhalisi oranı "özü tərk etsin," - Kremlə yaxın politoloq Qleb Kuznetsov Facebook-da yazıb.
Avtomobil üzərində bayraqlarŞƏKLİN MƏNBƏYİ,EPA
Şəklin alt yazısı,Baklda razılaşmanın imzalanması sevinc hissi ilə qarşılanıb
Əliyev, Paşinyan və Putinin imzaladığı sülh müqavilələrinə əsasən yaxın gələcəkdə Azərbaycan həm də vacib nəqliyyat dəhlizinə sahib olacaq.
Ermənistanın İranla cənub sərhədi boyunca tranzit quru dəhliz ölkənin əsas ərazisini eksklavı ilə - Naxçıvan Muxtar Respublikası (NMR) ilə birləşdirəcək. Naxçıvan da öz növbəsində Türkiyə ilə həmsərhəddir.
Azərbaycanlı politoloq və millət vəkili Rasim Musabəyovun BBC-yə bildirdiyinə görə, bütün ermənilərin Azərbaycanı tərk etməli olduqlarını deyən radikal fikir daşıyıcıları Bakıda mütləq azlıq təşkil edir.
O, rusiyalı sülhməramlılarla əlaqəli daha ciddi narahatlıqların olduğunu qeyd edir və bununla bağlı əvvəlki mənfi təcrübələri sadalayır: Moldovadakı dondurulmuş münaqişə, Gürcüstan tərəfindən Cənubi Osetiya və Abxaziya kimi ərazilərin itirilməsi.

Ermənistanı nə gözləyir? Paşinyan əleyhinə inqilab təhlükəsi varmı?

İmzalanan müqavilə Yerevanda iğtişaşlara səbəb oldu.
2018-ci ildə baş verən kütləvi etirazlar dalğasında hakimiyyətə gələn Nikol Paşinyan, indi özü küçə qiyamları təhlükəsi ilə üzləşib.
Sülh müqavilələrinin imzalanması xəbərindən sonra Yerevanın mərkəzində genişmiqyaslı etiraz aksiyası başlayıb.
Hökumət binasının qarşısına bir neçə minlik kütlə toplaşıb, nümayişçilərin bir hissəsi polis kordonunu yararaq binaya daxil olub.
Onlarla insan binanın qapı və pəncərələrini qıraraq Paşinyanın şəxsi kabineti üzərindəki lövhəni qoparıb atıblar.
Kütlə parlamentin sədri, hakim siyasi bloku təmsil edən parlament spikeri Ararat Mirzoyanı döyüb.
EtirazlarŞƏKLİN MƏNBƏYİ,EPA
Şəklin alt yazısı,Razılaşmanın imzalanması Yerevanda etirazlara səbəb olub
Bütün ermənilərin katolikosu II Qaregin Baş nazirin belə bir sülhə niyə razılıq verdiyinə dair hərtərəfli izahat verməyə çağırıb.
Prezident Armen Sarkisyan Paşinyanı müqaviləni imzalamaqdan əvvəl onunla məsləhətləşməməkdə günahlandırıb.
Paşinyanın istefasını 17 müxalifət partiyası tələb edib. Ancaq bunlardan yalnız biri - "Çiçəklənən Ermənistan" parlament müxalifətini təmsil edir.
Baş nazirin opponentləri sülh müqaviləsindən çıxmağı tələb edirlər.
Keçmiş Prezident Serj Sarkisyanın Respublikaçılar partiyası buna çağırış edib.
Paşinyan özü isə ordunun müharibəni bitirmək qərarında israr etdiyinə istinad edib.
Yerevanda yerləşən Regional Tədqiqatlar Mərkəzinin (RSC) direktoru Richard Giragosian, etirazçıların azsaylı olması və müxalifətin əhali atrasında geniş dəstəyinin olmaması səbəbindən hakimiyyətin sürətli tərzdə dəyişəcəyini gözləmir.
Ancaq Paşinyan yaxın həftələrdə asayişi və inamı bərpa etməlidir, bu da ki, asan deyil, Giragosian etiraf edir.
Bunun əksinə olaraq amerikalı Eurasianet nəşrinin redaktoru Joshua Kuchera, Paşinyanın hakimiyyətinin ciddi bir təhlükə altında olduğunu düşünür, çünki Ermənistanda çoxları yalnız Azərbaycana təslim olmaqla deyil, həm də gecə ilə tələsik və ictimai müzakirə olmadan bunun edildiyini xəyanət kimi qiymətləndirir.
"Onun bir çox siyasi rəqibi var və onlar onu devirmək üçün indiki vəziyyətdən faydalanmaq istəyirlər,"- Kuchera deyir.
ATƏT Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri James Warlick BBC-yə deyib ki, əgər Ermənistan vaxtında Madrid prinsiplərinə əsaslanan razılaşma yolu ilə münaqişənin tənzimlənməsinə nail olsaydı, bu, onun üçün daha sərfəli olardı.
Həmin razılaşma tanınmamış "DQR" ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycana verilməsini, tanınmamış respublikanın müvəqqəti statusunu və bu məsələnin referendum yolu ilə həll edilməsini nəzərdə tuturdu.
Lakin son onilliklərdə, tanınmamış "DQR" ilə bağlı bütün danışıqlar tərəflərin tamamilə zidd mövqelərinə görə nəticə verməyib.
Warlick, sülhməramlıların müvəqqəti qalaçağına diqqəti çəkərək tərəfləri sülhə nail olmaq üzərində çalışmağa çağırır. Onun fikrincə, bu sülh yalnız Moskva tərəfindən təmin edilə bilməz.

Moskva daha əvvəl işə niyə qarışmayıb?

Rusiya üçün sülh sərfəlidirmi?

Formal olaraq, Rusiyanın beynəlxalq səviyyədə tanınmış Azərbaycanın ərazisində baş verən və Rusiyanın KTMT-dəki müttəfiqi olan Ermənistan ərazisinə keçməyən münaqişəyə müdaxilə etmək üçün bir əsas yox idi.
Putinin mətbuat katibi Dmitri Peskovun dəfələrlə jurnalistlərə verdiyi açıqlamada sülhməramlı qüvvələrinin yeridilməsi üçün hər iki döyüşən tərəfin razılıq verməsinin lazım olduğunu vurğulayırdı.
Rusiyanın əvvəlcədən işə qarışmasını əngəlləyən arqument Bakının tərəfini tutan Türkiyənin ciddi rolu ola bilər.
Suriya və Liviyadakı Rusiya hərbi qruplaşmalarının taleyi bir çox mənada Rusiya-Türkiyə münasibətlərindən asılı olduğundan Ermənistana kömək xatirinə həmin münasibətləri risk altına almaqdan vaz keçildi.
Ancaq 10 noyabr gecəsi, sülh razılaşmasının rəsmi elanından əvvəl vəziyyət həddən artıq gərginləşdi.
Rusiyanın Mi-24 helikopteri Ermənistan üzərində Naxçıvanla sərhədin yaxınlığında Azərbaycan tərəfindən vuruldu, helikopterdəki iki hərbçi öldü, üçüncüsü isə ağır yaralandı.
Həmin insident müdaxilə üçün əsas ola bilərdi, lakin Azərbaycan tərəfi qurbanların ailələrinə təzminat ödəməyə hazır olduğunu bildirərək baş verənlərə görə üzr istədi.
Son sülh müqavilələrini imzalamağa hazırlaşan Moskva bu faciəyə həddən artıq əhəmiyyət vermədi.
Noyabrın 10-da Prezident Vladimir Putin pilotların xatirəsini bir dəqiqəlik sükutla yad etdi və müdafiə naziri Sergey Şoyquya ölənlərin ailələrinə kömək etməyi tapşırdı.
Rusiya Qlobal Siyasətdə jurnalının baş redaktoru Fyodor Lukyanov hesab edir ki, Kreml bu məsələ ilə münaqişə başlayandan məşğul olub. Rusiya Türkiyə ilə danışıqlar aparırdı, Azərbaycanla təmasda olurdu və Yerevana qeyri-rəsmi hərbi dəstək göstərirdi, Lukyanov deyir.
Mütəxəssis, əmindir ki, sülh sazişinin məhz indi bağlanması Azərbaycan ordusunun əhəmiyyətli sahəyə malik olan əraziləri əldə etməsi ilə bağlıdır.
"Rusiya Azərbaycanın irəliləməsində maraqlı deyil. Stepanakertin (Xankəndinin) ələ keçirilməsi humanitar fəlakət yarada bilərdi,- Lukyanov qeyd edib. -Belə bir razılaşma bir həftə əvvəl təklif olunsaydı, Ermənistan razılaşmazdı. Ancaq indiki vəziyyət tamamilə fərqli idi."
Paşinyanın sülh sazişinə razı olmaqdan və Xankəndinin (Stepanakertin) itirilməsi riskinə getməməkdən başqa çarəsi yox idi, Warlick razılaşır.
Nəticədə Rusiya vəziyyətdən özü istədiyi kimi çıxa bildi, Lukyanov deyir: "Hər ikisi ilə də münasibətlər qorunub saxlanıldı. Rusiyanın hərbi mövcudiyyəti gücləndi. Ermənistanın Rusiyadan asılılığı artdı. Azərbaycan sevinc içindədir və status-kvonun Rusiya tərəfindən təsdiqlənməsindən məmnundur" ".
ATƏT Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri James Warlick hesab edir ki, Rusiya daha geniş bir münaqişənin qarşısını almaq üçün pərdə arxasında fəal şəkildə iş aparır. Onun qənaətincə, Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və ATƏT bu məsələdə daha fəal əməkdaşlıq etməlidir.

Türkiyə nə qazandı? Ankaranın Qafqazdakı təsir dairəsi nə dərəcədə artıb?

Münaqişənin nəticələri Türkiyənin Cənubi Qafqazdakı mövqeyini və Azərbaycana təsirini gücləndirir.
Türkiyənin münaqişə nəticəsində aldığı əsas üstünlüklərdən biri Naxçıvan və Ermənistan üzərindən qurulacaq dəhliz vasitəsilə Azərbaycanla birbaşa quru nəqliyyat əlaqəsinin əldə olunmasıdır.
"Türkiyə dolayı hərəkətlər sayəsində Türkiyə iqtisadiyyatının ürəkaçıcı olmayan vəziyyəti fonunda Erdoğan üçün vacib olan mümkün maksimum nəticəni əldə edib və görünür, Cənubi Qafqazdakı mövcudiyyətini genişləndirərək Gürcüstanla əlaqələrini inkişaf etdirəcək," - politoloq Aleksey Makarkin Facebook-da yazıb.
Ancaq bu müharibəni işıqlandıran və digər qaynar nöqtələrdəki Rusiya-Türkiyə qarşıdurmasını izləyən kanadalı jurnalist Neil Hoyer hesab edir ki, müqavilədən faydalanan tərəf məhz Moskva oldu.
Türkiyə münaqişənin həllində istədiyi rolu ala bilməyib: Moskva öz kontingentini Qarabağa yeridib, Ankara isə yalnız bir neçə zabitini Azərbaycandakı monitorinq mərkəzinə göndərə biləcək.
Birmingham Universitetinin politologiya fakültəsinin əməkdaşı Kevork Oskanyan qeyd edir ki, Türkiyənin Cənubi Qafqazda əsas oyunçu olmaq cəhdi Rusiyanın təsir dairəsinə təhlükə yaradırdı.
Onun qənaətincə, Moskva bölgədə öz hökmranlığına qarşı yaranmış sınaq səciyyəli vəziyyəti Qarabağdakı hərbi mövcudiyyətinə çevirə bilməklə Türkiyənin təsir dairəsini burada məhdudlaşdırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar