Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Pəncəsini hər yerə işğalçı kimi soxan rus ordusu ilə Qarabağda sülh? - Praqadan Laçınadək...

20-11-2020, 09:57   


Görkəmli rus yazıçısı Lev Tolstoy “Hərb və sülh” əsərini pasifist bir roman hesab etmək olar. Tolstoy pasifist idi, sülhün tərəfdarıydı. Ondan fərqli olaraq, rus ədəbiyyatının nəhəngi Fyodor Dostoyevski türklərə qəzəbliydi. O, Balkanlarda türklərə qarşı döyüşməyə çağırırdı. Bu mübahisələrin ortasında Rusiya rəsmən Türkiyəyə müharibə elan edir. Müharibə təxminən 1 il çəkir. Nəticədə kazaklar sistemli şəkildə müsəlman və yəhudilərə hücum edir və 1879-cu ilə qədər Bosniya-Hersoqovinanın müsəlman əhalisinin üçdə biri ya öldürülür, ya da qaçıb canını qurtarır. Britaniyalılar isə münaqişəyə qoşulmur. Yalnız rus ordusu İstanbula yaxınlaşanda oraya hərbi donanma göndərir. Sonda Rusiya və Türkiyə arasında saziş bağlanır. * Təsəvvür edirsiniz, iki əsr sonra rus və türk orduları yenə üz-üzə gəlirlər: Suriyada, Liviyada, Qarabağda isə... Bəli, Qarabağda isə onlar toqquşmurlar, ortaq Monitorinq Mərkəzi təsis edirlər, birgə sülhü qorumağa razılaşıblar, hələ daha böyük planları var. Ona görə Kremlin başçısı Vladimir Putin müsahibəsində qeyd edirdi ki, Türkiyə ilə keçmişdəki düşmənçilikləri kənara qoymaq lazımdır. Hətta Ərdoğanla işləməkdən məmnunluq duyduğunu demişdi. Amma bizim içimizdə noyabrın 10-dan bəri sakitləşməyən bir tərəddüd var - tarixi boyu müharibələr edən, onu başladan, qoşunları işğalçı olan rusla sülh gələrmi?! Necə də antoqonist və paradoksal səsənir: rus sülhməramlıları. Rus ordusu ilə sülh olarmı, əcəba? Yenə biz tarixə qayıtmalı oluruq, özü yaxın keçmişə: 2008-ci ildə Tiflisin 25 kilometrliyinə çatan rus tankları, Abxaziya və Cənubi Osetiyaya sülhməramlı missiya adı ilə soxulub, sonra Rusiya pasportları paylaması, Donbas və Luqanskıda separatizmi alovlandırıb Krımı ilhaq etmək, əhalisini Rusiya vətəndaşına çevirmək, Moldovada Dnestryanı ərazilər...Axı özümüzü niyə çətinə salırıq - 20 Yanvar, 366-cı alay rus ordusu deyildimi? ** Anaxeber.info yazır ki, ona görə 10 noyabrdan xalqın içində bir şübhə, panika, nigarançılıq var. Ki, Qarabağdan iti qovan kimi qovub çıxardığımız erməni qoşunlarının yerinə gətirdiyimiz rus sülhməramlıları bizə arxa çevirməyəcək ki?! Nə üçün NATO, ya da türk sülhməramlıları Qarabağa gəlmədi? Niyə Qəbələ Radiolokasiya Stansiyasını işlədən Rusiya hərbi bazasını Azərbaycandan çıxaran hakimiyyət indi Qarabağa rus qoşunlarının yerləşməsinə razı oldu? Gəlin, özümüzü aldatmayaq, Türkiyə Rusiya ilə birlikdə monitorinq mərkəzi yaradıb, türk əsgəri və ordusu Dağlıq Qarabağa yerləşdirilmir. Sadəcə, Putinin sözlərinə görə, Azərbaycan türk ordusunun istənilən ərazidə qalmasına razılıq verə bilər. Amma bunu deyərkən güman ki, Dağlıq Qarabağın ətraf rayonlarını nəzərdə tutur.  Axı Ağdam, Zəngilan, ya da Şuşada türk sülhməramlısının olması nəyi dəyişir, öz hərbi hissələrimizin dislokasiyası yetərlidir.   Amma biz yenə də inamımızı itirmirik. Ən azından Azərbaycan və Türkiyə dövlətləri o qədər aciz deyillər ki, Ordumuzun əldə etdiyi zəfəri rus “soldatı”na yedirsinlər, erməni silahlılarını rus qüvvələri əvəzləsin. Çünki bizə agah olmayan, müfəssəl məlumatlara sahiblənmədiyimiz bir dərin strateji anlaşma, Rusiya-Türkiyə arasında böyük bir saziş var. O səbəbdən Putin Türkiyə ordusunun Qarabağa gəlişinə, sülhə birgə nəzarət olunmasına etiraz etmir. Sadəcə, Rusiyaya keçmişə söykənən dərslərdən bir inamsızlıq var - rus ordusu hara, sülh hara və 5 il sonra onlar Qarabağdan gedəcəklərmi?! Çünki sovet-rus tanklarının heç bir ölkənin ərazisinə sülh niyyəti ilə girdiyi olmayıb. Rus əsgərinin ayağını qoyduğu ölkələr xoşbəxtlik tapmayıb, göz yaşı, ölüm, üsyan, işğal, zəbt görmüşük. * Biz unutmamışıq ki, Macarıstanda tələbələr və fəhlələrin Sovet İttifaqı tərəfdarı olan hökumət əleyhinə kütləvi çıxışları sovet ordusu tərəfindən necə qəddarcasına yatırılıb. Macarıstan tərəfdən itkilərin 2500 nəfərdən 3000 min nəfərə qədər ölən və 13 min yaralanandan ibarət olduğu haqda məlumat verilib. Bəs 1968-ci ildə Praqa hücumu? Özü də bir sosialist ölkəsi olan Çexoslovakiyada sovet tankları nə gəzirdilər? Tarixçilər deyirlər ki, o zaman Çexoslovakiya Sosialist Respublikasına rəhbərlik edən Dubçekin islahatları SSRİ rəhbərliyini qəzəbləndirmişdi. Dubçek simalı sosializm siyasəti apardığını deyib, ölkədə geniş demokratik islahatlara başlamışdı. Bunu sovet ideologiyasına zidd addım hesab edən SSRİ rəhbərliyi isə 1968-ci il avqustun 21-də islahatların qarşısını tanklarla almaq qərarına gəldi. Bu barədə o zamankı Çexoslovakiya radiosu xəbər yaydı. Amma az keçməmiş, əsgərlər bu radionun da səsini kəsdilər. Hadisələr zamanı 108 yerli sakin həlak oldu. Bugünkü Rusiya SSRİ-nin varisi sayılır. 1968 Praqası, 20 Yanvar Bakısı, 2008 Tiflisi və biz tarixdən dərslər çıxardığımız üçün cəmiyyət olaraq rus sülhməramlılarının Qarabağda yerləşməsindən kifayət qədər narahatıq. Niyə də olmayaq?! Axı başımıza gəlib. Odur ki, bütün bu analogiyalar, tarixə ekskursiya bizə əsas verir soruşaq, hər yerə pəncəsini işğalçı kimi soxan “ağ ayı” - rus tankları ilə Qarabağda sülh? Sual ritorikdir...
ANAXEBER.INFO
TURAN
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar