Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qafqazda anti-Qərb cəbhəsi: hakimiyyəti hansı təzyiqlər gözləyir?

30-11-2020, 09:54   

 
Azərbaycan uzun müddət Qərbin ayrı-ayrı ölkələrinin, dairələrinin, təşkilatlarının təzyiqlərinə tab gətirməli olacaq. Üçtərəfli bəyanatın imzalanmasından təqribən 20 gün keçir və Avropa təsisatlarından mürtəce çağırışlar, qətnamələr gəlməkdədir. Anaxeber.info məlumat verir ki, əvvəlcə Niderland parlamentindən Avropa Birliyinə Azərbaycana sanksiyalar tətbiq edilməsi təklifi səsləndi. Bunun ardınca Fransa Senatı qondarma “dqr” respublikasının tanınması haqda hökumətə tövsiyə xarakterli qətamə qəbul etdi. Qətnamədə Türkiyə və Rusiya da hədəfə alınıb, Ərdoğanın adı 6 dəfə çəkilib, Qarabağda guya muzdlular döyüşdüyü ittihamları yer alıb. Almaniya bundeslaqında gedən müzakirələrin yekununda da Türkiyəyə yönəlik açıq hücum, onun Qarabağ müharibəsində rolu, tənqidlər var. Əlbəttə, Qərb ölkələrinin, o cümlədən ABŞ-ın münaqişənin həllində ofsayd vəziyyətinə salınması, onların iştirakı olmadan Rusiya-Türkiyə arasında məsələnin həll edilməsi təzyiqlərlə müşayiət olunmalıydı. Ümumiyyətlə, Fransa, Almaniya, Yunanıstan, Avropa Birliyindən, Avropa Parlamentindən Azərbaycana qarşı təzyiqlər gözləniləndir. Bu prosesdə Böyük Britaniyanın yer almayacağını demək lazımdır.  Amma təzyiqlərin Azərbaycanın enerji layihələrinə heç bir sanksiya ilə nəticələnməyəcəyini də söyləməliyik. Qərb ABŞ-ın strateji tərəfdaşını incidə, o cümlədən tamamilə öz orbitindən uzaqlaşdırıb rəsmi Bakının Rusiyaya tam yaxınlaşmasına imkan verməz. İkincisi, Azərbaycan qazı Avropaya nəql olunacaq, bununla Qərbin rus qazından asılılığını azaltmaq hədəflənib. Bundan əlavə, Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır. Bu ölkə ilə mal dövriyyəsi 63 faiz təşkil edir. İki ölkə arasında ticarət mübadiləsinin həcmi 600 milyon dolları ötüb. Ermənistanda isə bu göstərici hələ 100 milyon civarındadır. Eyni zamanda, Fransanın “Total” şirkəti Abşeron yatağında neft layihəsinə 1 milyard avro investisiya qoyub. Azərbaycandan Gürcüstana gedən dəmiryolunun modernləşdirilməsi ilə də Fransa məşğul olacaq. Burada da milyonlarla dollar investisiya nəzərdə tutulub. Hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir və onlar ölkə iqtisadiyyatına 2,4 milyard dollar investisiya qoyub. Sizcə, bu layihələri hansısa oyuncaq, kukla, geydirmə “Artsax”a kim  qurban verər? O baxımdan təzyiqlər siyasi müstəvidən iqtisadi fazaya keçməyəcək. Üstəgəl, ABŞ müttəfiqinin, NATO üzvü olan Türkiyənin regionda fəallığından, Cənubi Qafqaza ordusunun gəlməsindən məmnundur. Beləliklə, qondarma “dqr” təəssübünü çəkən Qərb təsisatları Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı əyləci axıra qədər basmaq iqtidarında olmayacaq. Anaxeber.info bildirir ki, bununla belə bölgədə anti-Qərb cəbhəsinin açıldığı göz qabağındadır. Bu koalisiyanın lokomotiv qüvvəsi Rusiya və Türkiyə olacaq. Həmçinin, İranın da qoşulacağı istisna deyil. Xüsusən də İranın hərbi nüvə proqramının memarı Möhsün Fəxrizadənin öldürülməsi Tramp administrasiyası və Netanyahu hökumətinin İrana qarşı yürütdüyü maksimum təzyiq kampaniyasında yeni bir zirvədir. Bu, “Ağ ev”in yeni rəhbəri Co Baydenin 2021-ci ildə İranla danışıqlara hazırlıq, bəzi sanksiyaları götürmək ərəfəsində baş verməklə bütün prosesi korlamaq kimi qiymətləndirilir. İddialar var ki, Tramp Tehranı qəzəbləndirməklə Bayden üçün “mina”lar hazırlayır, ABŞ-İran münasibətlərinin düzəlmək fürsəti olarkən bunu pozur. Bundan bir neçə gün əvvəl isə ABŞ bombardmançı təyyarələri Yaxın Şərqə, İrana yaxın ərazilərə göndərməklə yeni təhdid ismarışı vermişdi. Tramp dövründə İrana ən böyük zərbə isə general Qasım Süleymaninin Bağdadda partladılması oldu. Beləliklə, Tramp gedişi ərəfəsində nüvə aliminin qətli ilə Vaşinqton-Tehran əlaqələrini tamamilə sərt fazaya sürüklədi. İran tərəfi isə açıqlayıb ki, bunun intiqamı ağır olacaq. Bununla da regionda Rusiya və Türkiyə ilə yanaşı, İran da anti-Qərb cəbhəsinə qeyri-ixtiyari cəlb olunmaqdadır. Bu gedişatın içində Azərbaycan prezidentinin çıxışlarında da sərt ritorika, açıq mesajlar regionda Qərbə qarşı yeni zolağın yaradılmasından xəbər verir. Biz bir müddət bu “soyuq müharibə”yə hazır olmalı, Azərbaycan hakimiyyətinə təzyiqləri gözləməliyik. Bu həmlələr demokratiya, insan haqları, siyasi azadlıqlar, müxalifət, media haqda üstünlük təşkil edəcək. Nəzərə alsaq ki, iqtidarın “Axilles dabanı” demokratiya və siyasi azadlıqlardır, Qərb təşkilatları ənənəvi olaraq bu “zəif bənd”dən tez-tez yapışacaqlar. Lakin Azərbaycan hakimiyyəti indi əvvəlkindən daha güclü, daha təcrübəli və beynəlxalq təşkilatların təzyiqlərinə daha artıq hazırdır. Həmçinin buradakı enerji maraqlarını, ABŞ-ın Əfqanıstan siyasətini yada salsaq, hakimiyyəti Rusiya və Türkiyə ilə birgə koordinasiyalı fəaliyyətinə görə heç bir kənar qüvvə boğulana qədər sıxa bilməyəcək. Sadəcə, biz rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə Rusiyanın təsirlərinin artmasına rəvac vermişik. Yaxın 5 ildə Azərbaycanda heç bir Qərb QHT-si, təşkilatı “demokratiyanın təbliğ və inkişafı” ilə məşğul ola bilməyəcək, iqtidarın real siyasi opponentlərinin işi kifayət qədər çətin olacaq.

Anaxeber.info 
 Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar