Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rus qoşunlarının Qarabağa girməsi Putinə niyə lazım idi? - 10 noyabr sirləri açılır...

4-12-2020, 09:55   



Rusiya 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın səhəri, qaçaraq qoşunlarını Qarabağa daxil etməklə artıq “dalağımız sancmışdı”.
Belə çıxırdı ki, rus qoşunları çoxdan start vəziyyətində dayanıb. Ona görə sənədə atılan imzanın mürəkkəbi heç qurumamış Moskva əmin idi ki, ordusu işğaldan azad etdiyimiz ərazilərimizdə yerləşəcək.
Anaxeber.info yazır ki, bu arxayınlıq olmasaydı rus qoşunları Qarabağa bir qədər gec - məsələn, bəyanatdan 5 gün sonra gələ bilərdi. Lakin latent gedən prosesdə konfidensiallıq son saata qədər qorunub və cəmiyyət danışıqlardan bixəbər olub.

Mehmetciyin gecikmə səbəbi


Əlbəttə, razılaşmadan hər üç tərəfdən əlavə Türkiyə də məlumatsız deyildi. Sadəcə, fakt dəyişmir ki, rus qoşunları bəyanatın ertəsi Laçın dəhlizində və Xankəndi-Şuşa yolunda lövbər saldı, türk ordusu isə... 
Türk əsgərinin yubanmasının gerçək siyasi səbəbləri praqmatik düşünəndə başadüşüləndir. Çünki Ermənistanı sənədə imza atmağa razı salmalıydıq. 
Türklərin Qarabağa ruslar kimi dərhal gəlməsi qarşı tərəfi qızışdıra bilərdi. Üstəgəl, Türkiyə - Rusiya arasında momerandum sazişi bağlanıb, Qarabağda birgə monitorinq aparılacaq.
Özü də kim deyir ki, türk ordusu gedib, müharibədən əvvəl - təlimlərə gəldikləri gündən Azərbaycan torpağından çıxmayıblar, zamanla Qarabağa da sülhməramlı kimi nəzarət edəcəklər. 
Hərgah, deputat Rasim Musabəyov özünü “5-ci kolon” nümayəndəsi kimi apararaq bunun əleyhinə çıxıb, türk sülməramlılarının gəlişini regional təhlükəsiz hesab edib. 
Göründüyü kimi, bizi yuxarıda da qeyd etmişdik - “dalağımızı sancan” səbəblər aradan qalxmır. 
Birincisi, tarixdən də bizə bəllidir ki, Qarabağ münaqişəsini yaradan da, erməniləri süni şəkildə bu torpaqlara yerləşdirən də, 1-ci Qarabağ savaşında düşməni hərbi cəhətdən dəstəkləyən də Rusiya olub. 
Əgər bu dəstək olmasaydı, işğal baş tutmayacaqdı. Elçibəy hakimiyyəti dövründə milli ordumuz Ağdərəni götürmüşdü, Daşaltıda möhkəmlənmişdi, Kəlbəcər də azad ediləcəkdi. Ancaq rus ordusunun köməyi ermənilərin dadına çatdı.  
Prezident özü də açıq şəkildə bəyan etdi ki, ermənilər yerli xalq deyil, qafqazlı sayılmırlar, bura köçürülüblər. 
Və köçürüldükdən sonra üstümüzə qaldırılıblar, yemləniblər, rusdan qidalanıblar, pulsuz silahlanıblar.  
Ona görə 27 il idi ki, torpaqları işğalda saxlayan əslində Ermənistan yox, Rusiya idi. Əgər belə olmasaydı, ermənilər 44 günlük müharibədən qalib çıxardı. 

İşğalçının arxasındakı işğalçı

Amma Putin savaşa qarışmadı, silah lazımı səviyyədə vermədi və 27 illik “işğalçı” mifi dağıldı. Deməli, işğalçının arxasındakı güc əsl işğalçı imiş. Bu həqiqəti yaxşı bilirik və yenidən o güc Qarabağda bu dəfə sülhməramlı şəklində peyda olur. 
İkincisi, bəyanatdan da göründüyü kimi, tərəflər tutduqları mövqelərdə dayanırlar. O deməkdir ki, Dağlıq Qarabağdakı qondarma və separatçı rejim fəaliyyətini davam etdirir. 
Elə təsadüfi deyil ki, 10 noyabrdan sonra oyuncaq “artsax”ın başçısı Araik Aryuntunyan Xankəndini tərk etməyib, əksinə, bu günlərdə Ermənistanın müdafiə nazirini qəbul edib. 
Rus sülhməramlılarının “çətiri altında” fəaliyyət göstərən “artsax” rejimi bütün quldur dəstəsi ilə şələ-şüləsini yığıb İrəvana rədd olmalıydı. Bu, olmadı!
Bundan əlavə, Xankəndində dərslər bərpa olunub, hətta məktəblərin birinin qarşısında “Spasibo, Rossiya” - “Təşəkkür, Rusiya” yazılmış lövhəyə rast gəlinir. 
Ardınca rus mətbuatı, həmçinin ABŞ-ın “The New York Times” qəzetinin əməkdaşı Xankəndində hazırladığı reportajda yazır ki, orada qalan ermənilərə Rusiya pasportu paylanacaq. 
Amma bu, ağızdan eşidilən və bir müxbirin qulaq verdiyi söhbətlərə əsasında da yazıla bilər. Çünki Qarabağın Rusiya ilə sərhədi yoxdur. 

Araik Xankəndindən niyə çıxmır?

Anaxeber.info
yazır ki, Kremlin bu siyasəti Abxaziya, Cənubi Osetiyada, Krımda asanlıqla həyata keçirə bilməsinin səbəbin həmin ərazilərlə sərhəd olmasıydı.
Əgər Xankəndi, Xocavənd, Ağdərə, Xocalı, Əsgəranda analoji siyaəti yürütsə, o zaman danışıqlar pozula, Rusiya-Azərbaycan-Türkiyə münasibətlərində ciddi gərginlik yarana bilər. 
Buna baxmayaraq, rəsmi Bakı susur, iddialara cavab vermir, üstəlik, biz rusu uzaq keçmişdən və yaxın tarixdən yaxşı tanıyırıq, sülhməramlı adı ilə qoşunlarını Qarabağa gətiribsə, nə desən çıxar. 
Hətta daha da irəli gedilərək Xocalı aeroportundan rus sülhməramlısı üçün yük daşınmasından istifadə olunacağını iddia edirlər. Halbuki Azərbaycan tərəfi aeroportu beynəlxalq hava limanlarının siyahısını salıb və istifadə kodu bizim əlimizdədir.
Bununla belə bütün hallarda yayılan məlumatlar, Araikin erməni nazirlə rahat görüşünü keçirməsi, Xankəndi, Əsgəran, Xocalı, Xocavənd, Ağdərə ərazilərinin tam azad edilmədiyinin elan olunmaması cəmiyyətdə çaşqınlıq, haqlı narahatlıq doğurub. 
Üçüncüsü, Rusiya sülhməramlılarının Qarabağda nə vaxta qədər qalacağı əsas məsələdir. Putinə Qarabağa girmək niyə lazım idi? 
Ona görə ki, Qafqazda varlığını ən azı 10 illik təmin etsin, hər iki tərəfə təzyiq imkanlarını saxlasın, 200 illik müttəfiqi olan Ermənistanın onun orbitindən tamamilə qopub Qərbə istiqamətlənməsini qismən də olsa tormozlaya bilsin, daim başıqapazlı edə bilsin. Və bunu da etdi.
İndi Rusiyaya lazımdır ki, mümkün qədər Xankəndi, Əsgəran, Xocalı, Xocavənd, Ağdərədə ermənilərin sayı artsın. Bu say artımı onun qoşunlarının Qarabağda qalması hüququnu legitimləşdirəcək. 
Əks halda Dağlıq Qarabağda erməni əhalisi yaşamasa, rus qoşunları kimi kimdən mühafizə edəcək?! 
Odur ki, Putinə ermənilərin yaşadığı rayonları doldurmaq vacibdir. Kəsəsi, 1988-ci ildəki vəziyyətə qayıtmışıq, 32 il sonra hər şey sıfırlanıb. 
O zaman hamı sovet pasportu daşıyırdı və Dağlıq Qarabağ Muxtar Vilayəti statusu var idi, indisə bu status yoxdur, olmayacağı prezident tərəfindən bəyan edilib, deməli, ermənilərin Xankəndi və digər ərazilərdə yaşamasını təmin etmək üçün hüquqi bir mexanizm hazırlanmalıdır. 
Ya Azərbaycan vətəndaşı kimi qanunlarımızla yaşamalıdırlar, hələ ki bu haqda heç nə deyilmir, ya ümid etməliyik ki, ermənilər düşdükləri şəraitdə yaşamaqdan imtina edib yerdə qalan şəhərlərimizi də tərk edəcəklər və bu zaman 5 il sonra 6 ay qalmış Azərbaycan rus qoşunlarının çıxarılmasını tələb edə bilər, ya da erməni əhalisi getmirsə, onların hansı statusla yaşayacaqları tənzimlənməli, mexanizm təqdim olunmalıdır.  

Anaxeber.info 
 Turan


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar