Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin Dağlıq Qarabağı Abxaziyaya çevirir? - rus ordusunun erməniməramlı addımları...

28-12-2020, 09:35   


2020-ci ili çoxlu suallarla başa vururuq və o narahatlıqları özümüzlə yeni ilə daşıyırıq. Bu müəmmaları, naxoşluqları məhz Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti ilə izah etmək olar. 
Anaxeber.info-nun müşahidələrinə görə, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın nəticəsi olaraq rus qoşunlarının Qarabağa yerləşməsi cəmiyyətin böyük zümrələrinin ürəyincə olmadı. 
Özü də rus ordusunun bəyanatın ertəsi günü artıq Xankəndi və Laçın yolunda yerləşməsi göstərdi ki, plan çoxdan varmış, rəsmiləşməsini gözləyirmişlər. 
Üstəlik, Azərbaycan xalqının və Milli Məclisin rəyi öyrənilmədən rus sülhməramlılarının bölgəyə təşrif buyurması heç də birmənalı qarşılanmadı. 

99 faiz inamsızlıq və...


Elə bunun göstəricisidir ki, prezidentin fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda əhalinin 99 faizi rus sülhməramlıların Dağlıq Qarabağda sülhü təmin edəcəyinə inanmır. 
Elə həmin sorğuda 46 faiz respondent ümumiyyətlə rus ordusunun Qarabağa yerləşməsinin müsbət nəticələr verməyəcəyini fikirləşir.
Bu, hər hansı müstəqil QHT-nin, yaxud Qərb təşkilatının keçirdiyi sorğunun nəticəsi deyil, məhz hakimiyyətin layihəsi olan, prezident tərəfindən təsis edilmuş qurumun apardığı sorğunun açıqladığı rəqəmlərdir. 
Yəni, əvvəldən xalqdan rus ordusunun Qarabağa gəlməsi haqda fikri öyrənilsəydi, referendum keçirilsəydi, 99 faiz əleyhinə çıxacaqdı.
İndisə rus qoşunlarından narazılıq aha da artan xətt üzrə yüksəlir. Buna da səbəbi özləri yaradır. Rus qoşunları heç də üzərinə düşən missiyanı yerinə yetirmir, əksinə, tərəfkeş kimi davranır. 
Əslində sülhməramlı qüvvə neytral ölkədən təşkil olunmalıdır. Rusiya isə Ermənistanın hərbi müttəfiqidir, həmsədr ölkədir. Bu da ayrıca bir mövzudur. 
Amma madam ki, rus ordusu sülhü təmin etməlidir, o zaman balansı qorusun, missiyasını yerinə yetirsin, erməninin qoruyucusu kimi davranmasın. Təəssüf ki, biz 10 noyabrdan bəri çox fərqli vəziyyətlə qarşılaşırıq. 

“dqr” və rus bayraqları birgə 

Anaxeber.info
yazır ki, ötən həftə baş verənlər Azərbaycan cəmiyyətində etirazları daha da gücləndirib. Hətta belə davam etsə, postpandemiya dövründə müxalifətin və Qərbpərəst qüvvələrin təşkilatçılığı sülhməramlılardan narazıların mitinqi keçirilə bilər.
Hər halda gedişat bundan xəbər verir. Məsələn, biz xəritə təxribatlarını da bir kənara qoyuruq, keçən həftə olanlara nəzər yetirək. 
Bildirilir ki, sülhməramli qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, ermənilərin müharibədən sonra birdəfəlik itirdikləri xəyali arzuları - qondarma “dqr”in “bayrağı” da asılıb.
Yayılmış xəbəri araşdıranda məlum oldu ki, əslində söhbət heç də Rusiya Sülhməramlı Mərkəzin rəsmi informasiya mərkəzindən getmir. 
Əgər həqiqətən də Rusiya tərəfi gündəlik yayılan rəsmi informasiya büllütenin də bu cür təxribat etsəydi, bu daha böyük  skandal olardı. Baxmayaraq ki, indiki də elə də kiçik hadisə deyil.
Qısa araşdırmadan məlum olub ki, sözügedən qondarma “bayraq” Xankəndindəki bir məktəbdə lentə alınıb. 
Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndində(xəbərdə Stepanakert yazılıb) orta məktəbin şagirdləri üçün məşğələ keçiblər. 
Burada şagirdlərə partlayıcı obyektləri aşkar edərkən təhlükəsizlik tələblərinə riayət olunması ilə bağlı danışıblar.
Həmin “artsax” bayrağı da orada rus bayrağı ilə birgə asılıb. İstənilən halda xoşagəlməz faktdır və yolverilməzdir. 
Şübhə yoxdur ki, ermənilər bu oyunu ilə azərbaycanlıların əsəblərinə toxunmağa çalışıblar. Bəs Rusiya sülhməramlıları, onlara rəhbərlik edənlər hansı məqsədlə ermənilərin bu cılız oyununda iştirak edirlər? 
Bunu bilməyərəkdən etdiklərini düşünmək, özümüzü aldatmaq olardı. O zaman rəzil fotoları rəsmi bülletenlərində yerləşdirməzdilər. Deməli, Rusiya sülhməramlıları bilərək bu addımı atıblar. 
Moskvanın buna göz yumması isə gələcək məqsədlərini indidən açıq nümayiş etdirir. Niyyəti bölgədə qalmaq, erməniyə qahmar çıxmaqdır.  

Araik Xankəndidə medal paylayır, bizsə...

Ötən həftə qəzəblə qarşılanan ikinci hadisə isə qondarma rejimin Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi açılan, axtarışda olan terrorçusu - “artsax” prezidenti Araik Aryuntunyanın rahat şəkildə medal və ordenlər paylaması fotosudur. 
Bununla “dqr” başçısı göstərir ki, rusun ordusunun arxasında rahat şəkildə işimizi görürük, Xankəndi, Xocavənd, Ağdərə, Əskəran və Xocalı bizdədir. Elə erməni siyasətçiləri də son günlər qeyd edirlər ki, indi “artsax” daha müstəqil və rahatdır. Çünki ətraf bölgələr yük idi.
Onsuz da məlum olur ki, Şuşa və Hadrut istisna, bir də Laçın və Kəlbəcərin bəzi ərazilərini çıxmaq şərtilə digər işğal edilmiş bölgələrdə yaşayış olmayıb. 
Amma məsələ bu da deyil, məsələ rus qoşunlarının Araikin dəstəsi ilə qucaqlaşması, öpüşməsi, onlara sahib çıxması, sanki onları müdafiə etmək missiyasını yerinə yetirməsidir. Halbuki belə anlaşmamışdıq.
Görünür ki, Rusiya tədricən Dağlıq Qarabağda öz siyasətini yürütməyə başlayıb və zamanla bölgəni Abxaziya, Cənubi Osetiyaya çevirməyi planlaşdırır. 
Bu günə qədər Moskvadan başqa heç kəsin müstəqilliyini tanımadığı Abxaziya və C.Osetiyada həyat davam edir, rus ordusu oradan çıxmayıb, regionu öz ərazisi hesab edir, abxazlar, osetinlər də onların nəzarəti altında yaşayırlar, əksəriyyətinə də Rusiya pasportu paylanıb.
Moskva hələ ki soyumamış 10 noyabr sənədinin üzərindən bu siyasəti aparmasa da, Putin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” söyləsə də, gələcək statusdan danışır, anklav planlarını güdürlər. 
Sazişdə deyildiyi kimi, tərəflər qaldıqları yerdə dayanırlar, yəni Araik və onun silahlı birləşmələri ərazilərimizi tərk etmir, Qarabağda ikitirəlik yaradılır. Kreml bununla yeni modeldə Abxaziya siyasəti həyata keçirir.
Ruslar separatizmi və statusu xortladır? 

 
Anaxeber.info-nun qənaətinə 2021-ci ildə bizi mürəkkəb proseslər gözləyir. Yanvarda ABŞ-dakı inaqurasiyadan sonra Cozef Baydenin bölgəyə diqqəti artacaq. Türk qoşunları da Ağdamda yerləşəcək və əsas məram rus ordusunu orada neytrallaşdırmaqdır. 
Amma ilk növbədə bizim hədəfimiz rus qoşunlarının oradakı hoqqalarını sıfıra endirmək, araikləri bölgədən çıxarmaq, Xankəndi, Xocalı, Xocavəndə köçkünlərimizi yerləşdirməyi təmin etmək olmalıdır.
Əlbəttə, 2020 bitir, böyük bir tarix yaşadıq, Ordumuz bir millətin yeni tarixini yazdı, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, bir güllə atılmadan Kəlbəcər, Laçın və Ağdamın azad olunması, ən əsası Şuşanın döyüşlə alınmasında əsgər, zabitlərimiz çox böyük peşəkarlıq,  fədakarlıq göstəriblər. 
Hazırda hərbçilərimiz Azərbaycanın Ermənistanla dövlət sərhədlərini qarış-qarış təsbit və bərpa edirlər. Bunları danmaq, əhəmiyyətini azaltmaq doğru olmazdı. 
Ancaq qazanılmış bu böyük uğurlara sevinməklə yanaşı Xankəndi, Əskəran, Xocavənd, Xocalı, Ağdərə kimi böyük yaşayış məntəqələrimizin, əhalisi ermənilər olsa belə, bizim torpağımız olan kəndlərin hələ də Azərbaycanın suverenliyindən kənarda qalması, üstəlik ora Rusiya sülhməramlılarının yerləşməsi, ən pisi, həmin rus hərbi kontingentinin himayəsi altında işğalçı-separatçı-terrorçu ünsürlərin dirçəlməsi hamımızda haqlı narahatlıq doğurur. 
Barəsində bir neçə maddə ilə cinayət təqibi başlanmış və beynəlxalq axtarışa verilmiş terrorçubaşı Arayik Arutyunyanın Xankəndi şəhərimizdə at oynatması, bizim əsgər və zabitimizə, dövlətimizə və millətimizə silah çevirənlərə təltiflər paylaması bizə böyük təhqirdir. 
Bu, Paşinyanın Şuşada yallı getməsi, “Qarabağ Ermənistandır. Nöqtə” deməsi qədər aşağılayıcı hərəkətlərdir. Deyəcəksiniz ki, düz 3 ay bundan qabaq Qarabağda hansı əməliyyatların, necə gedəcəyini heç kəs bilmirdi; 3 ay, bəlkə 3 həftə sonra nələr olacağını da heç kəs bilmir. 
Təki elə olsun. Təki hansısa bizim hələ bilmədiyimiz və tezliklə nəticələrini görəcəyimiz başqa uğurlu əməliyyatların hazırlıqları getsin. 
Ancaq bu gün görünən odur ki, ruslar Dağlıq Qarabağın köhnə, “cəhənnəmə getmiş” statusunu diriltməyə, bizim olan, amma hələ ki bizimki olmayan Xankəndimizdə və başqa şəhər və kəndlərimizdə erməni terrorçuluğunu, separatçılığını dirçəltməyə çalışırlar. Buna tezliklə son vermək, qələbələr seriyamızı davam etdirib sonlandırmaq lazımdır. 
Dövlət Təhlükəsizliyi Xidmətimizin, Xarici Kəşfiyyat Xidmətimizin uğurlu əməliyyatlarla Arayik Arutyunyanı və bandasını ələ keçirib qandallayaraq Bakıya gətirdiyini, onların Azərbaycan məhkəmələri qarşısına çıxarıldığını görmək bizim hər birimizin haqqı və istəyidir. 

Anaxeber.info 
Turan


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar