Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Hakimiyyətin media zehni: Ələbaxımlı, ianə siyasəti niyə dəyişmir?

11-01-2021, 09:56   


Azərbaycan hakimiyyətinin mətbuat siyasətini "ideyalar qəbiristanlığı" adlandırmaq lazımdır.
Hökumət hələ də media ilə bağlı hansı strategiyanı həyata keçirməyin faydalı modelini tapmayıb. 
Bu illər ərzində yürüdülən "bir əl"dən variantı da, indi yaranan qeyri-müəyyənlik və idarə olunan xaos metodologiyası da medianı hər iki ayağı axsayan struktura çevirməkdədir. 
Deməli, mətbuatın azadlığı, problemləri, mexanizmi və maliyyələşməsi ilə bağlı bu günə qədər aparılan işlər mənasız olub. 
Nə qəzetlər və portalların sıxma-boğmaya salınması, nə istintaq orqanlarında baş redaktorların dindirilməsi, nə tənqidçilərə qarşı senzura siyasəti effektiv olub. 
Niyə? - Çox sadə izahı var: hakimiyyət tənqidə yanaşmasını dəyişməyib və təqibetmə, qovma metodu "xəvaric media"nın meydana gəlməsinə səbəb olub. 
Bu haqda ətraflı fikirlərimizi bölüşəcəyik. Gəlin, əvvəlcə ötən həftə mətbuatla bağlı yayılan bir informasiyanın üstünə gedək.
Anaxeber.info xatırladır ki, geridə qoyduğumuz həftə iqtidar holdinqlərindən biri hakimiyyətin yeni ildən yeni siyasət yürüdəcəyi xəbərini yaydı. 
Bildirilirdi ki, KİVDF-nin bazasında yeni qurum yaradılır və ona geniş səlahiyyətlər, fəaliyyət sferası verilir. 
Məqsəd KİV-in inkişafının dövrlə ayaqlaşmasını təmin etmək, mobil, müasir mexanizmləri gətirməkdir. 
İnformasiyanın yayıldığı mənbənin hökumət "mətbəx"inə bələd olduğunu nəzərə alsaq, səhih məlumat olduğunu təxmin edə bilərik. Görünür ki, elektron mətbuat və onlayn televiziyalarla bağlı hansısa planlar var. Çünki bu sahə tam nəzarətsizdir.
Lakin hələ doğulmamış yeni qurumla bağlı indidən qeyd etmək olar ki, heç bir perspektivi, təsir gücü, fundamental dəyişikliklərə gətirib çıxara biləcək nəticəsi olmayacaq. 
Bu əminlik keçmişə söykənən təcrübədən və hadisələrdən irəli gəlir. Elə KİVDF-nin özünün də ümidləri doğrultmadığını söyləyə bilərik, mətbuatı ələbaxımlı etməkdən başqa funksiyası olmayıb.  
O baxımdan onun nəzdində yeni qurumun təsis edilməsi mediadakı problemlərin həllinə ciddi təsiri olacağı gözlənilmir.
Ən yaxşı halda müəyyən internet televiziyaları, hələ də psevdomüstəqil olan saytlar nəzarətə götürülə bilər. 
Ancaq hakimiyyət yeni dövrdə, müharibədə qalib gəlmiş ölkədə, ciddi kadr islahatları keçirmiş bir dövlətdə mətbuata olan yanaşmanı dəyişməlidir. 
KİV-i ələ almaq, yemləmək, tənqidin dozasını azaltmaq bumeranq effekt verməkdə davam edir. Əksinə, daxildə tənqidin və azadlığın məhdudlaşdırılması, hətta kobud desək, boğulması onun xaricə ixracı ilə müşayiət olunur.
Əgər zamanında ölkədə fəaliyyət göstərən tənqidçi KİV-lər bağlanmasaydı, bloklanmasaydı, dövlətə heç bir ziyanı, zərbəsi olmayan həmin azad saytlar, lap elə bizim əsassız yerə bağlanan Anaxeber.az saytı qapadılmasaydı, indi xaricdə bu qədər onlayn tv-lər, facebook kanalları, söyüşcül aparıcılar üzə çıxmazdı.
Məhz buradakı sağlam, ədəbli tənqidin sıxışdırılması, sıradan çıxarılmasının nəticəsidir ki, "xəvaric media" meydan sulayır.
Əgər hakimiyyət mətbuat siyasətini dəyişmək istəyirsə, ilk növbədə daxildə tənqid azadlığını genişləndirməlidir, KİVDF-nin tərkibində hansısa qurumlar yaratmağa, jurnalistikadan uzaq şəxslərin ora cəlb edilib büdcədən vəsaitlərin səmərəsiz xərclənməsinə ehtiyac yoxdur. 
Çünki yenə xaricdə istədiyini edən, danışan, söylədiyi fikirlərə görə heç bir hüquqi məsuliyyət daşımayanlar qabaqcıl olacaq, daha böyük auditoriya tərəfindən izləniləcək. 
Halbuki vaxtında Anaxeber.az kimi müstəqil KİV-lər həqiqəti yazanda düşmən gözündəydi, prokurorluğa çağırılıb xəbərdarlıqlar edilirdi, sonra həmin yazılanları özləri təsdiqlədilər -  korrupsionerlər ifşa edildi, qanun pozanlar həbs olundu, orduda, ayrı-ayrı nazirliklərdə yüksək çinli məmurların neqativ işləri, Mehdiyev klanından dediklərimiz haqda indi özləri, hakimiyyətə yaxın media orqanları danışmağa başlayıblar. 
Bəs obyektiv tənqidlərə görə onda niyə sıxma-boğma edirdiniz, bloklayırdınız?! 
Bax, yanlış siyasət bu gün fəsadlarını verməkdədir - hökumət daxildə tənqidin ağzını yummaqla xaricdə özünə qarşı böyük bir tənqidçi ordu yaratdı. 
Anaxeber.info yazır ki, ona görə yeni qurumlar yaradılması haqda baş sındırmaq lazım deyil, mətbuat strategiyası kökündən dəyişməlidir. 
Birincisi, dediyimiz kimi Mətbuat Şurası, KİVDF və başqa qurumların mövcudluğu, funskionallığı medianın inkişafına kömək etmir, onların ləğv edilməsi, sadəcə, monitorinq və ya analitik mərkəz yaradılması kifayətdir. 
Onun da səlahiyyəti mətbuatı izləmək, təhlil etmək və yanlışları hesabat şəklində təqdim etmək olmalı, əgər dövlət üçün təhlükə yaradan informasiya yayılıbsa, təhqir və ya şikayət varsa, bu işlə xüsusi xidmət orqanları məşğul olmalı, məhkəməyə müraciət varsa baxılmalı, sadalanan amillərdən kənarda KİV-ə azadlıqlar, müstəqillik verilməlidir. Bu, nə dövlətə, nə iqtidara ziyandır. 
Çünki Vətən müharibəsində qalib gələn ölkənin mediası və nümayəndələri də öz məsuliyyətlərini yaxşı qavrayırlar, peşəkarlar tənqidin dozasını, həddini bilirlər. 
İkincisi, ələbaxımlı, dotasiya mətbuatı olmasındansa, reklam bazarına heç olmasa nəzarət çərçivəsində azadlıq verilməlidir.
Bu, həm mediada rəqabəti gücləndirəcək, həm oxunaqsız, işləməyən, amma hansısa yollarla maliyyə alıb onu həzm-rabedən keçirən saytların, qəzetlərin ələnməsinə gətirib çıxaracaq, nüfuzlu, peşəkar, tirajlı KİV-lər reklam bazarında özünə yer tutacaq. 
Yəni, dünyada media bir biznesdir və ona subsidiya verməkdənsə, gəlir qazanmaq imkanları yaratmaq lazımdır. 
O zaman dövlətin mediaya ayırdığı milyonlara, qeyri-rəsmi ödənişlərə qənaət olunacaq. 
Və bu, heç də özünü reklamla təmin edəcək media orqanlarının tam azad olub istədiyini yazmaq anlamına gəlməsin.
Üçüncüsü, media xortdan deyil, ondan çəkinmək, sıxışdırmaq başucalığı gətirmir, ölkədə yüzlərlə jurnalist kirayədə yaşayır, gəlirləri, maaşları yüksək deyil, bir taksi şoferindən çox qazanmırlar, əmək müqavilələri əksəriyyətinin yoxdur, gələcəkdə pensiya təminatı üçün sığortası yoxdur. 
Nəzərə alsaq ki, jurnalist zehni əməklə məşğuldur, ziyalıdır, ictimai rəyə təsir edir, o zaman onların rifahının yaxşılaşdırılması üçün medianı KİVDF vasitəsilə maliyyələşdirməkdənsə, azad reklam bazarına şərait yaratmaq lazımdır. 
Bu gün isə Əli Həsənov - Ramiz Mehdiyev dönəminin media yanaşmasından fərqlilik görünmür, ənənəvi problemlər, arxaik məsələlər aktualdır, yeniliklər olmayıb, nə KİV-in maliyyə, nə tənqidi azadlıqlar istiqamətində irəliləyiş var...
Anaxeber.info 
Turan
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar