Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Rusiya Azərbaycan meyllidir" - Ermənistanda Paşinyan-Əliyev-Putin görüşündən narazıdırlar

13-01-2021, 17:08   



Putin, Paşinyan, MoskvaŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENCY

Ermənistanda Ermənistan Baş naziri, Azərbaycan və Rusiya prezidentləri arasında Moskva görüşünün nəticələrindən narazıdırlar. Ölkədə ilk növbədə Qarabağ müharibəsi nəticəsində və sonra Azərbaycan tərəfinə əsir düşmüş hərbi əsir və mülki şəxslərin qaytarılması haqqında razılıq əldə ediləcəyini gözləyirdilər.

Moskva danışıqları Ermənistanın birinci ombudsmanı, "Hüquqi zorakılıq əleyhinə" qeyri-hökumət təşkilatının rəhbəri Larisa Alaverdyanın sözlərinə görə, Ermənistan üçün uğursuz olub.

Yanvarın 11-də Nikol Paşinyan, İlham Əliyev və Vladimir Putin arasında danışıqlar zamanı Azərbaycanda saxlanılan, erməni tərəfinin məlumatına görə, təxminən 200 nəfər əsir məsələsi müzakirə olunmayıb, BBC News Azərbaycancanın müxbirinə Alaverdyan deyib.


"Yeganə müsbət məqam məhz danışıqların aparılması faktıdır. Danışıqlar aparılan halda müharibə olmaz", - o deyir.


"Ermənistanı hazırda daha çox narahat edən məsələ - əsir və girov götürülmüş insanların buraxılması həll olunmadı. Digər məsələlərin bizim üçün nə dərəcə aktual olduğunu demək çətindir", - Qlobalizasiya və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan deyir.

"Erməni tərəfi üçün daha bir mühüm məsələ - Dağlıq Qarabağın statusu üzrə danışıqların başlanmasıdır. Bu da baş tutmadı", - Stepan Qriqoryan BBC News Azərbaycancanın müxbirinə deyib.

Yolların və kommunikasiyaların açılması məsələləri isə həmişə müzakirə oluna bilən mövzudur və onun nəticələri Ermənistan üçün də faydalı ola bilər, politoloq hesab edir.

"Odur ki, imzalanmış sənəd Ermənistan üçün aktual deyil, Ermənistanın bugünkü maraqlarını əks etdirmir".

Moskva, Putin, İlham Əliyev, Nikol PaşinyanŞƏKLİN MƏNBƏYİ,MANE GEVORGYAN

Ermənistan Baş naziri Paşinyan da Rusiya və Azərbaycan prezidentləri ilə danışıqlardan sonra keçirilən brifinq zamanı Dağlıq Qarabağın statusu və əsirlər məsələsinin həll olunmadığından gileylənib və "çox qısa bir müddətdə konkret bir nəticə" əldə ediləcəyinə ümid etdiyini bildirib.

Stepan Qriqoryan hesab edir ki, Paşinyanın ümid etdiyi məsələlərin Moskva danışıqları əsnasında və ya yaxın gələcəkdə həll olunmasını gözləmək "sadəlövhlük olardı".

"Mən elə bilirəm ki, Paşinyan da status məsələsinin danışıqlarda həll olunacağına ümid edirdi. Bu məsələ ilə bağlı mənim gözləntilərim, necə deyərlər, dumanlıdır", - Qriqoryan deyib.

Bunun səbəbi, politoloqun sözlərinə görə, ondadır ki, "vəziyyəti Rusiya idarə edir", Rusiya isə "hazırda çox sərt Azərbaycanmeyyli mövqedədir".

"Bu gün, demək olar ki, Rusiya özünü vasitəçi kimi aparmır, daha çox birtərəfli Azərbaycanın tərəfindədir. Məni bu hal təəccübləndirir. Lakin hazırda bu belədir. Vladimir Putin də, müharibədən sonra (Rusiya XİN rəhbəri) Sergey Lavrov da bu mövqedən çıxış ediblər", - o qeyd edib.

Eyni zamanda Stepan Qriqoryan vəziyyətin dəyişəcəyinə ümid edir: "Fransa və ABŞ - xüsusilə, Joseph Biden rəsmən prezident vəzifəsinə gələndən sonra - onlar Qarabağ məsələsinin siyasi hissəsinə dair daha sərt mövqedən çıxış edə bilərlər".

Sabiq iqtidar Ermənistan Respublikaçı Partiyası parlament fraksiyasının üzvü, siyasi icmalçı Karen Bekaryan hesab edir ki, Qarabağ müharibəsində "itkilərdən sonra, 10 noyabr (atəşkəs haqqında) sənədi imzaladıqdan sonra Paşinyanın Ermənistanı təmsil etmək, Ermənistanın maraqlarını təqdim etməyə haqqı yoxdur: nə mənəvi, nə də siyasi".

"Moskva görüşü Prezident İlham Əliyevə Qarabağ (44 günlük) müharibəsinin nəticələrini legitimləşdirmək üçün lazımdır", - BBC News Azərbaycancanın müxbiri ilə söhbətində Karen Bekaryan deyib, Ermənistan Baş nazirinin danışıqlarda iştirakını isə o, "biabırçılıq" adlandırıb.

"İmzalanmış yeni bəyanatın bu insanların taleyinə, həyatına, onları gözləyən ailələrin çəkdiyi əzablara heç bir aidiyyəti yoxdur. Bir halda ki, ilk növbədə humanitar məsələlər - əsir, girov və başqa saxlanılan şəxslərin, həmçinin, cəsədlərin qaytarılması - həll olunmalıdır. İqtisadi və kommunikasiyaların açılması məsələləri sonra da müzakirə oluna bilər", - o deyib.

Lakin Bekaryan Paşinyanın başçılıq etdiyi hakimiyyətin heç bir problemi həll etmək iqtidarında olmadığını bildirir, hökumət başçısının özünü "bir nömrəli problem" adlandırır.

Ermənistan Milli Məclisinin müxalif "Zəkalı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan da Paşinyanın Moskva görüşündə əsir və girovlar məsələsi ilə bağlı heç bir nəticə əldə edilmədiyinə görə tənqid edib.

O, Facebook səhifəsində iqtidar tərəfdarlarının Moskva danışıqlarından sonra "nikbin ovqatlarına təəccüb" etdiyini bildirib.

"Moskvada görüşün yekunlarına dair üçtərəfli sənəd dərc olunduqdan sonra bütün iqtidarmeylli KİV-lər böyük sevinclə yeni razılaşmalara əsasən, Ermənistanı İranla və Rusiya ilə birləşdirən dəmir yolunun açılacağını qeyd edirdilər. Baxmayaraq ki, erməni xalqının bu görüşdən bircə gözləntisi olub - hərbi əsirlərin tezliklə qaytarılması haqqında razılaşma", - Marukyan yazıb və əlavə edib ki, yenə də müzakirələr (Moskvada) "sırf düşmənin gündəliyinə əsasən keçib və yalnız düşmən tərəfindən qaldırılan suallar ehtiva edən sənədlər imzalanıb".

Bu arada iqtidar "Mənim addımım" parlament fraksiyasının üzvü, Xarici Əlaqələr Komissiyasının sədri Ruben Rubinyan bəyan edib ki, Ermənistan "Azərbaycan tərəfinin nəzarəti altında olan" keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazilərinin "Dağlıq Qarabağ Respublikasına" qaytarılması məsələsini qaldırmağa hazırlaşır.

"Bu məsələ qaldırılır və qaldırılacaq, və mən hesab edirəm ki, bu da gələcək danışıqların müzakirə mövzusu olmalıdır", - Rubinyan Azatutyun radiosuna müsahibəsində deyib.

Vazgen Manukyan: "Bu, Ermənistanın növbəti biabırçı məğlubiyyətidir"

Müxalifət nümayəndəsi Vazgen Manukyan hesab edir ki, Nikol Paşinyan Moskvada erməni tərəfin mövqeyini müdafiə edə bilməyib, Azərbaycan tərəfi isə "yenə öz istədiyini ala bilib".

Müxalif Vətənin Qurtuluşu uğrunda Hərəkatının Baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanatı Ermənistanın "növbəti biabırçı məğlubiyyəti" adlandırır.

Vazgen ManukyanŞƏKLİN MƏNBƏYİ,FACEBOOK.COM/PRKUTYAN.SHARZHUM

"Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi, əsirlər məsələsində isə əliboş qalıb. Azərbaycan isə növbəti dəfə istədiyini əldə etdi", - Manukyan Hərəkatın Facebook səhifəsində dərc etdiyi bəyanatda qeyd edib.

Manukyanın sözlərinə görə, daha əvvəl qəbul olunmuş 9 noyabr birgə bəyanata əsasən, Azərbaycan tərəfi arzuladığından da artıq əldə edib. Bununla belə, onun sözlərinə görə, Bakı vaxtaşırı sənəddə qeyd olunan müddəaları pozur: məsələn, tərəflərin atəşkəsdən sonra tutduqları mövqedə qalmaq və əsir və girov, eləcə də başqa saxlanılan şəxslərin və cəsədlərin mübadiləsi haqqında tələblər.

Öz məqaləsində Manukyan belə qənaətə gəlir: Moskva görüşü və qəbul olunmuş bəyanat bir daha onu sübut edir ki, "Nikol Paşinyan Ermənistan və erməni xalqının maraqlarını irəli sürmək iqtidarında deyil".

"Məğlubiyyət simvolu getməlidir, əks təqdirdə bizim itkilərimiz və alçalmalarımız davam edəcək", - o yazıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar