Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dağlıq Qarabağın statusu: Azərbaycan “tarixə qovuşub”, Ermənistan “müzakirə olunmalı”, Rusiya isə “unudulmadığını” deyir

16-01-2021, 09:54   



Azərbaycan Prezidenti İlham Əliyev bu gün bir daha Dağlıq Qarabağın statusunun, onun təbirincə "gorbagor" olduğunu bildirib.

"İşğal dövründə ermənilər qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar... Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin "parlamenti" binasının inşası yarımçıq qaldı. "Parlament" də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev cümə günü mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı səsləndirib.

Beləliklə o, Dağlıq Qarabağın statusu məsələsinin onun gündəliyində olmadığını prezidentlər İlham Əliyev və Vladimir Putin və Baş Nazir Nikol Paşinyan arasında bu həftənin əvvəlində Moskvada keçirilmiş görüşdən sonra bir daha vurğulamış oldu.


  • Həmin görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan "Dağlıq Qarabağın statusunun hələ də həll olunmadığını " və Dağlıq Qarabağ probleminin öz həllini tapmadğını desə də, Prezident Əliyev bu münaqişənin artıq "keçmişdə qaldığını" bildirmişdi.

Azərbaycan İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonra da Dağlıq Qarabağın statusu məsələsinin müzakirə olunmayacağını dəfələrlə bəyan edib.

Ermənistan isə bu məsələni öz gündəliyindən çıxarmadığını bildirir.

Cümə axşamı günü Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağ münaqişəsinin tənzimlənməsinin "Artsax (ermənilər Dağlıq Qarabağı belə adlandırır - red.) xalqının öz müqəddaratını təyin etməsinə əsaslandığını" bəyan edərək, Ermənistanın "bundan sonra da Artsax xalqının öz müqəddaratını təyin etməsi və təhlükəsizliyi mövqeyindən çıxış edəcəyini" bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı "Ermənistan xarici işlər nazirinin əsassız iddias"ı adlandıraraq, "Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik" açıqlamasını verib.

Ritorika

Siyasi təhlilçi Azər Rəşidoğlu "savaş hələ tam bitmədiyi üçün və belə hallarda kəskin sərt ritorikanın müşahidə olunduğunu" deyir.

O, BBC News Azərbaycancaya şərhində deyib ki, "adətən kəskin ritorika danışıqlar prosesi başlayanda dəyişir".

O düşünür ki, Azərbaycan axıradək sərt ritorika sərgiləyə "bilməz", çünki buna dünyanın verəcəyi reaksiya da fərqli ola bilər:

"Antiterror əməliyyatı keçirərək öz ərazilərimizi bərpa etmişik və bundan sonra danışıqlara açıq və hazır olduğumuzu nümayiş etdirməliyik. Lakin əlbəttə ki, bu, Azərbaycanın ərazi bütovlüyü və Azərbaycan Konstitusiyasına hörmət çərçivəsində həyata keçirilməlidir".

O xatırladır ki, hazırda 48 min erməni Qarabağa qayıdıb, ancaq azərbaycanlılar oraya qayıtmayıblar. Məhz Azərbaycan vətəndaşları da DQ-a qayıtdıqdan sonra "hər hansı bir formada seçkilərin keçirilməsindən danışmaq olar", o deyir.

"Digər tərəfdən Ermənistan hələ də Azərbaycanın ərazi bütovlüyünü tanımır. Hələ də Artsax, Dağlıq Qarabağ Respublikası ifadəsi işlədilir və bütün bunlar hansısa seçkinin, referendumun keçirilməsinin perspektivini heçə endirir", o əlavə edir.

Status nə ola bilər?

Azər Rəşidoğlu hesab edir ki, status məsələsində söhbətin müstəqil ölkə statusundan getmədiyi qənaətindədir, lakin Qarabağda yaşayan ermənilərin "statusu müəyyən olunmalıdır".

" Azərbaycan Konstitusiyasını qəbul edən, ərazi bütövlüyünə hörmətlə yanaşan Azərbaycan vətəndaşı olan ermənilərə yanaşı yaşamaq hüququ veriləcək. Bu baxımdan hər hansı formada onların statusu müəyyən olunmalıdır. Bu, mütləq şəkildə muxtariyyat statusu olmaya da bilər. Hər hansı bir formada Dağlıq Qarabağın erməni icmasnın, eləcə də azərbaycanlı icmasının müştərək şəkildə idarəetməyə cəlb olunması məsələsinə baxıla bilər".

Təhlilçi ətraf rayonların da birləşdirilərək böyük bələdiyyələrin yaradılması kimi modellərin işə salına biləcəyini, "ancaq savaşın taleyi tam bəlli olmadığı üçün bunun üçün hələ vaxtın olduğunu" vurğulayır.

Təhlilçi vurğulayır ki, burada daha çox narahatedici məsələ gələcəkdə rus sülhməramlılarının Qarabağda olması və gələcəkdə hərbi baza statusunun verilməsi ehtimalıdır.

"Güman edirəm ki, bu məsələ parlamentdə və ictimaiyyət arasında müzakirə olunmalı və Rusiya sülhməramlılarının həqiqətənmi 5 il qalacağı, doğrudanmı 2 min say tərkibi olacağı və nə vaxt gedəcəyi məsələsi daha ciddi şəkildə araşdırılmalıdır. Biz Birinci Qarabağ savaşında gördük ki, Rusiyanın və onların sülhməraml və digər adda orada mövcud olan qoşunlarından gəlir".

Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini olmuş erməni əsilli amerikalı alim Jirayr Libaridyanın sözlərinə görə, DQ erməniləri üçün azlıq statusu və ya hansısa muxtariyyət məsələləri ortaya çıxa və müzakirə mövzusu ola bilər.

O, bu həftə Caucasus Edition jurnalının keçirdiyi onlayn müzakirədə deyib ki, Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması məsələsi artıq danışıqlar masasında deyil.

Rusiya və Ermənistan arasında status güləşməsi

Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın əvvəlində öz rəsmi saytında dərc etdiyi "44 günlük müharibənin qaynaqları" başlıqlı məqaləsində yazıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planı kimi 7 rayonu Azərbaycana qaytarmağı, qaçqınların qaytarılmasını və Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsini təklif edib. "Təkliflər paketi Dağlıq Qarabağın statusuna qətiyyən toxunmur, bu məsələdən vaz keçir," - Ermənistan Baş naziri yazıb.


Bu məqaləyə bu həftə cavab verən ATƏT-in Minsk qrupundakı rusiyalı həmsədri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Popov deyib: "Rusiyanın yeddi rayonu "elə-belə" geri qaytarmağı, status haqqında unudub sakitləşməyi təklif etdiyini iddia etmək həqiqəti əks etdirmir"

"Tərəflərin razılaşdırdığı müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağ əhalisinin iradəsini sərbəst ifadə edən və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, hüquqi məcburi xarakter daşıyan ümumxalq səsverməsi keçirərək Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi. Bu zaman səsverməyə çıxarılan sualın və ya sualların qurulması heç cür məhdudlaşdırılmayacaq və səsvermənin hər hansı bir nəticəsinə tərəflər hörmətlə yanaşacaqlar," - İqor Popov deyib.

Azərbaycan İqor Popovun "ümumxalq səsverməsi" barədə fikirlərinə reaksiya verməyib.

Anaxeber.info
  • Aygül Mehman
  • BBC News Azərbaycanca
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar