Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinə qarşı "rus qışı": demokratiyanın ixracında ilk adres - Rusiya

19-01-2021, 09:30   


Rusiyada demokratiya heç vaxt qalib gəlməyib. Bu, 300 illik ömür sürən Romanovlar sülaləsindən bəri dəyişməyən tarixdir. 
Rus meşşanı da, ziyalısı da, burjuyu da demokratiya uğrunda son nəfəsinə qədər fədakarlıq etməyib. Son 30 ildə rusların nə Maydan hərəkatı, nə “Gezi parkı”, nə “rus baharı” olub...
Anaxeber.info amerikalı sosioloq Leo Hibermanın “Sosializmin əlifbası” kitabına istinadən yazır ki, amerikalıların sosializm haqda bildikləri tək şey onun qorxulu nəsə olmasıdır. Yəni, görmədikləri quruluşun onlar üçün faydalı olub-olmadığını bilmirlər. 
Bu medalı tərsinə çevirsək, görə bilərik ki, çox qədim tarixi olmayan rus xalqının da demokratiya, azadlıq haqda təsəvvürləri və tək bildikləri onun nicat gətirməyən bir proses olduğunu mənimsəmələridir. 
Onlar demokratiyanın ixrac edilən əmtəə, sırınan saxta mal olduğunu düşünürlər, inanmırlar. Ona görə ruslara demokratiya üfüqdə görünüb. 
Qonşuluqdakı ukraynalılar, gürcülər, ermənilər rəngli inqilablar etdiyi, qardaş belaruslar cəhd elədiyi halda rus cəmiyyəti tükünü tərpətməyib.
ABŞ-da mühacir olmuş yazıçı Sergey Dovlatov deyirdi ki, Amerikada azadlıq var, oxucu yoxdur, SSRİ-də isə azadlıq yoxdur, oxucu var. 
O deməkdir ki, rusların azadlıqla təhsilə, mədəniyyətə, teatra, kitaba münasibəti kəskin fərqlənir. Azad cəmiyyət olmaya, vətəndaş hüquqları tapdana bilər, amma savadlı, bilikli toplum ruslar üçün daha alidir. 
Ona görə ruslar heç zaman demokratiya, azad media, azad seçki uğrunda qan tökməyiblər. 1917-ci ildən bu yana rus xalqı inqilab etmir. 
Müasir siyasətdə isə rus meşşanları, obıvatelləri elə fikirləşirlər ki, demokratiya “soyuq müharibə”də olduqları Qərbdən gələn zəhərli maddədir, ölkəni parçalamağa, süqut etdirməyə, zəiflətməyə yönəlikdir. 
Məhz bu düşüncə rus xalqının beynində hakim olduğu üçün onlar 1917-ci ildən sonra azad cəmiyyət uğrunda mübarizə haqda yox, onların yerinə fikirləşən, onların əvəzindən qərar verən diktatorları seçiblər, avtoritarlara biət ediblər. Baxın - Stalindən Putinə qədər...
Rus xalqı “vodka” düşkünü, gitarist, Amerika liberalizmindən bihuş olmuş Yeltsini qəbul etmədi, onlara həmişə “dəmir əl” lazımdır.
Son illərdə Rusiya prezidenti Vladimir Putinin opponentlərinin də Qərbpərəst olmaları onları siyasi mübarizədə uğursuzluğa düçar edib.
İstər Nemtsov olsun, istər Berezovski, istərsə Navalnı...Yeri gəlmişkən, Putinin rəqibləri bu və ya digər şəkildə sui-qəsdlə qurban olublar.
Anaxeber.info bildirir ki, Rusiyada gənc nəslin populyarlığını qazanmış Boris Nemtsovun uğur qazanmayacağı bəlliydi. 
Onun pleyboy davranışları, rus xarakterinə zidd olan hədsiz sərbəstliyi, Qərbpərəstliyi rus xalqı tərəfindən qəbul olunmadı. Onun qətlindən sonra da Rusiyanı uzunmüddətli kütləvi nümayişlər bürümədi. 
Ona görə Rusiya siyasətində Qərbin ağzı ilə danışmayan, Avroatlantik məkana inteqrasiyadan az danışan, millətçi, bir qədər də şovinist, yaşlı nəslin sovet nostalgiyası damarına basa bilən fiqur yalnız Putin və onun əlindəki gen-bol güclü resurslara qarşı nisbətən döyüşə bilər. 
Bu mənada Aleksey Navalnı qismən parametrlərə uyğun gəlir. Düzdür, onun zəhərlənməsindən sonra Almaniyaya aparılması, Qərb tərəfindən qəbul edilməsi, bu sui-qəsdə görə Putin administrasiyasındakı bir sıra məmurlara sanksiyalar tətbiq olunması yenə də Rusiya obıvateli tərəfindən xoş qarşılanmayacaq. 
Ruslar milli lider istəyirlər. Amma onun müalicədən sonra ailəsini və həyatını düşünmədən Almaniyadan vətəninə qayıtması kifayət qədər ciddi, vətənpərvər addım idi. Bu, daxili auditoriyada böyük populyarlıq qazanmasına səbəb olacaq. 
Çünki dünənə qədər korrupsiyaya qarşı mübarizə aparan bloger haqda ictimai rəydə belə fikirlər formalaşdırılmışdı ki, güc qruplarının kompromat savaşında vasitədir, klanlar arasında mübarizədə ifşaedici rupor rolunu oynayır. 
Ancaq Navalnı ölkəsinə dönməklə indi ciddi siyasətçi imici, Putinə əsas rəqib statusu əldə etmiş oldu. Üstəgəl, təyyarə hava limanına enər-enməz onun həbs edilməsi, 60-dan çox tərəfdarının saxlanması nüfunuzu birə beş qaldırdı. 
Beləliklə, heç bir partiyası, təşkilatı olmayan, ənənəvi müxalifət bankında yer almamış Navalnı birdən-birə özünə ciddi elektorat toplayır, sosial mediada fenomenə çevrilir, Rusiya siyasi dairələrində və ictimai-siyasi həyatında sui-qəsdən sonra əhəmiyyətli fiqura çevrilir, Putin kimi dünya ilə vuruşan liderə rəqib olur. 
Bu, Rusiyada demokratiya uğrunda mübarizə üçün yeni tumurcuqlardır. Onun 30 sutkalıq həbsi prosesi məhvərindən qopara bilər. Artıq Navalnı həbsxanadan xalqı küçələrə çağırıb. 
O, müraciətində deyib ki, mənim yox, öz haqlarınız üçün ayağa qalxın, haqqınızı oğrulardan alın. Bu çağırış yəqin ki, Rusiyanı silkələyəcək.
Onsuz da ötən ildən gərgin olan vəziyyət, Xabarovskidən başlamış kütləvi aksiyalar Navalnının çağırışından sonra yeni rəng ala bilər.
Çox güman ki, 20 yanvardan sonra Rusiyada demokratiya üçün “rus qışı” başlanacaq. Bu, təsadüf deyil. 20 yanvarda Cozef Baydenin inaqurasiyası keçirilir və Demokrat Partiyasının seçkidə qalib gələn namizədi ABŞ prezidenti kürsüsünə qalxır, yenidən dünyaya demokratiyanın ixracına vüsət verilir. Və ilk ünvan - Rusiyadır. 
Bir yandan Qərb sanksiyaları gücləndirəcək, digər tərəfdən Navalnı yeni hərəkat başladır, Rusiyada demokratik inqilab 104 il sonra baş verə bilər.
O, “Yel” universitetinin gənc demokratik kadrlar proqramının iştirakçısıdır. Onlarda “Deep state” deyirlər, yəni, dərin dövlət. Görək, nələr olacaq...

Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar