Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyadan oyunbazlıq: Paşinyanın adamları Qarabağa ayaq açıb - Kim “yaşıl işıq” yandırır?

22-01-2021, 09:35   



Rusiya diplomatik dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, davranışları və sülhməramlılarının Qarabağdakı fəaliyyəti belə demir.
Anaxeber.info-nun verdiyi məlumata görə, Ermənistan rəsmilərinin, hakimiyyət nümayəndələrinin Dağlıq Qarabağa səfərləri səngimir.
Rus sülhməramlılarının missiyası Laçın dəhlizinə nəzarət olsa da, 10 noyabr sazişinin ruhuna zidd olaraq ermənilərin Xankəndinə ayaq açmasına şərait yaradırlar. Bu gediş-gəliş son həftələrdə intensivləşib.
Razılaşmada yalnız logistikanın təhlükəsizliyinə zəmanət verdiyimiz halda, həftədə bir erməni İrəvandan Dağlıq Qarabağa qanunsuz səfər edir. Növbəti səfər yanvarın 22-24 aralığına təsadüf edir. Bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyan diaspor üzrə heyət göndərir.
Aydın məsələdir ki, Paşinyan daxildə xalqı sakitləşdirmək üçün bu provokativ qərarları verir. Onun məqsədi “artsax”ın mövcudluğunu cəmiyyətə göstərməkdir. Guya qondarma respublika həyatdadır.
Rəsmi İrəvanın təxribatçı addımlarını anladıq, halbuki Moskvadakı konstruktiv görüşün xarakterinə ziddir, Azərbaycanın ərazi bütövlüyünə təhdiddir. Bəs Rusiya niyə buna şərait yaradır? 
Sülhməramlı qüvvələr öz missiyasını yerinə yetirmir, Ermənistandan Dağlıq Qarabağa gələnlərə qapıları taybatay açırlar. Üstəlik, bu rus qoşunlarının və onun komandanı Rüstəm Muradovun özfəaliyyəti deyil.
Rəsmi Moskva belə qənaətdədir. Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışı ermənilərin Qarabağa ayağını açıb.
XİN başçısı bir yandan başımızı tumarlayır, deyir ki, Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ekzotikdir, mümkün deyil, habelə statusun olmayacağına da eyham vurur.
“Bizim isə bu ağlımızın ucundan da keçmir”, - deyə Lavrov Bakının könlünü alır, Qarabağa qayıtmış ermənilərə guya rus pasportu veriləcəyi yalanlarını suya düşürür. 
Bir tərəfdən isə Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söyləyir. 
Lavrov demək istəyir ki, əgər Azərbaycanın Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır. Və buna görə Azərbaycandan icazə alınmamalıdır. 
Heyhat! Anaxeber.info hesab edir ki, Lavrovun çıxışı və ayın 22-də Paşinyanın Qarabağa heyət göndərməsi rəsmi Bakının mövqeyi ilə daban-dabana ziddir. 
Prezident İlham Əliyev Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərinə sərt reaksiya verərək bildirmişdi ki, heç bir xarici vətəndaş icazəmiz olmadan o əraziyə gedə bilməz: 
“Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. 
Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.
Amma buyurun, Paşinyan və rus sülhməramlıları 10 noyabr bəyanatını pozurlar. Biz Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədən erməni silahlı birləşmələrinin dərhal evakuasiya edilməli olduğunu, Laçın dəhlizinə nəzarəti gücləndirməyi, sərhəd-gömrük məntəqəsi yaradılmasının vacibliyini söylədiyimiz halda Ermənistan rəsmiləri kefi istəyəndə Dağlıq Qarabağa gəlir, “dqr” başçısı Araik Aryuntuyanla görüşür, şəkil çəkdirir, özlərini ikinci “erməni dövləti”ndə hiss edirlər.
Buna son qoyulmalıdır, tezliklə sülh müqaviləsi hazırlanmalıdır, gərginliyi artıran belə hallar aradan qaldırılmalıdır, Ordu tərəfindən sərt tədbirlər görülməlidir. 
Biz Ermənistandan siyasətçilərin, hökumət rəsmilərinin, XİN rəhbərinin Xankəndinə gəlməsinə şərait yaradılması aktına qol çəkməmişik.
Bu halda Lavrov - Paşinyan - sülhməramlı triosu bu təxribatlara niyə rəvac verir? Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi adlandırdığı təqdirdə Lavrovun açıqlaması və sülhməramlıların Laçın dəhlizini karvansaraya çevirməsinin anlamı nədir? Belə aydın olur ki, ruslar ikibaşlı oynayır.
Əslində 10 noyabr sazişi Azərbaycanla Ermənistandan daha çox Rusiyanın maraqlarına daha uyğun gəlir. Əgər münaqişə köklü həllini tapsaydı, Ordumuz erməni silahlı qüvvələrini Ağdərə, Xocavənd istiqamətindən çıxarsaydı, Xankəndi də Şuşa kimi azad olunsaydı, o zaman Moskva tərəflərə təsir etmək üçün heç bir rıçağa malik olmayacaqdı, sülhməramlı qüvvələri yerləşdirməyə də zərurət qalmayacaqdı. O halda İrəvanın Bakıdan yalvarışları, xahişləri daha çox ola bilərdi. Hətta sülh sazişi tez və fərqli bağlana bilərdi. 
Ancaq işğal probleminin yerli-dibli həll olunmaması, 10 noyabr anlaşması Kremlin tarixi arzularını həyata keçirdi - Ordusu sülhməramlı adı ilə Qarabağda, yəni Cənubi Qafqazda, ondan qurtulmaq istəyən, Avroatlantik məkana inteqrasiya tərəfdarı olan Paşinyan tam qopa bilmir, yenə Moskvadan asılılıq, o cümlədən erməni silahlıları Dağlıq Qarabağdan çıxmır, indi də Ermənistandan rəsmi şəxslər bölgəyə ayaq açıb, beləliklə, münaqişə fundamental şəkildə həllini tapmayıb. Bu, elə məhz Rusiyaya lazım idi və azı 5 il rus əsgəri Qarabağdadır...
Anaxeber.info
Turan

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar