Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ Azərbaycana ayrılan yardımlara yenidən nəzər sala bilər

24-01-2021, 08:51   



Ekspert: “Minsk Qrupu çərçivəsində Vaşinqtonun mövqeyi kifayət qədər laxlayıb”
ABŞ-ın yeni dövlət katibi Antoni Blinken Ermənistanın təhlükəsizliyi və gücləndirilməsində ABŞ-ın yeni rəhbərliyini dəstəklədiyini ifadə edib.
Amerika Erməni Milli Komitəsi (ANCA) saytında bu barədə məlumat yerləşdirib.
Qeyd olunur ki, Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin təqdim etdiyi protokol suallarına ətraflı cavab verən Antoni Blinken "Ermənistana təhlükəsizlik, demokratiyanın gücləndirilməsi və iqtisadi böyüməni təşviq etmək üçün yardım göstərin. Hər iki halda da Ermənistanın təhlükəsizliyini və sabitliyini gücləndirin",- deyə söyləyib.
O əlavə edib: “Dağlıq Qarabağda baş verən son hərbi əməliyyatlara görə rəhbərliyimiz Azərbaycana təhlükəsizlik yardımımızı nəzərdən keçirəcək. Şərtlər uyğun olarsa, Bayden-Harris rəhbərliyi Azadlığa Dəstək Aktının 907-ci maddəsinə əsasən tələblərdən imtina etməyə hazır olacaq”.
A.Blinken qeyd edib ki, o, ABŞ-ın Dağlıq Qarabağın təhlükəsizliyini qoruyan və yeni bir müharibənin başlamasının qarşısını alan Dağlıq Qarabağ münaqişəsinə qəti bir həll yolu tapmağı yenidən gündəmə gətirəcək:
“Buraya ABŞ-ın həmsədri olduğu Minsk Qrupu vasitəsilə əlaqəmizi sürətləndirmək və üçüncü tərəflərin daha çox müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik işlər də daxildir".
Antoni Blinken
Antoni Blinken
Mənbə: https://anca.org/
Məlumatı Meydan TV-yə şərh edən Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev xatırladıb ki, Azərbaycan Vaşinqtonun anti-terror əməliyyatlarına qoşulandan sonra 2001-ci ildə ABŞ-da prezidentə 907-ci düzəlişi təxirə salmaq səlahiyyəti verildi:
“Bugünkü reallığa baxanda ABŞ-da belə bir fikir formalaşır və formalaşmalıdır ki, 907-ci düzəliş tamamilə ləğv olunmalıdır. Çünki 1992-ci ildə düzəliş qəbul olunanda müharibə şəraiti idi və iddia olunurdu ki, Türkiyə və Azərbaycan Ermənistanı, Dağlıq Qarabağı mühasirədə saxlayır. Ona görə 2020-ci ilin 10 noyabr və bu ilin 11 yanvar bəyanatlarından sonra Amerika düzəlişin tamamilə ləğv olunması fikrinə gəlməlidir, səbəb də odur ki, artıq blokada yoxdur. Bu baxımdan, dövlət katibinin suala cavabı situativ xarakter daşıyır, qəti deyil. Əgər 907-ci düzəlişin yenidən bərpa olunması yönündə addım atılarsa, - məsələ ondadır ki, 90-cı illərdə Azərbaycanın iqtisadi resursları yox idi, - yardımların dərəcəsi o qədər də böyük olmayacaq. Həm də yeni administrasiyanın strategiyasının davamlı olmadığını və münaqişənin ən azı humanitar sahədə həllinə, tamamilə aradan qaldırılmasına dəstəyini zəiflədə bilər. Onsuz da Minsk Qrupu çərçivəsində Vaşinqtonun mövqeyi kifayət qədər laxlayıb. Ümumiyyətlə, hazırkı formatda Minsk Qrupunun işinin davam etdirilməsi müəyyən qədər problemli xarakter daşıyır. İlk öncə nəyin müzakirə olunması gündəliyə gələcək, əgər yekun sülhdən söhbət gedirsə, Minsk Qrupu hansısa rolu oynaya bilər, amma hazırkı Minsk Qrupu yox, genişləndirilmiş formatın olması vacibdir. Genişləndirilmiş Minsk Qrupu odur ki, yalnız həmsədr ölkələr yox, eyni zamanda, daimi üzv ölkələrin iştirakı təmin olunsun. Bura İsveç, Almaniya və Türkiyə də daxildir. Yəni elə bir format tapılmalıdır. Beləliklə, Minsk Konfransının keçirilməsi o halda mövcud ola bilər ki, daha çox ölkələr prosesə qoşulsun. Bir daha təkrar edirəm, hansı məsələ müzakirə olunacaqsa, format ikinci dərəcədir”.
Zaur Şiriyev
Zaur Şiriyev
Mənbə: Facebook
Siyasi icmalçı Şahin Cəfərli media və sosial şəbəkələrdə Amerika Erməni Milli Komitəsinin (ANCA) İcraçı direktoru Aram Amparyanın bəzi fikirlərinin yeni dövlət katibi Antoni Blinkenin adına yazıldığını qeyd edib.
Bu barədə “Facebook” səhifəsində məlumat paylaşan Şahin Cəfərli yazıb:
"Tramp hakimiyyəti 2 ay boyunca Azərbaycanın təcavüzünü sakitcə izlədi...", ABŞ-ın yeni dövlət katibi Blinken adından yayılan bu sözləri o yox, Amerika Erməni Milli Komitəsinin direktoru Aram Hamparyan deyib.
Şahin Cəfərlinin sözlərinə görə, Antoni Blinkenin söylədiklərində xoşagəlməz əsas məqam Azərbaycana ayrılan yardımlara yenidən nəzər salacaqları barədə dedikləridir:
“Bu, qarşılıqlı dialoqla çözülə biləcək bir məsələdir. Əslində ABŞ yardımlarının bizim üçün maddi yox, siyasi tərəfi önəmlidir. Əslində, yardımın həcmi elə də böyük olmur. Əgər yardımları Qarabağ məsələsi kontekstində, guya Azərbaycanın hansısa hüquqa zidd addımları səbəbi ilə dayandıracaqlarsa, onda postsovet məkanında aktivləşməyə hazırlaşdıqları indiki məqamda öz siyasətlərinə zərbə vuracaqlar. Çünki Rusiyanın təsirini məhdudlaşdırmaq və onu sıxışdırmaq istəyirlərsə, Azərbaycanla dostluğa və əməkdaşlığa da ehtiyacları var. Yox, yardımın dayandırılmasını bizdəki insan haqları problemləri ilə əlaqələndirəcəklərsə, onda bu addımın müəyyən əsası olacaq, amma nə qədər səmimi olduqları da şübhə doğuracaq. Sual yaranacaq ki, niyə bu məsələ məhz indi, müharibədən sonra yada düşdü? Çünki Azərbaycanda ötən illərdə dəfələrlə seçki saxtakarlıqları, kobud insan haqları pozuntuları baş verdiyi halda, ABŞ-ın reaksiyası narahatlıqdan o yana getməyib”.
Şahin Cəfərli
Şahin Cəfərli
Mənbə: Facebook
Şahin Cəfərli xatırladıb ki, xarici yardımlar hər hansı səbəb göstərilmədən də azaldıla və ya artırıla bilər:
“Ötən illərdə dəfələrlə olub”.
“Ümumilikdə Bayden və onun komandası naməlum, sirli fiqurlardan ibarət deyil. 8 illik Obama hökumətində hamısı vəzifə tutub. Ən ermənipərəst adlandıra biləcəyimiz şəxs Kerri idi, 4 il dövlət katibi oldu, nə etdiyi məlumdur. Lakin hazırkı dönəmin fərqli tərəfi odur ki, ABŞ-Türkiyə münasibətləri xeyli pisləşib və həm demokratlar, həm də respublikaçılar daxilində prezident Ərdoğana ciddi antipatiya və qıcıq yaranıb. Öz növbəsində Ərdoğanın son illərdə apardığı siyasət Türkiyəni Vaşinqtondakı ənənəvi dostlarından (yəhudi lobbiləri başda olmaqla) məhrum edib. Ona görə də, Konqresdə Türkiyə əleyhinə nə təklif olunsa, rahatlıqla keçir. İndi Ərdoğan hökuməti ciddi şəkildə öz xarici siyasətinin reviziyası ilə məşğuldur. Qərbə qarşı aqressiv ritorika dayanıb, Avropa Birliyi, o cümlədən Fransa və Yunanıstanla masaya oturulub, əl altından İsrail və Misirlə əlaqələrin təmiri üçün cəhdlər edilir”,-deyə Cəfərli fikrini tamamlayb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar