Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Üzeyir Hacıbəyovun son günləri –Stalin səhv müalicə olunan bəstəkarı hara göndərmişdi? (ARAŞDIRMA

24-11-2018, 08:57   

)

Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin vəfatından 70 il ötür.

Strateq.az Sim-sim.az –a istinadən bu münasibətlə Üzeyirbəyşünas Səadət Qarabağlının yazdığı “Dünya və bəşəriyyət var olduqca yaşayacaqdır” yazısını təqdim edir.

Vətən xainlərinin” övladlarını işə götürür, qardaşı xaricdə yaşayır…

Bu il, noyabr ayının 23-də böyük Türk dünyasının cahanşümul dahi bəstəkarı, Azərbaycan professional musiqisinin banisi, böyük musiqişünas – alim, dirijor, mahir publisist, incə yumora malik dramaturq, görkəmli pedaqoq, tərcüməçi, filosof, ictimai xadim, xeyirxah, əvəzolunmaz insan Üzeyir bəy Hacıbəylinin vəfatından 70 il ötür.  Üzeyir bəy 70 il bundan əvvəl bizi cismən tərk etsə də, O, mənən hər zaman bizimlədir. Azərbaycan mədəniyyəti  tarixində hansı sahəyə baxırıqsa, orada Üzeyir bəy Hacıbəylini  görürük. Bu,  böyük şəxsiyyət mədəniyyətimiz, incəsənətimiz üçün nələr etmədi? Bütün Şərqdə ilk operalar, operettalar, baletlərin bünövrəsini  qoydu. Milli kadrlar yetişdirmək üçün musiqi məktəblərinin, musiqi texnikumunun, Azərbaycan Dövlət Konservatoriyasının  təməlini yaratdı.  Bütün musiqi kollektivlərinin –xalq çalğı alətləri “notlu” orkestrini, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs ansamblını, sazçı qızlar dəstəsini ərsəyə gətirdi. Azərbaycan bəstəkarlıq məktəbini əsasını qoyaraq, çox sayda bəstəkar və musiqişünaslar nəsli  yetişdirdi. Onun tələbələrindən  Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi,  Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Səid Rüstəmov, Cahangir Cahangirov, Məmməd Cavadov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Əminə Eldarova və yüzlərlə başqaları bu gün də xalq tərəfindən sevilən  bəstəkar və musiqişünaslardırlar.

Xalqı və milləti  üçün bu qədər işlər görən Üzeyir bəy Hacıbəylinin  həyat yolu heç də asan və hamar olmamışdır. Yollarına həmişə qızılgüllər səpilməmişdir. Hər tərəfdən ona  maneçilik törədilmişdir. Müxtəlif təbəqədən olan insanların paxıllıq, naqislik hissləri o qədər güclü olmuşdur  ki… Onlar Üzeyir bəyin dahiliyini qısqanırdılar, qəbul edə bilmirdilər. Hər vəchlə ona mane olmağa çalışırdılar. Rahat işləməyə qoymurdular. Amma Üzeyir bəy həvəsdən düşmürdü, bütün çətinliklərə baxmayaraq yazıb, yaratmaqla məşğul olurdu.

Bir tərəfdən “sapı özümüzdən olan baltalar”, digər tərəfdən əzəli və əbədi düşmənimiz olan ermənilər Üzeyir bəyə qənim kəsilmişdilər. Nəticədə, onların şeytani əməlləri Üzeyir bəyi bir çox xəstəliklərə düçar etmişdir. Azərbaycanın çörəyini yeyən, bu millətdən hər zaman yaxşılıq görən  ermənilər bütün sayılıb-seçilən ziyalılarımız kimi  Ü. Hacıbəylini  də  məhv etməyə çalışırdılar. 1937-ci ildə Üzeyir bəyin  SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülərkən,  ermənilər dinc durmur, ondan NKVD-yə donoslar yazırdılar.  Onun Müsavat partiyasının üzvü olduğunu, Müsavat partiyasının “Ordan-Burdan”  (nə qədər dayaz insandırlar ki, Üzeyir bəyin  felyetonların sərlövhəsini qəzet kimi təqdim edirdilər)  qəzetinin redaktoru olduğunu, “vətən xainlərinin” övladlarını işə götürməsini, qardaşının xaricdə yaşamasını və s. və i.a. məxfi təşkilata yazırdılar.

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivində saxlanılan sənədlərdən də görünür ki, 1937-ci ildə SSRİ Ali Sovetinə deputat seçilməsi üçün namizədliyi irəli sürüldüyü zaman  Azərbaycan Dövlət Konservatoriyasının və Musiqi texnikumunun partiya təşkilatının rəhbəri Kuranov, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yerli komitə (meskom) sədri Akopyan, eləcə də  Bakçiseraysev,  Astvasaturov və digərləri NKVD-nin rəhbəri Sumbatova, Baksovetin nəzdində yerləşən Mərkəzi Seçki Komissiyasına Üzeyir bəy Hacıbəylidən iftira dolu məktublar göndərirdilər. Məsələn, 21. XI 1937-ci tarixli məktubunda Akopyan yazırdı: “Sizə yazıb bildirmək istəyirəm ki, Ü. Hacıbəyov Az. Dövlət Filarmoniyasında çalışır və Dövlət xoruna rəhbərlik edir. Eyni zamanda Azərbaycan Sovet Bəstəkarlar İttifaqının sədridir. Az. Dövlət Filarmoniyasında ikinci ildir ki, xor fəaliyyət göstərir və 200-dən çox adam orada oxuyur. Xor Moskvada keçiriləcək Azərbaycan İncəsənəti dekadasına hazırlaşır. Xorun rəhbəri Hacıbəyov sovet ruhunda işləmir. Belə ki, o, xor üzvlərindən elə insanları irəli çəkir ki, onlar  yad elementlərə malikdirlər və başqa məktəblərdən qovulublar. Məsələn, 1) Əmiraslanova Qüdrət – o, nəhəng neft  sənayeçisinin qızıdır və onun qardaşı həbs olunub. 2) Məmmədbəyli Sima – Sovet hakimiyyəti qurulan zaman güllələnmiş polkovnikin qızıdır. Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim üçün qaranlıqdır. Belə ki, eşitmişəm Üzeyir Hacıbəyov müsavat hökuməti zamanı “Ordan – Burdan” adlı müsavat qəzetinin redaktoru olmuşdur. Əməkdar incəsənət xadimi, dirijor İoanesyanın sözlərinə görə həmin qəzetin bir nüsxəsi  xalq artisti Sarabskidədir. Hacıbəyovun qardaşı müsavat parlamentinin üzvü olmuşdur. Bolşeviklər Bakıya gələndə Üzeyir Hacıbəyov İrana qaçmış və bir neçə vaxtdan sonra Bakıya dönmüşdür. Onun  Müsavat parlamentinin üzvü  olan qardaşı isə Parisə qaçmışdır. Və Üzeyir Hacıbəyov yeddi il müddətində Parisə, qardaşına pul göndərmişdir. Xahiş edirəm Üzeyir Hacıbəyovun tərcümeyi-halı öyrənilsin və həqiqi üzü aşkar edilsin.”

Ermənilər hətta  Üzeyir bəyin “Azərbaycan” qəzetində dərc olunan 28 may 1919-cu il tarixli “Bir yaş” məqaləsini   rus dilinə çevirərək  NKVD – yə təqdim etmişdilər. NKVD – nin  erməni rəhbəri Sumbatov  bütün bunlar barədə Azərbaycan K(b) P MK – nin katibi Mir Cəfər Bağırova məruzə edirdi. O, ermənilərin məkrli niyyətlərini yaxşı anlayırdı və Üzeyir bəyi onlardan qorumağa çalışırdı. Ermənilərin donoslarına cavab olaraq M. C. Bağırov  rəsmi surətdə, 1. XII 1937-ci ildə keçirilən Azərbaycan K(b) P MK – nin büro iclasında göstəriş vermişdir: “ Hacıbəyov nəhəng bəstəkar kimi nüfuz sahibidir və yeni ”Koroğlu” operasının, Azərbaycan  kəndlilərinin feodallara, türk sultanlarına qarşı mübarizəsini  əks etdirən, ən uğurla və istedadla yazılmış musiqi əsərlərindən birinin müəllifi olduğu üçün Hacıbəyovun namizədliyi hələlik çıxarılmasın.”

Ermənilərin bütün səylərinə baxmayaraq, 1937-ci ildə   Üzeyir bəy Hacıbəyli SSRİ Ali Sovetinə deputat seçilir və ömrünün sonuna kimi deputat kimi xalqına xidmət edir.

5-15 aprel 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti ongünlüyü keçirilir. Dekadaya hazırlıq işləri Ü. Hacıbəyliyə tapşırılır. Həmin dekadada M. Maqomayevin “Nərgiz”, Qlierin “Şahsənəm” əsərləri  ilə yanaşı Ü. Hacıbəylinin “Koroğlu” operası və “Arşın mal alan” operettası göstərilir. Qeyd etmək lazımdır ki,  “Arşın mal alan” SSRİ – nin rəhbəri  İosif  Stalinin göstərişi ilə proqrama salınmışdı. Üzeyir bəyin əsərləri dekadada çox böyük uğur qazanır.  İ. Stalin öz xahişi ilə “Koroğlu”ya iki dəfə tamaşa edir , onu “ən gözəl sovet operası” adlandırır. Dekadadan sonra Üzeyir bəy Hacıbəyli bütün sovet bəstəkarları içərisində birinci olaraq SSRİ xalq artisti adına layiq görülür, Lenin ordeni ilə təltif edilir.

Ongünlük bitdikdən sonra, 17 apreldə  bütün iştirakçılar Kremldə qəbul olunur və onlara  İ. Stalinin adından böyük ziyafət verilir. Banketdə Üzeyir bəyin bir tərəfində Stalin, digər tərəfində Molotov və Voroşilov əyləşirlər. Stalin orada “Arşın mal alan operettasından parçalar oxuyur. “Koroğlu” operasını çox bəyəndiyini söyləyir. Üzeyir bəyi novator bəstəkar adlandırır. Simfonik orkestrə xalq çalğı alətlərini əlavə etməsini  yüksək qiymətləndirir  və qeyd edir ki, sizin təcrübənizdən başqa bəstəkarların da bəhrələnməsini  tövsiyə etmişik.  Orada söhbət zamanı Voroşilov deyir ki, “Koroğlu” kimi daha iki opera yazın, Stalin isə bu sözləri eşidən kimi “siz iki deyil, dörd belə opera yazmalısınız deyir.” Sonra əlavə edərək söyləyir: “Yaxşı olar ki, xalq çalğı alətlərində ifaçıların Ümumittifaq  müsabiqəsi keçirilsin və həmin yarışmada komissiyanın sədri siz olasınız. Üzeyir bəy məmnuniyyətlə təklifi qəbul edir. Söyləyir ki, bunun üçün ciddi hazırlıq lazımdır. İ. Stalin oradaca müsabiqənin keçirilmə tarixini təyin edir.  Oktyabr, 1939-cu il…

Üzeyir bəyin məsləhəti ilə bütün Sovet İttifaqı üzrə müsabiqəyə  hazırlıq işləri görülməyə başlanır. Hər bir respublikadan, o cümlədən Azərbaycandan da ifaçılar müsabiqədə iştirak edirlər. Əvvəlcə respublika səviyyəsində müsabiqələr keçirilir, sonra  qaliblər ümumittifaq müsabiqəsinə buraxılır. Onların içərisində ermənilər də olur. Təbii ki, millətindən asılı olmayaraq,  aşağı səviyyəli ifaçılar  müsabiqədən keçmirlər.

1 oktyabr 1939-cu ildə Moskvada başlayan müsabiqə 15 oktyabra qədər davam edir. Müsabiqənin sədri Üzeyir bəy Hacıbəyli olur. Münsiflər heyətinin üzvləri isə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev və başqa respublikaların musiqiçiləri, professorları idilər. Müsabiqənin gedişi zamanı respublika səviyyəsindəki yarışlardan keçməyən beş erməni əsilli Azərbaycan vətəndaşı  SSRİ xarici işlər naziri Molotovun adına teleqram göndərirlər. Onlar teleqramda Ü. Hacıbəylinin münsiflər heyətinin sədri seçilməsinə etiraz edirlər, onu millətçilikdə günahlandırırlar. Molotov o zaman SSRİ-də  Stalindən sonra ikinci sima idi. O, dostunu, düşmənini tanısın deyə, teleqramı Üzeyir bəyin özünə ünvanlayır. Üzeyir bəy isə bu xəbis, məkrli ermənilərin əməllərindən əsəb sarsıntısı keçirir.  Özünü pis hiss edən Üzeyir bəyə həkim çağırırlar. Analiz götürülür və qanında  0.3 faiz şəkər aşkar olunur. Orada diabet xəstəliyinin təməli qoyulur.

Osipyan təcili olaraq Üzeyir bəyə insulin iynəsi təyin edir…

İllər keçdikcə xəstəlik şiddətlənir. 1947-ci ildə xəstəlik  daha da kəskinləşir.  14 sentyabr 1947-ci ildə Mir Cəfər Bağırov Üzeyir bəy Hacıbəylinin müalicəsi ilə bağlı İslamzadə və Q. Məmmədovun adına  rəsmi məktub imzalayır. Məktubda deyilir: “ Xahiş edirəm səhiyyə naziri yoldaş Fərəcova ilə birgə yoldaş Üzeyir Hacıbəyova  yüksək dərəcədə ixtisaslaşdırılmış konsilium təşkil edilsin. Müalicə ilə bağlı nəzərə alınmış qərarların nəticələri Azərbaycan K(b) P MK- ya təqdim olunsun. 15 noyabr 1947-ci ildə Azərbaycan SSR səhiyyə naziri Kubra Fərəcova M.C. Bağırova arayış göndərir. Arayışda yazılır: “ Sizin göstərişiniz əsasında  akademik Üzeyir Hacıbəyova bu tərkibdə konsilium təşkil edilmişdir: Terapevtlər, professorlar –  E. Qorov, Afonski, Yaqubov, Əfəndiyev və həkim Osipyan; okulistlər- professor Musəbəyova və həkim Axundovanın iştirakı ilə konsilium keçirilmişdir. Konsiliumun nəticəsinə görə xəstə  şəkər diabeti,  hiportaniya ( damar xəstəlikləri) və ürək astmasından əziyyət çəkir. Akademik  Hacıbəyov Xüsusi Müalicə Sanitariya İdarəsinin xəstəxanasına  yerləşdiriləcək,  orada xüsusi müalicə alacaq və nəzarət ediləcək.  Onun səhhəti barədə vaxtaşırı Sizə məruzə olunacaq.”  Bəli, Üzeyir bəyi “Leçkomissiya” adlanan xəstəxanaya yerləşdirirlər. Dahi bəstəkarın  konsiliumunun həkimlərinin  tərkibində olan  Osipyan familiyalı  erməni həkim böyük sənətkarı  müalicə etməyə başlayır. Ermənilərin çoxdan axtardıqları fürsət əllərinə düşür. Əlverişli məqamı fövtə verməyən Osipyan təcili olaraq Üzeyir bəyə insulin iynəsi təyin edir və xəstəni çox ciddi pəhrizdə saxlayır. Onun  çörək, kartof, düyü, şirniyyat yeməsinə qadağa qoyur. Bunun nəticəsində Ü. Hacıbəyli bir ay ərzində 18 kq arıqlayır. Orqanizmi zəifləyir və ürək tutmaları başlayır.

Üzeyir bəy Hacıbəylinin böyük baldızının oğlu, sənətkarın şəxsi katibi olmuş və dahi bəstəkarın ev-muzeyi açılan gündən ömrünün sonuna kimi ulu öndər Heydər Əliyevin göstərişi  ilə direktor təyin edilən  professor Ramazan Xəlilov mənə danışmışdı ki, “bir gün Osipyanın yanına gəlib dedim: “Doktor, mən “Nauka i jizn” jurnalında oxumuşam ki, şəkər xəstəsinə insulin vurulursa, ona pəhriz təyin etmək lazım deyil. Xəstə ürəyi istəyən nemətlərdən istifadə edə bilər. Endokrinoloq İdelson insulin preparatından istifadə edən diabet xəstələrinə pəhriz təyin etmir, hətta mürəbbə ilə çay da içməyə icazə verir. Osipyan üzünü turşudaraq “ biz Üzeyir bəyin üzərində eksperiment keçirə bilmərik” dedi.”

Beləliklə də, Osipyanın məkrli niyyəti çox ağır nəticələrə səbəb olur. Üzeyir bəyi Yessentukiyə aparmağı məsləhət görürlər. Orada Ü. Hacıbəylinin vəziyyəti daha da ağırlaşır. Bu barədə Mir Cəfər Bağırov İ. Stalinə məlumat verir. SSRİ-nin başçısı Üzeyir bəyi təcili olaraq Moskvaya gətirməyi  məsləhət görür. 1947-ci ilin dekabrında Ü. Hacıbəylini Moskvaya aparırlar və məlum olur ki, Üzeyir bəyi Bakıda düzgün müalicə etməyiblər. Səhv müalicə nəticəsində onun ürək-damar sistemi zəifləmiş, bu isə ürək tutmalarına səbəb olmuşdur. Xəstəxanada bir az müalicə olunduqdan sonra dahi bəstəkarı Borvixada yerləşən yüksək  dərəcəli hökumət sanatoriyasına keçirirlər. Oradakı həkimlər də Üzeyir bəyin müalicəsində çox səhvlər olduğunu təsdiqləyirlər. Hətta, bəzi həkimlər onu Bakıya aparmağın mümkün olmayacağını söyləyirlər. Xəlilov danışırdı ki, mən dostların vasitəsilə Sovet Ordusunun baş terapevti Vovsini qeyri-rəsmi olaraq müayinə üçün Üzeyir bəyin yanına gətirdim. O, Ü. Hacıbəylini hərtərəfli müayinə etdikdən sonra dərmanlar yazdı və dedi ki, ürək-damar sistemi səhv müalicə nəticəsində həddindən artıq zəifləyib, onu xilas etmək mümkün olmayacaq. Amma yazdığım dərmanların köməkliyi ilə Üzeyir bəyi Bakıya rahat apara biləcəksiniz. Orada da bir neçə ay yaşayacaq.

1948-ci ilin avqust ayında həyat yoldaşı Məleykə xanım, Ramazan Xəlilov və bir də sanatoriyadan ona təyin edilmiş Kirefova familiyalı tibb bacısı böyük sənətkarı Bakıya gətirirlər. Ona Mərdəkandakı 2 saylı istirahət evində ayrıca, bir ailəlik imarət ayırırlar. Bakıda 14 sentyabr 1948-ci ildə yenə də  professorlar Afonski, Yeqorov, Abdullayev, Efendiyev, həkimlər Arqentov, İdelson Osipyan, Veysov, Əhmədovun iştirakı ilə konsilium təşkil edirlər. Və  o qənaətə gəlirlər ki, Ü. Hacıbəyli ürək astması stadiyasənda hiportaniya xəstəliyi, arterioskleroz, miakardio-skleroz, nefro-skleroz, diabet və beyin damarlarının trombozu xəstəliklərindən əziyyət çəkir. Xəstəyə sakitlik, medikamentlər və pəhriz müalicəsi təyin edilir.  Xüsusi həkimlər – professor Yeqorov və həkim  İsmayıl Veysov  Üzeyir bəyi müalicə edirlər. Bütün təşkilatı məsələlər M.C. Bağırovun göstərişi və Nazirlər Soveti sədrinin müavini Mirzə İbrahimovun köməkliyi sayəsində həyata keçirilir. Amma doktor Veysov da açıq söyləyir ki, Üzeyir bəy ömrünün son günlərini yaşayır.

Mirzə İbrahimovun Mir Cəfər Bağırova arayışı…

16 sentyabr 1948-ci il tarixində Mirzə İbrahimov Mir Cəfər Bağırova arayış yazaraq bildirir ki, Sizin göstərişiniz sayəsində  “SSRİ xalq artisti, bəstəkar Üzeyir Hacıbəyovun səhhəti ilə bağlı konsilium keçirilmişdir. Konsilium müəyyən etmişdir ki, yoldaş  Hacıbəyovun sağlamlıq vəziyyəti çox ciddidir və xəstəlik tutmalarının, ağırlaşmalarının  təkrar olunması onun həyatı üçün təhlükə yarada bilər. Yoldaş Hacıbəyovun səhhətinə müntəzəm nəzarət üçün professor Yeqorov və həkim Veysov təhkim olunublar və Yoldaş Hacıbəyovun müalicəsi üçün  Leçkomissiyaya bütün vacib tədbirlərin görülməsi  göstərişi  verilmişdir.”

Lakin bütün səylərə baxmayaraq Üzeyir bəy Hacıbəylinin vəziyyəti yaxşılaşmır.  Oktyabr ayının ikinci yarısında Üzeyir bəyi öz evinə gətirirlər. Həkimlərin çabaları bir nəticə vermir. Dahi sənətkarı  xilas etmək mümkün olmur. Noyabr ayının 23-də, gecə  saat 2-də Azərbaycan xalqının böyük oğlu əbədi olaraq gözlərini yumur. M. Bağırovun göstərişi ilə Ü. Hacıbəylinin cənazəsi Azərbaycan Elmlər Akademiyasının böyük salonunda qoyulur. İnsanlar dahi bəstəkarla vidalaşmaq üçün ucu-bucağı görünməyən növbələrə düzülərək, əvəzolunmaz sənətkarla son görüşə gəlirlər. 24 noyabr günü ümumxalq matəmi kimi tarixə daxil olur. Dövlət və hökumət adamları, ziyalılar, gənclər, ahıllar, əlillər, uşaqlar, məktəblilər güllər, əklillər gətirirlər. İnsan axınının ardı-arası kəsilmir. Bu, sevimli bəstəkara xalq məhəbbətinin təzahürü idi. Küçədə iynə atsan , yerə düşməzdi. Şahidlərin dediyinə görə, belə bir dəfn mərasimi heç vaxt olmamışdı.

400-dən çox əklil,  qırx gün fəxri qaravul…

Üzeyir bəyin tabutunu Akademiyanın binasından Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırov və digər dövlət və hökumət adamları çiyinlərində çıxarırlar. Fəxri Xiyabana qədər dahi bəstəkarın tabutunu əllər üstündə  aparırlar. Üzeyir bəy Hacıbəyli son mənzilə canından çox sevdiyi Azərbaycan xalqının çiyinlərində gedir, doğma torpağa tapşırılır. Məzarının üstünə 400-dən çox əklil qoyulur.

Üzeyir bəy  Hacıbəylinin məzarının başında qırx gün hüquq-mühafizə işçilərindən ibarət fəxri qaravul dayanır. Keçmiş Sovet İttifaqının hər yerindən, rəhbər işçilərdən çoxlu başsağlığı teleqramları gəlir.

Bəli, Azərbaycan xalqı dahi oğlunu son mənzilə belə yola salmışdır. Üzeyir bəy ölümü ilə ölümsüzlüyə qovuşmuşdur.

Bu gün də Üzeyir bəy Hacıbəyliyə olan xalq məhəbbəti səngimir. Nə qədər bəşəriyyət var, Azərbaycan xalqı mövcuddur, ölməz Üzeyir bəy də, onun dəryaları xatırladan yaradıcılıq irsi də daim yaşayacaqdır.

Səadət Qarabağlı

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar