Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

YENİ STRATEJİ NÜVƏ SİLAHLANMASI YARIŞI – “Rusiya nüvə müharibəsində qalib gələcəyini fikirləşir?”

26-06-2020, 10:39   


“Soyuq müharibə” bitəndən sonra nüvə başlıqlarını daşıyan raket mexanizmlərinin təkmilləşdirilməsi üzərində aparılan işlərin sürəti də ləngiməyə başlamışdı. Hətta dünyanın iki ən nəhəng nüvə dövləti arasında strateji silahların məhdudlaşdırılması ilə bağlı müqavilələr də bağlanmışdı.

Lakin son on ildir ki, Rusiyanın bu sahəyə xeyli vəsait ayırması və yeni raketlərin hazırlanması üzərində işləməsi ABŞ-ın da diqqətini bu istiqamətə yönəldib. İndi hər iki tərəf bir-birini qarşılıqlı şəkildə ittiham edir. Və məlum olduğu kimi, Donald Tramp hakimiyyətə gəldikdən sonra Amerikanı nüvə silahı sahəsindəki müqavilələrdən çıxarır.

Bütün bunların nəticəsi olaraq, SSRİ dövründə beynəlxalq mətbuatın gündəliyindən düşməyən nüvə silahı mövzusu tədricən yenidən aktuallaşır. “AzPolitika.info” xəbər verir ki, sözügedən məsələ ilə əlaqədar Çinin “Sohu” informasiya portalında dərc edilən “Ballistik raketlərin kralı” başlıqlı məqalədə Rusiyanın nüvə arsenalının keçmişinə və indiki vəziyyətinə toxunulur. Həmin məqalədə deyilir: ”Rusiya və ABŞ əvvəlki kimi dünyanın ən böyük nüvə arsenalına malik olan dövlətləridir. Onların nüvə başlıqlı raketlərinin ümumi sayı 3300-ə yaxındır və bunların təxminən 1500-ü döyüşə hazır vəziyyətdədir. Hərçənd ki, göstərilən rəqəmlər “soyuq müharibə” dövrü ilə müqayisədə praktiki baxımdan heç nədir. Amma yenə də bu, hər iki ölkənin Yer üzündən silinməsi üçün kifayət edər.

Hələ “soyuq müharibə”nin ilk illərində Sovet İttifaqı bəşər tarixinin ən güclü nüvə bombası olan hidorogen bombasını - “Çar bomba”-nı sınaqdan keçirdi. Bu bombanın gücü trotil ekvivalentilə 58 meqatona bərabərdir. Lakin hazırlandığı ilk zamanlarda “Çar bomba”nın harasa atılması üçün lazımı vasitə olmamasına baxmayaraq, bu bombanın rəmzi mənası onun praktik tətbiqindən daha əhəmiyyətli idi.

Aydın görünür ki, nüvə silahının keyfiyyəti onun ölçülərindən daha vacibdir. Həm də ki, ən başlıca amil bu bombanın atılması üçün vasitənin mövcudluğudur (“Çar bomba” adlandırılan 26,5 tonluq nüvə bombası xüsusi hazırlanmış “Tu-95 B” təyyarəsi vasitəsilə 30 oktyabr 1961-ci ildə Şimal Buzlu okeanı ərazisindəki “Novaya Zemlya” adasına atılmaqla sınaqdan keçirilib – “AzPolitika.info”).



SSRİ-dən Rusiyaya miras qalan “Qitələrarası Ballistik Raketlər”(QBR) hazırda bu ölkənin hava məkanının yarısını qoruyur. Öz xarakterinə görə onlar arasında “P-36M” (NATO təsnifatlandırmasında SS-18 “Satana”); ”PC-18A” (SS-19 “Stilet”); ”PC-12M” (SS-25) xüsusilə seçilirlər.

Sözügedən bu növ ballistik raketlərin hazırda ümumi sayı yüz əddədir. Amma bütün bu raketlər köhnəlmiş hesab olunur. Onların ABŞ-ın raket əleyhinə yeni komplekslərini, Hava Hücumundan Müdafiə sistemlərini yarıb keçə biləcəkləri təminatı yoxdur. Ona görə də nüvə arsenalının kompleks şəkildə modernləşdirilməsi çox mühümdür.

Hazırda Rusiya “Topol-M”, ”Yars” və “Sarmat” kimi yeni raketlərlə silahlanır. ”Topol-M” raketinin çoxdan hazırlanmasına baxmayaraq, lazımı həcmdə maliyyə vəsaiti olmadığından bu ballistik raket heç zaman böyük olmayıb.

“PC-24 Yars” raketi ilk dəfə 2015-ci ildə “Qızıl meydan”da keçirilən hərbi parad zamanı nümayiş etdirilib. Elə o vaxtdan da bu raket Rusiyanın gələcək strateji raket silahı arsenalının əsas gücü sayılır.

Qitələrarası raketlərin uçuş məsafəsi 11 min kilometrdən artıqdır. ”Topol-M” raketləri ilə müqayisədə “Yars” raketləri eyni anda üç ədəd idarə edilən nüvə başlığını daşımaq özəlliyinə malikdir.

Bundan başqa, son bir neçə ildir ki, Rusiya aktiv şəkildə “PC-28 -Sarmat” raketlərinin hazırlanmasıyla məşğuldur. Bu ballistik raketlər “Satananın oğlu” adlandırılır, çünki o, özündə güclü “P-36M” raketinin xüsusiyyətini daşıyır. Rusiya tərəfindəki açıq mənbələrin məlumatına əsasən bu ballistik raketin uçuş məsafəsi 18 min kilometrə qədərdir. Ona görə də “Sarmat”-ı “Qitələrarası Ballistik Raketlərin kralı” adlandırırlar.

Rusiya Federasiyasının strateji təyinatlı raket qoşunlarının komandanı Sergey Karakayevin bildirdiyinə görə, Rusiya Sovet dönəmindən qalan köhnə raketləri ləğv edərək, 2024-cü ilədək nüvə arsenalını 100 faiz yeniləyəcək. Onu da qeyd etmək lazımdır ki, Rusiya təkcə yerüstü nüvə arsenalını yox, həm də dənizdəki strateji nüvə güclərini də yeniləyir.



Bir müddət bundan əvvəl Rusiya “Borey A” sualtı qayığı layihəsindən olan modernləşdirilmiş “Knyaz Vladimir” strateji atom sualtı qayığını döyüş cərgəsinə qoşub. Həmin strateji atom sualtı qayığı 16 ədəd “P-30 Bulava” ballistik raketi daşıyır. Gələcəkdə Rusiya ABŞ-a qarşı quruda və dənizdə duruş gətirə biləcək kifayət qədər gücə malik olan nüvə silahları yarada biləcək”.

Göründüyü kimi, strateji silahlanmada tərəflər geri çəkilmək fikrində deyillər. Rusiya nüvə silahı sahəsində heç də özünü zəif saymır və yeni tədbirlər planı həyata keçirir. ABŞ-ın “The National İnterest” saytı “Rusiya nüvə müharibəsində qalib gələcəyini fikrləşir?” başlıqlı məqaləsində də bu mövzuya toxunur. Məqalədə deyilir: ”Nüvə silahı sahəsində önləyici tədbirlər alınması barəsində Rusiya Federasiyasının rəsmi fərmanı çıxıb. Vladimir Putin tərəfindən imzalandıqdan sonra bu fərman 2 iyul tarixindən qüvvəyə minəcək. Beləliklə, Rusiya son 30 illik tarixində ilk dəfə olaraq nüvə silahı ilə əlaqədar həyata keçirəcəyi siyasətini açıqlayır. Altı səhifəlik qısa sənəddə Rusiyanın bu istiqamətdəki mövqeyi ortaya qoyulur. Həmin sənədə əsasən nüvə silahına önləyici və təsiredici vasitə kimi baxılsa da, onun tətbiqi “məcburi” tədbir sayılır. Fərmanda hansı şəraitin nüvə münaqişəsi törədə biləcəyi öz əksini tapır.

Silahlanma üzərindəki məhdudiyyətlə bağlı bir neçə mühüm müqavilələr var. Ancaq məsələ ondadır ki, Raket Əleyhinə Müdafiə Sistemlərinin məhdudlaşdırılması müqaviləsi 2011-ci ildə, kiçik və orta radiuslu raketlərin ləğvi müqaviləsi 2019-cu ildə, açıq səma müqaviləsi isə 2020-ci ildə ABŞ tərəfindən ləğv edilib.

“Strateji Hücum Silahları” barəsində ABŞ-Rusiya müqaviləsinə əsasən isə hər bir tərəf öz arsenalında döyüşə hazır vəziyyətə gətirilmiş 1500 nüvə başlığından artıq silah saxlaya bilməz. Amma bu müqavilənin şərtlərinə baxmayaraq, nüvə başlıqlarının ümumu sayı 6000-i keçir. Həmin müqavilənin müdddəti gələn il bitir.

Vaşinqton israrla bildirir ki, Çin də strateji nüvə müqaviləsinə qoşulsun, lakin Pekin bundan imtina edir. Əgər Donald Tramp ikinci dəfə seçilsə, onda çox güman ki, Rusiya və ABŞ arasında bağlanmış “Strateji Hücum Silahlarının Məhdudlaşdırılması” müqaviləsi də ləğv ediləcək. Deməli, bundan sonra strateji nüvə silahlanması yarışı geniş vüsət alacaq.”

Vaqif Nəsibov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar