Sizin Reklam Burada

Karantin psixologiyası:Yoluxanlar və yoluxmaq istəməyənlər üçün MÜSAHİBƏ

7-08-2020, 13:42   


Karantin psixologiyası:Yoluxanlar və yoluxmaq istəməyənlər üçün MÜSAHİBƏ

Dünya gündəmini tutan və hələ də medianın manşeti olaraq davam edən COVID 19-la bağlı qabaqlayıcı tədbirlər davam edir, əhali arasında maarifləndirmə gücləndirilir.
Virusun insan orqanizmində və düşüncəsində yaratdığı fəsadlar, bundan qurtuma yolları mütəxəsislərin daim diqqətindədir.
Həkim-psixoterapevt Xanım Niftəliyeva Cebhe.info-ya müsahibəsində karantin dönəmində ona edilən müraciətlərdən danışıb, ikinci dəfə yoluxma olarsa, necə davranmalı olduğumuzdan bəhs edib.
-Koronavirus pandemiyasına ikinci dəfə yoluxma olarsa, bu həmin xəstə üçün nə deməkdir? Virusa reaksiya əvvəlki kimi olacaq, yoxsa qorxu, stress daha da arta bilər?
-Bu virusa ikinci dəfə yoluxma olarsa, onunla nə dərəcədə baş edilib-edilməyəcəyini demək asan deyil. Sözsüz ki, virusa yoluxan bir təşviş pozuntusu ilə qarşı-qarşıya qala bilər. Hətta koronavirusa yoluxan xəstələrin özləri bir tərəfə, ailə üzvləri təşviş içərisində olur ki, görəsən ikinci dəfə bu, yenə yoluxa bilər? Və yaxud sağalan yaxınları ilə təmasdan da çəkinənlər olur. Çünki qorxurlar ki, onlar da yoluxa bilərlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, ümumiyyətlə, virusa yoluxanlarda bir təşviş pozuntusu, panik atak, fobiya yaranır. Təbii ki, onlarla söhbətlər aparmaq, psixoloji zəifliklərini gücləndirmək lazımdır.
-Doğrudanmı bu xəstəliyə qalib gəlmək üçün psixoloji cəhətdən güclü olmaq lazımdır?
-Onu vurğulayım ki, yoluxanların əksəriyyətində psixoloji gərginlik olur və psixologiyaları zəif olduğu üçün də daha ağır şəkildə xəstəliyi keçirirlər. Hər nə xəstəlik olursa-olsun, biz pozitiv, ruhən sağlam olmalıyıq ki, xəstəliklərə qalib gələ bilək. COVID-19 isə nə qədər qorxulu xəstəlik olsa belə, hər halda xərçəng xəstəliyindən təhlükəli deyil. Çünki ən azından müalicəsi var, bu xəstəliyə yoluxmamaq üçün nə etməli olduğumuzu da bilirik. Sosial məsafəyə, fiziki təmasa və gigiyenik qaydalara riayət etsək, bir də ən əsası immuniteti güclü saxlasaq, aktiv həyat tərzi yaşasaq özümüzü qorumuş olarıq. Bəzən deyirlər: “Necə yaşayaq? İdman zalları bağlı, hər yer bağlı”. Aktiv həyatı təkcə çöldə deyil, evinin içində də yaşamaq olar.
Qadınlarımıza məsləhətimiz ev işlərini, həyət evində yaşayırlarsa, həyət işlərini, bəylərimizə daha çox fiziki güc tələb edən işlər görmələrini tövsiyə edirik. Yəni aktiv həyat tərzi keçirərək, qidalanmya diqqət edərək və ən əsası psixoloji olaraq ruhdan düşməməyə çalışmaq, qorxu, panika yaşamamaq bu xəstəliyin öhdəsindən gəlmək üçün ən asan yoldur. Xərçəngə tutulan pasiyentlərlə işləyəndə belə, onların pozitiv həyat tərzi keçirdiklərini görəndə xəstəliyin onlarda daha az inkişaf etdiyini müşahidə edirəm. Nəinki artıq bu xəstəliklə barışıb, mən ölümümü gözləyirəm, mənim yaşamaq ehtimalım yoxdur, daha mən bu xəstəliklə baş edəcək gücdə deyiləm deyib, özünü psixoloji olaraq xəstəliyə təslim edənlər. Ruhən özünü ölü sayan insanları nikbin insanlarla müqayisə edəndə görürük ki, pozitiv insanlar xəsətəliyə qarşı daha çox davam gətirirlər.
Buna görə COVID 19-a yoluxan xəstələr ilk növbədə psixoloji olaraq sağlam düşünəndə, onlarda ruh yüksəkliyi olanda bu xəstəliyi nikbin qəbul edəndə, yəni bu sıradan bir virusdur, yoluxub bədənim, özümü qoruyacam, güclü vitaminlər qəbul edəcəm, immunitetimi qoruyacam və tibbi tərəfdən müalicələrimi alıb, sağalıb ayağa qalxacam, deyə düşünəndə xəstəlikdən çox qısa bir vaxtda qurtulmaq olur.
- Sağaldıqdan sonra həyatlarında, düşüncələrində hansısa dəyişikliklər olur?
-Əlbəttə ki, olur. Bəziləri yenə də səksəkəli yaşayır, keçirdikləri xəstəliyin əzizlərinin də başına gələ biləcəyindən qorxurlar. Amma elə insanlar da var ki, bundan sonra sağlamlığına diqqət edəcəyini, yeni həyat tərzinə başlayacağını düşünür. Hələlik dünya bu bəladan xilas olmayıb və hər an yayılan məlumatlar da ürəkaçan olmadığı üçün hamı bir növ gözləmə mövqeyindədir.
-Sonda psixoloq kimi onlara məsləhətiniz..
-Dediyim kimi, mən psixoloq olaraq insanlarımıza məsləhət bilərdim ki, heç bir xəstəlikdən, heç bir virusdan, bədənimizə daxil olacaq hər hansı bir mikrobdan özümüzü sığortalamamışıq. Hər birimiz bu xəstəliyə yoluxa bilərik. Bilirsiniz nələr müşahidə edirik? Bir də görürsən ki, iki nəfər görüşüb-qucaqlaşdı və dayanıb söhbətə başlayanda bir-birindən 2 metr aralı durdu. Onlar bununla da qaydalara əməl etdiklərini düşünürlər. İctimai nəqliyyatdan istifadə edərkən, toplum içərisində olarkən ehtiyatlı olmalı, üzərimizdə daşıdığımız sprit və maskadan doğru istifadə etməliyik. Yoluxduğumuz halda özünə qapanmaq olmaz. Bəzi insanlar bu virusa yoluxduqları üçün cəmiyyətdən qaçır, özlərini gizlədirlər. Onlar “birdən kimsə bilər və mənimlə münasibətdən, əlaqədən uzaqlaşar, məndən qaçar”- qorxusu ilə yaşayırlar. Ona görə də özləri eşitdikləri, bildikləri müalicə metodlarından istifadə edirlər ki, bu da doğru bir yol deyil. Burada utanılası, qorxulası bir şey yoxdur, cəmiyyət məni necə qəbul edər deyə düşünüb, travmmatik şəkildə insanlardan uzaqlaşmaq da olmaz. Tövsiyəm budur ki, xəstəlikdən uzaq olmaq üçün, gigiyenik qaydalara riayət etsinlər. Əgər yoluxublarsa, bunu gizlətmək doğru bir seçim deyil. Əksinə zamanında bildirib, zamanında müalicə almaları daha məqsədəuyğundur. İlkin əlamətləri, sindromları özlərində hiss edəndə sahə həkimlərinə müraciət etmələri daha doğru yoldur ki, vaxtında bu xəstəlikdən xilas ola bilsinlər. Həmçinin də bununla bağlı TƏBİB-in “qaynar xətt”inə (1542) zəng edib psixoloji dəstək almaları mümkündür. Müalicə ilə yanaşı psixologiyalarını gücləndirərək, bu xəstəlikdən qurtulmağın ən asan yollarını tövsiyə edirik.
Semra Ələkbərli
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar