Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Təmsilçimiz “O səs”dəki SİRLƏRİ AÇDI: "Azərbaycan mənə heç nə vermədi, amma Türkiyə..." - VİDEO

4-02-2017, 17:28   


"O səs Türkiyə" yarışmasında "Sarı gəlin" mahnısı və məlahətli səsi ilə populyarlıq qazanan Mehman Tağıyev Publika.az-ın suallarını cavablandırıb.
- Müsabiqənin növbəti mərhələsinə keçə bilməyən həmyerlilərimizin çoxu “O Səs Türkiyə” haqqında yerli mətbuata xoşagəlməz açıqlamalar verib. Hətta Gülşən İbadova Acunu Avropa Məhkəməsinə verməcəyini iddia edir. Bütün bu söz-söhbətlər sizə necə təsir göstərir?
- Bu, bir yarışmadır. Burada heç kim, heç kimin haqqını tapdamır. Layihə əməkdaşlarının əməyini yerə salmaq lazım deyil. Növbəti mərhələyə seçilməyən azərbaycanlı iştirakçılar dəyərli səslər idilər, keçə bilmədikləri üçün təəssüf edirəm. Lakin kimisə günahlandırmaq doğru deyil, hazırda Gökhan bəyin komandasında qalan iştirakçılar da çox güclü səsə malikdir. Odur ki, rəy bildirərkən müsabiqədə qalan iştirakçını da düşünmək lazımdır. Mən burda həm də Azərbaycanı təmsil edirəm və inanıram ki, yaxşı səslər mütləq irəli gedir.
- Sibel Canın sizə münasibəti dəyişdimi?
- Xeyr, öz komandasına bacardığı qədər hər işdə dəstək olur. Yaxşı oxuyan iştirakçılarla öz doğması kimi rəftar edir. Səsini və oxumağını bəyənməsi onun qəlbindəsən deməkdir.
- Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova da tələbələrinin növbəti tura keçə bilməməsinə bir az qəzəblənmişdi. Hətta etirazını bildirmişdi. Sizcə münsiflərin seçiminə etiraz etmək doğrudurmu?
- Aybəniz xanımın bir neçə tələbəsi birdən çıxmışdı. Müəllim kimi bunun ona pis təsir etməsi normal haldır, əlbəttə ki, ürəyi yanacaq. Məncə, münsif seçimində diqqətli olmalısan. Kimin komandasında güclü rəqiblərin olduğunu nəzərə alıb ona görə hərəkət etməlisən.
- Azərbaycanda istər “O Səs Türkiyə”, istərsə də başqa türk verilişləri maraqla izlənilir. Təəssüf ki, bizim xalq mahnılarımız titrlarda anonim olaraq yazılır. Bu, nə dərəcədə ədalətlidir?
- Türkiyədə müəllifi olmayan bütün mahnılar anonim yazılır. Yəni, özləri öz mahnılarını da anonim yazır. Əlbəttə ki, çıxışlarımda “Sarı gəlin”in Azərbaycanın xalq mahnısı olduğunu dəfələrlə vurğulamışam. Lakin belə hesab edirəm ki, bu məsələ üzərində çox dayanmaq lazım deyil. Əsas odur ki, dünyanın hər hansı ölkəsində “Sarı gəlin”i oxuyanda onun Azərbaycan xalq mahnısı olduğunu deyə bilirik.
- Azərbaycanın “O səs” yarışmasında birincilik qazandığınızı bilirik. Bəs, “O Səs Türkiyə” müsabiqəsinə qatılmaqda əsas hədəf nədir? Birinci olmaq, ya müəyyən mənada qardaş ölkədə də tanınmaq?
- Azərbaycanda qazandığım birincilik mənə populyarlıq gətirmədi, heç nə əldə etmədim. Türkiyədə cəmi bir çıxışdan sonra küçədə insanlar məni tanımağa başladı, haradasa görəndə salam verirlər, gülərüzlə qarşılayırlar, diqqət mərkəzindəyəm. Burada hiss etdiyim sevgi və diqqət sonrakı fəaliyyətimi davam etdirməkdə mənə çox kömək olacaq. Bir növ mənim üçün motivasiya oldu. Müsabiqə haqqında heç vaxt əvvəlcədən proqnoz vermək olmur. Allahın işidir...
- Artıq bir neçə həftədir ki, uğurla çıxış edirsiniz. İstedadınıza şübhə yoxdur. Bəs bundan sonra Türkiyədə öz sözünü demiş sənətçiləri, eləcə də tamaşaçıları təəccübləndirmək çətin olmayacaq ki?
- Sadəcə bir çıxışımdan özümü sevdirə bildim. Həm öz vətənimdə, həm də Türkiyədə insanları səsimlə təəccübləndirə bilmişəm. Bu, çox sevindirici haldır. Artıq türk xalqının da sevimlisi olmuşam. Türklərin yolda saxlayıb, ifama görə mənə təşəkkür etməsi bunu bir daha təsdiqləyir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm.
- Böyük səhnə təcrübəsi olan Sibel Candan nə öyrənirsiniz?
- Sibel Can məşq prosesində həmişə yanımızda olur. Seçdiyimiz mahnılara nəzarət edir, hər mahnıları seçə bilmirik, öz rəyi də olur. Səhvlərimizi düzəldir.
- Valehedici səsiniz olduğu inkaredilməz həqiqətdir. Onu qorumaq üçün nələr edirsiniz?
- Xüsusi heç nə, dərman və s. vasitələr də istifadə etmirəm. Sadəcə 8-9 saat yatmağa çalışaram ki, səsim dincəlsin. Səsimin əsas dərmanı budur, ona belə qulluq edirəm. Bu, çox xeyir edir.
- Elnur Hüseynovdan sonra birinci olmaq sizə nə qədər real və mümkün görünür?
- Bu barədə konkret bir söz söyləmək çox tezdir. Çünki indi həlledici mərhələlər başlayır və iştirakçıları auditoriya seçəcək. Belə desək, auditoriya səsverməsində özümə o qədər də güvənmirəm.
- Sizə Türkiyənin musiqi şirkətləri tərəfindən təkliflər gəlib?
- Bəzi verilişlərdən və şirkətlərdən reklamlarda çəkilmək təkliflər gəlib. Müqaviləyə əsasən, onlara çıxmağa və reklamlara çəkilməyə icazə yoxdur.


[media=https://www.youtube.com/watch?v=ucs77zjSrf8]
[media=https://www.youtube.com/watch?v=7Iqxy983X98]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar