Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

XİN rəhbəri: "Son dərəcə ehtiyatlı olmalıyıq"

7-05-2014, 10:22   
XİN rəhbəri: "Son dərəcə ehtiyatlı olmalıyıq"
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxış edib.

XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyar sessiyasında çıxışı zamanı Azərbaycanın ardıcıl olaraq çoxsaylı demokratik islahatları uğurla həyata keçirərək Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü bütün öhdəlik və tələbləri həyata keçirdiyini söyləyib:

“Baş katibin “Avropada insan hüquqlarının vəziyyəti, qanunun aliliyi və demokratiya” üzrə hesabatı hazırkı vəziyyətin ümumi qiymətləndirilməsi və bizim dəstəklədiyimiz yanaşmanı özündə əks etdirir və nöqsanların aradan qaldırılması üçün mümkün vasitələri təklif edir. Buna baxmayaraq, çox çox diqqətlə nəzərdən keçirilməli hesab etdiyimiz vacib bir məsələni vurğulamağı özümə borc bilirəm: hesabat Avropa Şurasının həll olunmamış münaqişə zonalarında nəzarət mexanizmlərinin, həmin ərazilərə edilən səfərlərdən sonra hesabatvermə prosedurları vasitəsilə gücləndirilməsinin zəruriliyini vurğulayır. Biz bütün Avropada insan hüquqları standartlarının tam şəkildə tətbiqinin təmin olunmasının əhəmiyyətini və münaqişə zonalarında məskunlaşmış əhalinin müdafiəsinin zəruriliyini anlayırıq. Lakin bu müddəa müvafiq üzv ölkələrin ərazi bütövlüyünə zidd olaraq asanlıqla sui-istifadə və manipulyasiya edilə bilən bir vəziyyətə gətirib çıxara bilər. Məhz bu səbəbdən biz, mürəkkəb həll prosesini daha da çətinləşdirə biləcək bu kimi həssas məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq”.

Daha sonra Elmar Məmmədyarov qeyd edib ki, qonşu Ermənistanın işğalla müşayiət olunan və davam edən təcavüzündən və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində törədilmiş etnik təmizləmədən əziyyət çəkən dövlət kimi Azərbaycanın möhkəm və qəti mövqeyi ondan ibarətdir ki, Avropa Şurasının nümayəndələrinin və onun monitorinq mexanizmlərinin münaqişə zonalarına səfərləri yalnız aidiyyəti dövlətin açıq-aydın razılığı əsasında həyata keçirilə bilər:
“Əks təqdirdə, bu səfərlər beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edəcək və qeyri-leqal addım kimi qiymətləndiriləcək . Azərbaycan ardıcıl olaraq çoxsaylı demokratik islahatları uğurla həyata keçirərək Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü bütün öhdəlik və tələbləri həyata keçirmişdir. Əminik ki, yeni qəbul olunmuş və tezliklə, Baş katibin Bakıya səfəri zamanı başlanacaq 2014-2016-cı illər üçün Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı, gələcək illərdə Azərbaycan ilə Avropa Şurası arasında uğurlu əməkdaşlıq üçün digər əhəmiyyətli alət olacaq”.

Yekun olaraq nazir qeyd edib ki, Azərbaycan növbəti 6 ay ərzində Nazirlər Komitəsinə sədrlik etmək hüququna malik olacaq:
“Sədrliyimiz müddətində, yarandığı ildən bəri Avropa Şurası məqsədlərinin gələcəkdə inkişaf etdirilməsində əlimizdən gələn səyləri əsirgəməyəcəyik. Bu məqsədlə, biz bu günorta daha təfərrüatlı şəkildə təqdim edəcəyim sədrlik prioritetlərimizi müəyyən edərkən təşkilatın hazırkı siyasi gündəliyini və üzv dövlətlərin qarşılaşdığı təhdidləri nəzərə almışıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar