Sizin Reklam Burada

“KREML AGENTLƏRİ” ANTİSEMİTLƏRƏ QARŞI…- "Rus kartı" Britaniyadakı seçkilərin nəticələrinə necə təsir edəcək?

11-12-2019, 07:01   

Böyük Britaniya seçki yarışının həlledici mərhələsinə qədəm qoyub. 12 dekabrda “Brexit”in taleyini həll edəcək erkən parlament seçkiləri keçiriləcək. Seçki kampaniyası gücləndikcə hər iki partiyaya qarşı “kartlar” işə düşməyə başlayır. Mühafizəkarları Rusiyadan pul almaqda, leyboristləri antisemitizmdə günahlandırırlar. Son sorğular göstərir ki, “Kreml agentləri” inamlı qələbəyə doğru gedirlər.

Mühafizəkarların rus oliqarxlarla əməkdaşlıqda ittiham olunması ilk dəfə deyil. Son dəfə belə ittiham “The Sunday Times” qəzetində dərc olunan parlament hesabatında səsləndirilmişdi.

Hesabatdan məlum olurdu ki, Mühafizəkarlar Partiyası ruslardan, xüsusən YUKOS şirkətinin keçmiş vitse-prezidenti Aleksandr Temerko və keçmiş maliyyə nazirinin müavini Vladimir Çernuxinin xanımı Lyudmiladan böyük ianələr alıb.

“Mühafizəkarlar Partiyası seçki komissiyasında qeydiyyata alınan vətəndaşlardan, Britaniya vətəndaşı olanlardan maliyyə alır”, – deyə daxili işlər nazirinin müavini Brendon Luis səslənən ittihamları rədd edib.

Brendon Luis

O, Mühafizəkarlar Partiyasının hesablarında varlı rusların bağışladığı vəsaitlərin olmadığını bildirib. Luisin sözlərinə görə, hər bir Britaniya vətəndaşı ölkə siyasətində iştirak etmək, istədiyi siyasi partiyanın xeyrinə ianə etmək hüququna malikdir.

O da digər Britaniya rəsmiləri kimi bildirib ki, həm Temerko, həm də Çernuxin Birləşmiş Krallıqın subyektləridir və Britaniyada yaşayırlar. Və onların Rusiyanın hazırkı hakimiyyəti ilə əlaqələri heç kimə məlum deyil.

Lakin seçkilərə “Rusiyanın müdaxiləsi” dünya mediasının manşetlərində elə bir tanış mövzuya çevrildi ki, artıq heç kim “Kreml agentləri”nin Rusiya rəhbərliyinə sədaqət dərəcəsini müəyyənləşdirmək üzərində baş sındırmır.

“The Sunday Times”dakı məqalə səsvermənin nəticələrinə güclü təsir göstərə bilməz. Sorğular göstərir ki, Mühafizəkarlar Partiyası İcmalar Palatasında istədiyi çoxluğu qazana biləcək.

Son araşdırmalardan birinə görə, mühafizəkarlar 359, leyboristlər 211 yerə sahib olacaq.

Conson və Korbin

Britaniyalı müşahidəçilər dəfələrlə hazırkı seçki kampaniyasının populyar olmayan bir rəqabət olduğunu deyiblər. Hər iki partiyanın liderli – Boris Conson və Ceremi Korbin dərin mübahisəli şəxsiyyətlərdir. Ona görə dekabrın 12-də ingilislər “ən yaxşıya” yox, baş nazir kürsüsündə görmək istəmədiklərinə qarşı səs verməlidirlər. Reytinqlərə görə, rus pulları antisemitizm qədər böyük bir zərbə deyil.

Leyboristlərin lideri Korbini yəhudiləri sevməməkdə günahlandırırlar. Bundan əvvəl mühafizəkarları ifşa edən “The Sunday Times” 8 dekabr sayında daha bir qalmaqallı xəbər dərc etmişdi.

Xəbərdə Leyboristlər Partiyasının milli konstitusiya komitəsinin rəhbəri Anna Dayerin yazılı qeydindən bəhs edilirdi. Həmin qeyddə Korbinin hətta öz sıralarında belə, antisemitizmə qarşı mübarizə aparmaq istəyindən şübhə ifadə olunurdu.

Sənədə görə, bütün yəhudilərin tamamilə məhv edilməsinə çağırış edən bir üzvün xaric edilməsi üçün partiyaya 10 il vaxt lazım olubmuş. Korbin partiyada antisemitizmi pisləyən atmosfer yaratmaqda günahlandırılır.

Efraim Mirvis

Noyabrın sonlarında Birləşmiş Krallığın baş ravvini Efraim Mirvis Korbini nəzərdə tutaraq Leyboristlər Partiyasının rəhbərliyini qınadı və onu baş nazir kürsüsündə görmək istəmədiyinə eyham vurdu.

“12 dekabrda hamıdan vicdanla səs verməyi xahiş edirəm. Tərəddüd etməyin, millətimizin ruhu təhlükə altındadır ”, – deyə Efraim Mirvis “The Times” qəzetindəki məqaləsində yazmışdı.

İngilislər mühafizəkarların bir problem yaşadığını görürlər. Lakin bu problem antisemitizmlə deyil, islamofobiya ilə bağlıdır. Boris Consonun bu mövzuya aid ən yaddaqalan açıqlamalarından biri başörtülü müsəlman qadınların poçt qutuları ilə müqayisəsi idi. İndi ingilislər irqçiliyin hansı formasının onlar üçün daha məqbul olduğunu seçməlidirlər…

Tərcümə Strateq.az-ındır

Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar