Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqbal Ağazadədən gündəmi silkələyən açıqlamalar – Müsahibə

22-09-2020, 16:53   

Ümid Partiyasının sədri İqbal Ağazadə ilə gündəmin aktual mövzuları ətrafında söhbətləşmişik. Onun Reportyor.info-ya müsahibəsini təqdim edirik:

– İqbal bəy, Tovuz cəbhəsində yenidən gərginlik var, bir şəhid vermişik. Niyə savaş Qarabağ yox, Tovuz istiqamətində gedir və səngimir?
 
– Düşmən üçün Azərbaycan sərhədinin hansı istiqamətindən hücum keçməyinin əhəmiyyəti yoxdur. Hesab etmirəm ki, Qazaxdan hücuma keçsəydilər hər hansı dəyişiklik olacaqdı.
Görünür, planlarında hansısa zəif halqa olduğunu və yaxud yüksəkliklərin əhəmiyyətli olduğunu hərbi-strateji cəhətdən əsaslandıra bilirlər.
Ona görə bizim üçün fərq etmir ki, Tovuzdan, Gədəbəydən, yoxsa Qarabağdan hücuma keçiblər. Hər biri vətənimizdir, əzizdir və bütün istiqamətlərdən düşmənin hücumlarının qarşısını almalıyıq.
 
–  Türkiyənin açıq şəkildə dəstəyini hiss edirik, amma Rusiya nədənsə yenə çox sakit görünür. Nə baş verir və yeni böyük müharibə başlaya bilərmi?
 
– Rusiya sakit deyil. Birinci Tovuz döyüşlərindən sonra ciddi surətdə Ermənistana hərbi sursat göndərdi. Bu məsələ Xarici İşlər Nazirliyi səviyyəsində də deyildi. Düşünürəm ki, Rusiya tərəfinin Azərbaycana verdiyi cavablar isə qaneedici olmadı.
Hesab edirəm ki, Moskva yenə Ermənistanın havadarı mövqeyində çıxış edir və Azərbaycanın zəiflədilməsi istiqamətində uzun müddətdir çalışır. Türkiyəyə gəlincə, bəli, müstəqillik illərimizdə ilk dəfə belə açıq mövqe qoyur və qərarlıdır.
Güman edirəm ki, bu mövqeyindən geri çəkilməyəcək. Rusiya da bunun fərqindədir. Türkiyə təkcə Cənubi Qafqazda deyil, Suriya və Liviyada da Rusiya ilə üz-üzə gəlib.
 
– İqbal bəy, son günlər referendum təklifləri səslənir. Proporsional seçki sisteminə keçid və deputat sayının 150-yə qaldırılması istənilir. Bu məsələyə münasibətiniz necədir?
 
–  Referendum təklifləri ola bilər. Hakimiyyət siyasi sistemin dəyişməsini və parlamentdə deputatların proporsional qaydada seçilməsini də istəyər. Amma hələ ki bu məsələlər aktual deyil.
Xüsusən siyasi partiyalarla dialoq müstəvisi tam şəkildə rəsmiləşməyib, konkret məsələlər müzakirə edilməyib. Partiyalarla ayrı-ayrı görüşlər olsa da, bunu dialoq adlandırmaq tezdir.
Düşünürəm ki, gələcəkdə daha optimal, partiyaları və cəmiyyəti narahat edən məsələlər müzakirə olunmalıdır. Hakimiyyət bu dəyişiklikləri də öz istədiyi şəkildə həyata keçirəcəksə, bir əhəmiyyəti olmayacaq. O ki qaldı deputat sayının artırılması təklifinə, mən bunun tərəfdarı deyiləm.

 
– Yeri gəlmişkən, yeni deputatlar arasında Hadı Rəcəbli kimilərdən fərqlənməyən açıqlamalar verənlər varBu günlərdə onlardan biri facebook-a pasportla girməyi təklif etdi. Sizcə, təzə parlament hakimiyyətin yeni konfiqurasiyası ilə ayaqlaşa bilirmi?
 
– Parlamentdəki deputatların böyük əksəriyyəti xalqın iradəsi ilə seçilməyib. Ona görə bu deputatların nə danışmasının əhəmiyyəti yoxdur. Onlar hakimiyyətin mövqeyini dəstəkləyirlər, ayrı-ayrı adamlardan aldıqları təlimatlara uyğun çıxış edirlər.
Odur ki, “facebook”-a pasportla daxil olmaq fikrini nəinki deputatın, adi adamın dilə gətirməsi XXI əsrdə ciddi düşüncə problemi qənaəti yaradır. Bu düşüncə ilə millət vəkili olmaq, ictimai-siyasi proseslərdə iştirak etmək təəssüf doğuran haldır.
 
– Yeni sistem demişkən, PA şöbə müdiri Ədalət Vəliyev partiya sədrləri ilə görüşlər keçirir. İqtidar-müxalifət əlaqələrində yeni müstəvi yarana bilərmi?
 
–  İqtidar-müxalifət arasında yeni əlaqələrin yaranmasında çox maraqlıyıq. Bu istiqamətdə Ədalət Vəliyev müxtəlif görüşlər keçirir. Bizimlə olan görüşlər haqda da məlumat vermişik. Arzulayırıq ki, bütün problemlər dialoq və masa arxasında həllini tapsın, siyasi institutlar idarəçilik sisteminin tərkib hissəsinə çevrilsin.
Bu proses ləng getsə də, gedir. Prezident Administrasiyası ilə partiyalar arasında konret məsələlər ətrafında müzakirələr getməlidir və yekunda siyasi qərar qəbul olunmalıdır.

– İqbal bəy, bu arada AMEA prezidenti Ramiz Mehdiyevin hədə dolu açıqlamalarının ardı kəsildi. Bir barışıq əldə edildiyini söyləmək olarmı?
 
– Ramiz Mehdiyevlə bağlı suallara ramizşünaslar istər mənfi, istər müsbət cavab verə bilər. Mən Ramizşünas deyiləm.
 
– Son sualımız –  ötən həftə Rusiyaya “işləyən” jurnalistlərin, sonra “reket”lərin siyahısı yayıldı. Sizcə, ardıcıl olaraq dövriyyəyə buraxılan bu siyahılar hansısa mərkəzin və ya köhnə qvardiyanın provokativ cəhdi ola bilərmi?
 
– Fikrimcə, hər iki siyahıda adı keçən şəxslər xüsusi xidmət orqanlarına müraciət etməlidirlər. Onlar cəmiyyəti inandırmaq, özlərinə şübhə ilə baxılmaması üçün bir məktub almalıdırlar. Eyni zamanda həmin orqanlar araşdırmalıdırlar ki, adıçəkilən jurnalistlər Rusiya agentidir, reketdir, yoxsa kimdir…
Əks təqdirdə cəmiyyətin həmin siyahılardakı jurnalistlərə şübhəsi qalacaq, bu da onların imicinə ciddi şəkildə ziyan vuracaq. Mən çox istərdim ki, hər kəs Azərbaycana xidmət etsin. Amma o da faktdır ki, Rusiyaya, İrana və başqa ölkələrə işləyən jurnalistlər az deyil.
Onların aşkarlanıb cəmiyyətə təqdim olunması vacibdir. Bunu isə xüsusi xidmət orqanlarından yaxşı heç kəs həyata keçirə bilməz.
 
Söhbətləşdi: Arifə Əliyeva

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar