Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyə ATƏT-də həmsədr olsun, Fransa qovulsun! - Deputatlardan sərt mövqe

2-10-2020, 08:56   



Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması artıq tarixi zərurətə çevrilib. Qardaş ölkənin ATƏT-in Minsk Qrupunun 11 üzvündən biri olması bu mənəvi və hüquqi mandatı haqq edir. Digər tərəfdən, Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan sülh yolu ilə azad edilməsi istiqamətində zərrə qədər irəliləyişə nail olmayıblar. Bu mənada həmsədr ölkələrin dəyişməsinə, məsələn, tamamilə ermənipərəst mövqedən çıxış edən, hazırda gedən müharibə şəraitində belə balansı qorumayan Fransanı Türkiyənin əvəzləməsi lazımdır.
Bu təkliflə siyasətçilər, ekspertlər də çıxış etməyə başlayıblar. Təkcə ona görə yox ki, Ankara Bakıya siyasi dəstəyini verir, həm də münaqişənin danışıqlar yolu ilə həllində aktiv rol oynaya, ədalətli mövqe tuta biləcək. Əslində Rusiyanın da həmsədr ölkə siyahısından çıxması yaxşı olardı. Sadəcə, dünyadakı siyasi reallıqları, Moskvanın gücünü nəzərə almaq lazımdır. Rusiya və Fransanın ermənilərə açıq simpatiyasını və bu ölkələrdə fəaliyyət göstərən erməni lobbilərini nəzərə alsaq, digər həmsədr - ABŞ müəyyən mənada balansı qorumalı idi. Lakin bu yaxınlarda Los-Anceles ştatında həmyerlilərimizə qarşı atılan addımlar və illərdir ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi danışıqların gedişində yenilik edilməsinin vacibliyini açıq nümayiş etdirir.
Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı
Asim Mollazadə: “Fransanın erməni icmasının təsiri altına düşməsinə görə bu ölkənin həmsədrlikdən ayrılması yaxşı olardı”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin həmsədr ölkə kimi iştirakı ədalətli olardı. Onun sözlərinə görə, buna icazə veriləcəyinə ciddi şəkildə şübhə edir. A.Mollazadə hesab edir ki, Fransanın erməni icmasının təsiri altına düşməsinə görə bu ölkənin həmsədrlikdən ayrılması yaxşı olardı: “Fransanın bəyanatları bizi çox narahat edir. Onlar iddia edir ki, guya müharibədə Türkiyə tərəfi iştirak edir. Fransa Türkiyə ilə olan probleminə görə bu yalanları tirajlayır. Ermənistan eyni fikri ortaya atıb ki, məğlubiyyətə don geyindirsin. Təbii ki, Türkiyənin müharibədə iştirakı haqda iddialar yalandır. Ümumiyyətlə, heç bir beynəlxalq təşkilatın haqqı yoxdur ki, Azərbaycanla bağlı nəsə ifadə etsin. Çünki 30 ilə yaxındır işğal edilmiş ərazilərlə bağlı heç bir qətnamə icra olunmayıb, Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Onlar yalnız beynəlxalq turizmlə məşğul olublar. Ona görə də Azərbaycan öz ərazisində Ermənistanı sülhə məcbur edən əməliyyatlar aparır”.
Onlar oğlanlarıma ölüm arzulayır” – Aqil Abbas (Müsahibə)
Aqil Abbas: “ATƏT-in Minsk Qrupu ləğv olunmalıdır, ikiüzlülük edirlər, gəlib yeyib-içib gedirlər”
Deputat Aqil Abbas bildirdi ki, ümumiyyətlə, ATƏT-in Minsk Qrupu ləğv olunmalıdır. Onun sözlərinə görə, nə qədər danışmaq olar: “Deyək ki, Fransa həmsədrlikdən getdi, Türkiyə gəldi, orada Rusiya və Amerika var axı?! Əlbəttə, Türkiyənin həmsədr ölkə olması təklifi səslənə bilər, biz də əleyhinə deyilik. Amma mən heç vaxt ATƏT-in Minsk Qrupunun olmasını istəməmişəm. Onlar başımızın altına yastıq qoymaqla məşğuldurlar, ikiüzlülük edirlər, gəlib yeyib-içib gedirlər. Ona görə Türkiyənin həmsədrliyi ilə münaqişənin həllində böyük dəyişiklik gözləmirəm. Minsk Qrupu danışıqlar prosesindən tamamilə uzaqlaşdırılmalıdır, BMT və digər beynəlxalq təşkilatlar bu missiyanı yerinə yetirə bilərlər”.
Məlumat üçün xatırladaq ki, ATƏT-in Minsk Qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurumdur. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayıb. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq ediblər. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Minsk Qrupunun digər üzvləri Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə və Finlandiyadır.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Azərbaycan əks-hücum əməliyyatları ilə düşmənə sarsıdıcı zərbələr endirir. Ordumuz Füzuli rayonunun işğal altında olan 7 kəndini azad edib, eyni zamanda Murov və Talış istiqamətlərində əlverişli yüksəkliklər geri alınıb. Düşmənin xeyli sayda hərbi texnikası və 2300-dən çox canlı qüvvəsi məhv edilib. Hazırda döyüşlər davam edir. Azərbaycan prezidenti qismən səfərbərlik elan edib.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar