Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kreml ritorikanı yumşaldır? - “Rusiya Türkiyənin vazkeçilməz regional oyunçu olduğunu artıq qəbul edir”

16-10-2020, 15:42   


Kreml ritorikanı yumşaldır? - “Rusiya Türkiyənin vazkeçilməz regional oyunçu olduğunu artıq qəbul edir”

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı təxribatlarına cavab olaraq ordumuz əks-həmlə əməliyyatları keçirib.
30 ilə yaxındır çözümü uzanan və həlli müşkülə çevrilən Dağlıq Qarabağ münaqişəsinin hazırki taleyini Azərbaycan ordusu uğurlu hərbi əməliyyatları ilə tarixə yazıb.
Bu illər ərzində Rusiya həm müstəqil, həm də ATƏT-in Minsk Qrupundakı təmsilçiliyi ilə ikibaşlı mövqeyini sərgiləyib. Azərbaycan tərəfindən davam edən uğurlu əməliyyatların ilk günlərində səssizliyi ilə gözləmə mövqeyini seçən Rusiya daha sonra tərəfləri danışıqlara dəvət edib.
Moskvada humanitar atəşkəs barədə qərar qəbul olunsa da, erməni təxribatı davam edir. Gəncəyə atılan raket 10 mülki şəxsin həyatına son qoyub. Ardınca Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi təklifi irəli sürülüb.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığında tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti və Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.
Ardınca Putin və Ərdoğan arasında telefon danışığı olub. Son danışıqdan sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mövqeyində müəyyən qədər yumşalma hiss olunur.
Məsələni Cebhe.info-ya şərh edən politoloq Natiq Miri bildirib ki, bu, Türkiyənin Azərbaycanı müdafiə edəyəcəyi ilə bağlı israrlı duruşu ilə bilavasitə əlaqəlidir:
“Türkiyənin Xarici İşlər naziri və dövlət rəsmiləri mütəmadi olaraq Rusiya rəhbərliyi ilə təmasdadır. Hər telefon zəngində birmənalı olaraq Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlər vurğulanmaqla bərabər, təcili olaraq Ermənistanın dayandırılması və işğalçı ordunun dərhal işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur. Dolayısı ilə bu, o anlama gəlir ki, Türkiyənin iştirakı olmadan əslində Qarabağ məsələsinin çözümündə hansısa geosiyasi niyyətləri həyata keçirmək mümkün olmayacaq. Əslində Rusiyanın diqqətinə məhz bu çatdırılır. Rusiya Türkiyənin prosesə müdaxiləsini istəmir. Çünki Türkiyənin həmsədr dövləti olması onun artıq qlobal səviyyədə bir oyunçu olmasının təsbit olunması anlamına gələcək. Bunu təkcə Rusiya deyil, Fransa və ABŞ da istəmir. Türkiyənin bu prosesdə aktivləşməsini və məsələyə müdaxiləsini ATƏT-in Minsk Qrupu dövlətləri də istəmir. Məsələnin birinci səbəbi budur”.
Ekspertin fikrincə, ikinci səbəb isə Azərbaycanın duruşudur:
“Ermənistanın Xarici İşlər naziri Mnasakyan humanitar atəşkəs razılaşdırılandan sonra təkrarən Moskvaya səfəri çərçivsində Lavrovla görüşdü. Bu görüşdən sonra Lavrov Ermənistanı dəstəkləyən və Azərbaycanın maraqlarına uyğun olmayan açıqlamalar verdi. Lavrov hətta həddini aşaraq və sülh prinsiplərindən kənara çıxaraq ilkin mərhələdə Dağlıq Qarabağətrafı 2 rayonun boşaldılmasından danışdı. Hansı ki, sülh prinsipləri razılaşdırılması sənədində ilk olaraq 5 rayonun və bundan sonra 2 rayonun azad olunması təklif olunur. Ancaq Lavrov 2 rayonun azad olunmasından sonra atəşkəs mexanizmlərinin yaradılması və nəzarət olunması prosesi çərçivəsində sülhməramlıların Qarabağa yerləşdirilməsini istədi. Dolayı yolla, bu, Rusiya qoşunlarının Qarabağa gəlməsi anlamına gəlirdi və Lavrov bunu demək istəyirdi. Fikir verin, 2 rayonun azad olunmasından danışırsa, zatən Azərbaycan bu danışıqlara qədər işğal olunmuş 2 rayonu və ondan da artıq əraziləri azad etmişdi. Azərbaycanın bu təzyiqlər fonunda dik duruşu və ən nəhayət, hərbi sahədə ciddi uğurlar əldə etməsi, eləcə də bununla kifayətlənməyərək artıq Qarabağın inzibati ərazi vahidliyinə girməsi, bəzi ərazilərin işğaldan azad edilməsi göstərdi ki, ölkəmizin niyyəti daha stratejidir. Eyni zamanda, məqsəd bütün işğal olunmuş ərazilərdə öz suverenliyini bərpa etməkdir. Bu niyyəti əlbəttə ki, Rusiya bilməmiş və görməmiş deyil”.
Politoloq əlavə edib ki, Rusiyanın siyasi və hərbi rəhbərliyində Qarabağ problemi ilə bağlı fikir birmənalı deyil. Fikir haçalanıb və üst-üstə düşmür:
“Yəni bu gün Lavrovun istəkləri və dedikləri Kremldə və bəzi strukturlarda, orduda, hətta dərin dövlət səviyyəsində təsdiqlənmir. Bu baxımdan, Lavrov Rusiya səviyyəsində istədiklərini həyata keçirə bilmədiyi üçün reallıqla hesablaşaraq ən azından özünü qoruma mənafeyindən istifadə edir. Çünki boynundan yuxarı tullanmaq Lavrov üçün yaxın perspektivdə baha başa gələ bilər. Rusiya siyasi rəhbərliyi Lavrovun istəklərinə rəğmən Türkiyə ilə Dağlıq Qarabağ probleminin həlli məsələsində masaya otura bilər. Vladimir Putinlə Ərdoğan arasında Qarabağ məsələsinin müzakirə predmetinə çevrilməsi də onu göstərir ki, Türkiyənin vazkeçilməz regional oyunçu olduğunu Rusiya artıq qəbul edir. Çox keçməz ki, Rusiya artıq bu məsələləri Türkiyə çözmək üçün ciddi şəkildə masaya yatıracaq.
Ən nəhayət digər məsələ odur ki, Rusiya kosmosdan bütün prosesləri, hərbi əməliyyatları və əraziləri çox gözəl izləyir. Azərbaycan ordusunun uğurlarını və bu prosesin artıq bitməsinə çox az vaxt qaldığını da görür. Hesab edirəm ki, Rusiya müəyyən mənada ritorikasını yumşaltmaqla dolayısı ilə gələcəkdə siyasi masada öz yerini itirmək istəmir. Hərbi yolla Azərbaycan öz suverenliyini bütün işğal ərazilərində bərpa edəndən sonra artıq, bu, Azərbaycanın öz daxili məsələsi olacaq. Çünki bundan sonra Azərbaycanda yaşayacaq erməni vətəndaşı, onun təhlükəsizliyini təmin etmək Rusiyanın və ya başqa bir dövlətin deyil, Azərbaycanın daxili məsələsi olacaq. Konstitusiyaya görə, Azərbaycan dövləti hər bir vətəndaşının təhlükəsizliyini təmin edir. Bir şərtlə ki, Azərbaycan konstitusiyasını hər bir vətəndaş qəbul etsin”.
Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar