Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qəribə şikayət

22-10-2020, 09:40   


Öz torpaqlarını separatçılardan, terrorçulardan, soyqırımçılardan azad etmək üçün Azərbaycanın apardığı qərarlı əməliyyata müqavimət göstərə bilməyən Ermənistanın dövlət başçısı Avropa İttifaqına və NATO-ya müraciət edərək “Brüsseldəki hər kəsi Türkiyəyə təzyiq göstərməyə” çağırıb. Hərbi əməliyyatlarda Türkiyənin Azərbaycana dəstək verdiyini iddia edən Ermənistan dövlət başçısı bunun regiondakı geosiyasəti dəyişdirə biləcəyini Aİ və NATO rəhbərliyinə çatdırmağı özünə borc bilib.
İşin əvvəlindən bəri Ermənistanın tədavülə daxil etməyə çalışdığı siyasətin növbəti uzantılarından biridir: Azərbaycanın hərbi əməliyyatlarını “Türkiyə ilə Ermənistan arasındakı savaş” kimi xarakterizə edərək dünyadan dəstək almağa çalışmaq. Görünür, İrəvanın problemi kənardan görünəndən daha dərindir, çarəsizlik elə səviyyəyə çatıb ki, artıq ən bəsit məntiq və riyaziyyat ilə belə ittiham irəli sürülə bilmir. Ona görə də  “Türkiyə ilə savaşırıq”  iddasıyla dünyadan dəstək ala bilməyincə “bölgə geosiyasətinin dəyişəcəyindən” dəm vurmağa başlayırlar.



”Bölgə geosiyasəti” dəyişəcəksə, bunun şikayət ünvanı o bölgəni 200 ildən bəri öz nəzarəti altında saxlayan Rusiya olmamalıdırmı? Bölgənin geosiyasətini 200 il əvvəl erməniləri Qafqazdakı türk torpaqlarına gətirərək dəyişdirən, gətirdiyi gündən bəri onlardan öz məqsədi üçün gen-bol istifadə edən Rusiya indi Armen Sarkisyanın iddia etdiyi kimi, “Türkiyənin o siyasəti dəyişdirəcəyini” görmürmü? Görmürsə, NATO buna neyləsin? Görüb müdaxilə etmirsə və ya etməyə gücü çatmırsa, NATO-nun bunda nə günahı var? Bəlkə o geosiyasətin dəyişməsini NATO özü istəyir, bundan erməni dövlət başçısının xəbəri yoxdur və xəbəri olmadığına görə 68 ildən bəri NATO-nun üzvü olan bir ölkənin “Qafqazdakı geosiyasəti dəyişəcəyi”nin xəbərini Brüsselə çatdırmağı özünün vəzifəsi hesab edir?
Türkcədə deyildiyi kimi, “harasından yapışsan, qopub əlində qalan” vəziyyətdir. Dəfələrlə deyildi və yazıldı ki, öz torpaqlarını azad etmək üçün Azərbaycan ordusunun əlavə dəstəyə ehtiyacı yoxdur və dəstəkdən söhbət gedirsə, Türkiyə əhalisinin böyük çoxluğu özünə qardaş bildiyi Azərbaycanın yanındadır.
Türkiyə rəhbərliyinin “Azərbaycana həm əməliyyat sahəsində, həm də masada dəstək verəcəyik” bəyanatları silahlı qüvvələrin Azərbaycanın tərəfində əməliyyatlarda iştirak etməsi mənasını daşımır. Digər tərəfdən, erməni dövlət başçısı “geosiyasət” dəyişikliyi axtarırsa, bölgədə o dəyişikliyi istəyən beynəlxalq təşkilatların başında elə NATO-nun özü gəlir. Və bu istək Xəzər bölgəsindən əvvəl, Qara dəniz bölgəsində reallaşdırılmağa çalışılır.


Ukraynanın NATO ilə əməkdaşlığının gücləndirilməsinə verilən maksimum dəstəkdə, Gürcüstanın NATO-ya üzvlüyünün sürətləndirilməsi üçün edilən çağırışlarda və qəbul edilən qərarlarda ittifaqın üzvü kimi Türkiyənin də həm rolu, həm də qolu var. Ona görə erməni dövlət başçısının da iddia etdiyi kimi, “Türkiyənin Azərbaycana verdiyi dəstək Zaqafqaziyadakı geosiyasəti dəyişdirəcəksə” burada NATO-nun da müsbət rəyinin olduğuna başda Armen Sarkisyan olmaqla heç kim şübhə etməməlidir. Elə isə Türkiyəni Brüsselə şikayət etmək hansı məntiq və riyaziyyatdan irəli gəlib?
Azərbaycan torpaqlarının uzun müddətdən bəri Ermənistan işğalı altında qalması hansı məntiqsizliyə söykənmişdisə, dövlət başçısı Sarkisyanın Türkiyəni NATO-ya şikayət etməsi də eyni məntiqsizliyin məntiqi nəticəsidir.
Görünür, elə bu məntiqsizliklə Armen Sarkisyan belə düşünüb ki, NATO üzvü olmasına  baxmayaraq,Türkiyə ittifaqdan müstəqil şəkildə hərəkət edir, o hərəkətlərə görə ittifaq qarşısında heç bir məsuliyyət daşımır və Brüssel də Türkiyədən heç bir izahat tələb etmir, ona görə durub  ən qədim üzvlərdən birini ittifaqa şikayət edib ki, “Zaqafqaziyadakı geosiyasəti dəyişdirəcək, mane olun”.
Əslində Tvitter üzərindən etdiyi bu müraciətlə erməni dövlət başçısı 200 ildən bəri bütün planlarına alət olduğu Rusiyanı da çətin vəziyyətdə qoyub. Belə ki, müraciət   “Türkiyənin bölgədəki geosiyasi vəziyyəti dəyişdirmə” niyyətinə Rusiyanın müdaxilə edə bilməməsi ehtimalını da ortaya çıxarmırmı?
Sizcə?...
Mayis Əlizadə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar