Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...

3-12-2020, 11:43   



"O paradda elan olunmalıdır ki, qəti qələbə də tezliklə təmin ediləcək və mövcud narahatlıqlara son qoyulacaq"


Hansı gərgin situasiyanın yaratdığı səbəbdən asılı olmayaraq Rusiyanın sülhməramlı adı altında Dağlıq Qarabağa girməsi baş verib. Bu Rusiya maraqları üçün böyük güzəşt oldu. Bu güzəştin qarşılığında Dağlıq Qarabağda minimum hüquqlarımızın qorunmasını və Putinin dediyi “status-kvo dövründə” cinayətkar Arutunyan rejimi ilə deyil, sadəcə erməni icması ilə münasibətlərin aparılması şərt kimi göstərilməli idi. Gec deyil! Bu şərt indi də Rusiya sülhməramlılarının nəzərinə ciddi şəkildə çatdırılmalıdı. Ona görə ki, Xankəndidə baş verənlərə 1 dekabra kimi müəyyən səbr limiti yaranmışdı, amma  indi limit bitdi. Və bu limit yalnız qeyri-rəsmilər üçün deyil, əslində rəsmilər üçün bitmiş hesab olunmalıdır. Etiraz və real hərəkət bizi perspektiv uzunmüddətli problemdən, onun da böyüyüb yenidən münaqişəyə çevrilməsindən xilas edə bilər. 

Amma, işlər başqa cür gedir. Rusiya dövləti cinayətkar rejim üçün hər cür hüququ tanıyıb. Cinayətkar Araik Arutunyan isə çox sərbəstdir, o qədər ki, quzğun Vitali Balasanyanı təhlükəsizlik şurasının katibi təyin edib. Bu yalançı general haqqında qısaca deyək ki, o Rusiyanın 366-cı alayına qeyri-rəsmi rəhbərlik edib və Xocalı qətliamının təşkilatçısıdır. Sabah Balasanyanın rus sülhməramlıları ilə 1992-ci ilin fevralında oynadığı rolu təkrarlamaycağına kim zəmanət verir? Balasanyan təyinatından bir gün əvvəl sərt bəyanat verib. Bu bəyanata baxanda qarşıda nələr olacağını təsəvvür etmək çətin deyil. Diqqət edin:”Artsax hakimiyyət orqanlarının bütün qanadlarının fəaliyyətinə yenidən baxılmalıdır, Silahlı Qüvvələri yenidən formalaşdırmaq lazımdır. Yeni ümumerməni gündəmi yaradılmalıdır: diaspora və Ermənistanla, o cümlədən Rusiya Federasiyası ilə işləməyin yeni formatı qurulmalıdır”. 

Bu, Balasanyanın bəyanatından kiçik bir parçadır və diqqəti cəlb edən “Silahlı qüvvələrin yenidən formalaşması” ideyasıdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam şəkildə çıxmadığı gizli deyil. Rusiya sülhməramlıları ilə erməni əsgərlərin birgə görüntüləri internetdə yayılıb. Balasanyanın “ Ordusu”nu yaratmaq planının qarşısını hansı qüvvə alacaq? Ermənistan müdafiə naziri Vaqarşak Arutunyan cinayətkar Araikə hansı mesajları verməyə gəlmişdi? Ümumiyyətlə, Laçın dəhlizinin sonundakı dövlət sərhədinə nəzarət edə bilmədiyimiz üçün Ermənistandan tərpənən millətçilərin, kriminalların, ideoloqların, hərbiçilərin sabah Xankəndində bənd alacağı açıq görsənmirmi? Təzə Laçın dəhlizi olanda da belə olacaq, çünki Putin deyib ki, “mövcud status-kvo rəsmi status həll olunanadək qüvvədə qalacaq”. 

Problem çoxdur və hələ olcaq da. Sabah Tərtər-Ağdərə-Kəlbəcər yolundan, Ağdam- Xocalı- Xankəndi-Şuşa yolundan bizim vətəndaşlarımızın istifadə məsələsindən tutmuş, Dağlıq Qarabağın statusunadək həll olunası çox problemlər bizi gözləyir. Problemin çözülməsinin ilk şərti Dağlıq Qarabağdan olan azərbaycanlı vətəndaşlarımızın –məcburi köçkünlərin tezliklə doğma yurdlarına qaytarılmasıdır. Bunun üçün 2021-ci il Xocalıda, Kərkicahanda, Şuşanın bütün kəndlərində, Ağdərənin 14 kəndində və başqa yerlərdə quruculuq ili, 2022-ci il isə kütləvi köç ili elan olumalıdır. Detalları işləmək asandır. Tikinti təşkilatlarının təhlükəsizliyinin təminatı yalnız Rusiya sülhməramlılarına etibar edilə bilməz. Çox sadə səbəbdən. Rusiya hərbçilərinin Birinci Qarabağ müharibəsində 366-cı alayın simasında, 20 Yanvarda və üzü 1813-cü ildən bəri olan dövrdə törətdiklərindən nəinki ehtiyat edir, həm də çəkinirik, qorxuruq.  Rusiyaya demək lazımdır ki, Türkiyə sülhməramlılarına icazə verməyəndə 1915-ci ili xatırlada bilirsiniz, biz də sizə bu tarixləri xatırladır və inanmırıq. Ona görə də Türkiyə sülhməramlıları bizim üçün qarantdır. Üstəlik, köçdüyümüz yerlərdə olması zəruri bilinən dövlət strukturlarının fəaliyyəti bərpa olmalıdır. Bu işin Putinin status müzakirələrinə aidiyyatı yoxdur. Bu elə Putinin dediyi “birgəyaşayışın elementləridi” ki, bundan sonra guya status müzakirə predmeti olacaq. Hərçənd kı, Azərbaycanın dövlət başçısı belə bir müzakirənin olmayacağını elan edib. 

Nəzarət edə bilmədiyimiz ərazi bu gün keçmiş DQMV-in təxminən 72 faizini təşkil edir-3,1 min kvadrat kilometr, üstəlik Laçın dəhlizi. 1988-1991-ci illərin situasiyasına qayıtmış kimi bir proses gedir. O vaxt çox səhvlər buraxıldı, 28 illik fəlakətə səbəb oldu. İndi hərbi-siyasi-iqtisadi-mənəvi üstünlüyün Azərbaycan tərəfdə olduğu bir zamanda biz keçmişin səhvlərinə qayıda bilmərik.  

Heç kəs özünü aldatmasın ki, Azərbaycan cəmiyyəti, hətta Türkiyə yaranmış situasiyadan narahat deyil. Bu narahatçılıq səmimidir. Səmimi olmayan, qərəzli narahatçılıqlar da var, bəzən bu qərəzin siyasi konyukturadan qaynaqlandığı açıq hiss olunur. Amma, bu tək-təkdir və ümumi siyasi mənzərəni  özündə əks etdirmir. Narahatçılığın səbəbləri çoxdur, onun bir neçəsi burda qeyd olundu. Buna son qoymaq üçün artıq diplomatiyanın ağırlığı öndə olmalıdır. Təəssüf ki, başqa bir qərəzli münasibət də tədricən formalaşır. Ən adi insanımızın da sosial şəbəkələrdə bu narahatçılığı dilə gətirməsi bəzən problemin mahiyyətindən xəbəri olmayanlar, bəzən çox sadəlövh olanlar, bəzən isə ştatlı fürsətcillər tərəfindən süngü ilə qarşılanır. Narahatçılığı  səmimi olaraq dilə gətirənlərin bir məqsədi var- Azərbaycanın suverenliyi onun bütün ərazisində qeyd-şərtsiz hakim olmalıdır. Sözdə yox, reallıqda!
 
Bu bayram abı-havalı günlərdə  yazını bir qədər nikbin notlarda bitirməyi məqsədəuyğun hesab edirəm. Biz Qələbə paradı keçirə bilərik və bununla üstünlüyümüzü dünyaya, ilk növbədə düşmənə bir daha nümayiş etdirəcəyik. Amma, bu Qarabağ probleminin qəti qələbə ilə bitməsini özündə hələ əks etdirmir və o paradda elan olunmalıdır ki, qəti qələbə də tezliklə təmin ediləcək və mövcud narahatlıqlara son qoyulacaq. 

İlham İsmayıl
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar