Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“5-ci kolon” dirilir: Qüdrət Həsənquliyevi kimlər danışdırır?- TƏHLİL

3-05-2014, 13:25   

Deputatın Rusiya hərbi bazalarını Azərbaycanda yerləşdirmək təklifi sıradan bir söz oyunu yox, təhlükəlinin qapıda olması kimi başı düşülməlidir

Rusiyanın Ukraynaya etdiyi hücümlardan sonra Azərbaycanda aktuallaşan bir vacib məsələ xüsusi olaraq diqqəti çəkməyə başlayıb. Belə ki, ölkənin aparıcı politoloq və siyasətçiləri baş verənlərin fonunda Azərbaycanda Rusiyanın "5-ci kolonu"nun da fəallaşacağı xəbərdarlığını edirlər. Və bunu belə əsaslandırırlar ki, Kreml Ukraynadan sonra Azərbaycanda da öz mövqelərini bərkitmək üçün eyni ssenariyə yaxın bir addım sərgiləyəcək. Bir neçə gün öncə Gürcüstanın sabiq prezidenti Saakaşivilinin də Bakıda belə bir xəbərdarlıq etməsi boşuna deyildi.

"5-ci kolon" varmı?

Əslində, bu sualın ritorik cavabları çoxdur. Onun varlığı və ya yoxluğunu təsdiq, hətta inkar edən onlarla cəhət, yanaşma və mülahizə irəli sürmək olar. Amma ortada dəqiq bir fakt var: Rusiya heç bir halda Azərbaycanı əldən vermək istəmir. Həm də Azərbaycanda Rusiyanın yetərli qədər təsir rıçaqları mövcuddur.

Bu təsir vasitələrinin nələrdən ibarət olması özü uzun-uzadı bir məsələdir. Amma onların içində bir neçə fakt yetərlidir ki, məsələnin mahiyyəti aydınlaşsın. Birincisi, Rusiya hər nə qədər Azərbaycanın "ipini boş buraxsa" da, yenə də bir şəkildə təzyiq etməyə imkanları var. Və onların başında elə ölkəmizdəki ruspərəst qüvvələr dayanır. Onların sırasında müxalifətindən tutmuş, iqtidarına qədər hər yerdə təmsil olunan adamların varlığını isə inkar etmək mümkün deyil.

İkincisi, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır və onların öz ailələrinin dolanışığını təmin etməsi bu ölkənin imkanları hesabına başa gəlir. Bu adamların sırasında Rusiyaya "aşiq" olan, "vurulan", "sadiq" olan yetərli qədər adamın olduğu da istisna deyil. Təkcə ADNA olayları təsdiq edir ki, Bakıda bu adamların əliylə hər zaman təxribat cəhdləri ola bilər.

Qüdrət Həsənquliyev nə demək istəyib?

Ötən gün gündəmə bomba kimi düşən bir açıqlama hələ də müzakirə mövzusudur. Bunu "xəyanət" də adlandıran var, "normal yanaşma" da. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev müsahibəsində deyir ki, Azərbaycan Türkiyəyə bel bağlamamalıdır. Öz ağlınca bunun üçün əsasları da var və belə izah edir ki, Qarabağ savaşında Ankara Bakıya Kəlbəcərdən insanları çıxarmaq üçün vertolyot belə verməyib. Hələ bu azmış kimi, Türkiyə müharibənin ən qızğın vaxtı Avropa Birliyinin təkidi ilə Ermənistana taxıl da yollayıb.

Amma məsələ Türkiyə ilə bağlı deyil. İşin ilginc tərəfləri odur ki, millətçi kimi tanınmış və qəbul edilmiş sabiq prezident Əbülfəz Elçibəyin müavinlərindən biri olmuş, eyni zamanda, siyasi arenada daha çox milli yönümdə çıxış edən Qüdrət Həsənquliyev öz əqidəsinə qarşı gedərək, Rusiya hərbi bazalarının Azərbaycana gətirilməsi təklifini irəli sürür.

Əslində, Qüdrət Həsənquliyev bununla nə demək istədiyini yaxşı bilir. Daha doğrusu, "mahnı"nı "sifariş" edənlər kimə hansı "mesajı" göndərdiklərinin fərqindədirlər. Və bunu "5-ci kolonun" dirçəlməsi kimi səciyyələndirmək də mümkündür. Çünki deputat sözün həqiqi mənasında 1992-ci ildən bəri Rusiyanın "boğazında ilişib qalmış" bir təklifi gündəmə gətirib.

Qeyd edək ki, Rusiya ordusu Azərbaycandan çıxarılan zaman Kremlin tək istəyi qoşunların ölkəmizdə qalmasından ibarət olub. Bu təklif Elçibəy dövründə keçmədiyindən, Heydər Əliyev hakimiyyəti dönəmində də dəfələrlə rəsmi Moskva tərəfindən ifadə edilib. Elə prezident İlham Əliyevin də hakimiyyəti dövründə məsələ aktuallığını itirməyib. Amma hər üç hakimiyyətlər dövründə rusların təklifinə bircə kəlmə "yox" deyilib. Səbəb nə Qərb, nə Şərq məsələsinə bağlıdır. Belə bir addımın atılması Azərbaycanın başına bəladan başqa heç də yaxşı nəsə vəd etmir.

Ruslar nə istəyir?

Ruslar nə istəyir? Rusiya öz qoşunlarını Azərbaycana gətirməklə tək bir istəyini həyata keçirməyi düşünür: İranla sərhəddi bağlamaq. Daha doğrusu, İranla sərhəddi tam nəzarəti altına almaq və bununla da NATO təhlükəsini həm Qafqazdan, həm də İrandan uzaq tutmaqdır. Bunun üçün illərdən bəri çalışan Kreml yaxşı bilir ki, günün birində NATO pəncəsini Azərbaycana qoyacaq. Və bu hazırda dünya "siyasət bazarın"da əlbir oynayan İranla Rusiya üçün ciddi başağrı deməkdir. Ən əsası isə bu, Rusiyanın isti dənizlərə çıxışının birdəfəlik bağlanması anlamındadır. Belə olan halda Rusiya israrla Azərbaycanda hərbi baza qurmağa çalışır.

Qüdrət Həsənquliyev müsahibəsində ifadə edir ki, guya, Rusiyanın hərbi bazaları Azərbaycana yerləşərsə, bu Qarabağ münaqişəsinin xeyrimizə həll olunacaq. Amma cənab deputat bu açıqlaması ilə siyasi naşılıq nümayiş etdirir. O hələ də anlamır ki, Rusiya heç bir zaman Qarabağın bufer zonadan başqa status almasına imkan verməyəcək. Çünki Azərbaycanda hətta hərbi bazası olsa belə, İrana ötürəcəyi "strateji məhsulları" məhz nəzarətdə olmayan ərazilər vasitəsi ilə həyata keçirmək onun üçün daha məqbuldur. Ona görə ki Qarabağ kimi nəzarətsiz ərazilər istənilən vasitələri daşımaq üçün ən əlverişli məkanlardır.

Bəs deputatı kim danışdırır?

Qüdrət Həsənquliyevi konkret olaraq kimlər danışdırır, bu barədə bir söz demək çətindir. Bu işdə maraqlı olan qüvvələr deputatı ələ də ala bilərlər. Ən azından maddi və siyasi maraqlar üst-üstə düşəcəyi təqdirdə, belə bir istəyin formalaşması və ya gündəmə gəlməsi mümkündür.

Bu əsnada diqqəti çəkən bir başqa məsələ də var. Məsələn, illərdən bəri belə bir fikir formalaşıb ki, Həsənquliyevin mandat qazanmasının səbəbkarı həmyerlisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Eyni zamanda, Heydərovun Həsənquliyevin mətbuat və siyasətdə həyata keçirdiyi bütün layihələrin maliyyə dəstəkçisi olduğu da vurğulanır. O da deyilənlər sırasındadır ki, FHN şefinin Rusiya ilə xeyli əvvəldən sıcaq münasibətləri mövcuddur. Hətta o da vurğulanır ki, Heydərovun rusiyalı həmkarı Şoyqu ilə də olduqca geniş əlaqələri mövcuddur. Və bu münasibətlər Türkiyənin film sənayesində də yer almaqdadır.

Belə ki, bu yaxınlarda "Kurtlar Vadisi Pusu" serialında Polad Ələmdarın adamlarının Azərbaycana silah tüccarlarını yaxalamaq üçün gəlməsi və işin içindən "Rusiyanın uşağı" kimi təqdim edilən "Kəmaləddin" sözünün işlədilməsi açıq bir mesaj kimi da başadüşülməlidir. Amma yenə də bu elə başa düşülməməlidir ki, Həsənquliyevi danışdıran Kəmaləddin Heydərovdur və ya bu fikri ortaya atan sözügedən nazirdir.

Və SON

Bu əsnada yazının sonu olaraq bir vacib amili də diqqət mərkəzinə çəkməkdə fayda var. Qüdrət Həsənquliyev sıradan biri sayılmadığından onun işlətdiyi ifadələr də kənara atılacaq qədər mənasız deyil. Rusiyanın hərbi bazalarını Azərbaycanda yaratmaq sözün həqiqi mənasında ölkəmizin müstəqilliyini itirməsi anlamındadır. Ən azından Ermənistan faktoru gözümüzün qabağındadır. Rusların Azərbaycana gəlişi ilə Qarabağın geri qayıdacağı fikrinə düşmək isə xülyadan başqa bir şey deyil. Bir vaxtlar Şvernadze də eyni ümidlərlə Rusiya hərbi bazalarını Gürcüstana buraxmışdı. Amma Osetiya problemi həll olunmadı, əksinə, bu gün Rusiya Osetiyanı öz ərazisinə birləşdirib.

Üstəlik, bu kimi çıxışlar ölkə siyasətində təhlükəli bir presedent yaradacaq qədər qorxuludur. Ən azından Rusiyaya "aşiq" olanlara dil vermək üçün ən yaxşı variantlardan biri sayılmalıdır.

Xüsusən də Rusiya səfirliyinin azərbaycanlılara ucdantutma vətəndaşlıq vermək üçün fəaliyyətə başlaması faktı göz qabağındadır. Biz Qarabağ dərdini çözmək üçün baş sındırdığımız bir zamanda, ölkənin Şimal bölgəsində yeni bir "Qarabağ" yaratmaq üçün zəmin hazırlamış olarıq. Və bir deputat işlətdiyi ifadəni, söylədiyi fikrin məsuliyyətini dərk etməlidir ki, cənab Həsənquliyev bunu ümumiyyətlə, nəzərə almayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar