Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Elşad İskəndərovdan sonra növbə kimindir?

5-05-2014, 11:10   

Mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad olunması gözlənilən olduğu qədər də gözlənilməz hadisə kimi səciyyələndirilir. Çünki adı nurçuluqda hallandırılan komitə sədrinin vurulacağı nəzəri cəhətdən mümkün sayılsa da, bəziləri hesab edirdi ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun vəzifədən azad olunması ilə nurçuluq söhbəti bitəcək.

Ancaq 2012-ci ilin may ayının 31-də bu vəzifəyə təyin edilən Elşad İskəndərovun iki ili tamam olmamış işdən çıxarılması prosesin davam etdiriləcəyinə şübhə yeri qoymadı. Bir neçə gün əvvəl E.İskəndərovun fəaliyyəti, nurçuluqla əlaqələri və həmin şəxslərlə birgə fotoları haqqında jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu saytlarda geniş yazılar dərc edilmişdi və ANS-də reportaj yayımlanmışdı.

“Ərdoğanın məxfi siyahısındakı ikinci adam - Elşad İsgəndərov” başlıqlı yazıda iddia edilirdi ki, E.İsgəndərov nurçulara 2000-ci ildə - Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub. Maraqlısı o idi ki, kifayət qədər ciddi ittihamlar və faktların yer aldığı yazı ilə bağlı Dini Komitə sədri özü reaksiya verməmişdi. Sadəcə, qurumun keçmiş sədr müavini Elçin Əsgərov mediaya açıqlamasında E.İsgəndərovun nurçularla bağlı olduğuna dair yayılan xəbərləri “yalan və böhtan” adlandırmışdı.

E.İskəndərovun prezident sərəncamı ilə vəzifəsindən azad edilməsi Türkiyə mətbuatının da diqqət mərkəzində olub. “Qafqazinfo” Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, adı “nurçu”larla əlaqələrdə hallanan sabiq komitə sədrinin vəzifəsindən azad edilməsi bir sıra Türkiyə qəzetlərində geniş şəkildə işıqlandırılıb. Demək olar ki, xəbəri dərc edən bütün mətbuat orqanları istefanın Türkiyədə “Gülənçi”lərə qarşı başladılan əməliyyatın bir hissəsi olduğuna diqqət çəkiblər.

Politoloq Ərəstun Oruclu isə vurulan məmurların nurçularla əlaqədar cəzalandırıldığına inanmır: “Məsələ burasındadır ki, bu prosesin nə olduğu bilinmir. Məlum deyil ki, bu, nə prosesdir, o adamları niyə işdən qovurlar. Nurçuluq məsələsi bir bəhanədir. Sadəcə olaraq ətraflarında müəyyən bir informasiya boşluğu yaranmasın deyə, o boşluğu öncədən nurçuluq söhbəti ilə doldururlar. Elşad İskəndərov hara, din hara. Bildiyim qədər nurçular din amilinə üstünlük verir, bu əsasda şəbəkələşirlər. Bu insanlar hər şeydən keçiblər, bir dindən başqa. Amma işdən çıxarılmada səbəb nurçuluq amili deyil. Hesab edirəm ki, burada başqa bir şey var”.

Politoloq parlamentin növbəti tərkibində də bu dəyişikliklərin əksini tapacağı qənaətindədir: “Ancaq belə gərgin bir dönəmdə parlament seçkilərinə qədər yaşamaq lazımdır. Ona qədər nələr olacaq, bilinmir. Hər halda görünən budur ki, ciddi dava gedir və kimin bu davadan qalib çıxacağını demək çox çətindir. Bu tərəfdən də xarici faktorların təsiri sərtləşir və güclənir”.

Qeyd edək ki, adı nurçuluqda hallandırılan deputat Ceyhun Osmanlının da istintaqa cəlb olunduğu, saatlarla dindirildiyi barədə məlumatlar vaxtaşırı yayılır. Hesab olunur ki, deputat toxunulmazlığı hələlik onunla bağlı sərt qərarın qəbul olunmasına imkan vermir. C.Osmanlının susmaqda davam etməsi də maraqlı məsələdir. Dünən israrlı zənglərimizə baxmayaraq deputat telefonu açmadı.

Bu arada adı nurçularla əlaqədə hallandırılan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov da sükuta üstünlük verir. Hesab olunur ki, növbəti qurbanlıq fiqur bu şəxslər ola bilər...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar