Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hakimiyyət 9 fevraldan sonra niyə küncə sıxılıb? - müxalifətlə dialoqun pərdəarxası...

2-03-2020, 09:32   
 
9 fevral növbədənkənar parlament seçkilərinə niyə gedilməsini və nəticələrini hakimiyyət hələ də izah edə bilmir. İqtidar erkən seçkini daxili və xarici faktorlarla əlaqələndirə bilmədi.
Hətta Milli Məclisin islahatlarla ayaqlaşa bilməməsi arqumenti də seçkilərin nəticələri açıqlandıqdan sonra sabun köpüyünə çevrildi.
Əgər köhnə tərkibdəki 80-dən çox deputat təzədən parlamentdə yer alacaqdısa, bunun harası islahatlarla uzlaşmaq oldu?!
Anaxeber.info məlumat verir ki, bu baxımdan iqtidar seçkidən sonra küncə sıxılmış vəziyyətdə görsənir: beynəlxalq təşkilatların, xüsusən ATƏT-in tənqidləri, “Vaşinqton Post”un seçkilərin saxtalaşdırıldığını yazması, sosial medianın var gücü ilə əksər seçki məntəqələrində rüsvayçı  qanun pozuntularını yayması hakimiyyət fakt qarşısında qoyub.
İndi hakimiyyətin qarşısında bir sual dayanır: nə etməli, vəziyyətdən necə çıxmalı? Ona görə siyasi partiya sədrlərinin Prezident Administrasiyasına dəvət olunması, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə fikir mübadiləsi aparması ilk işartılar kimi qiymətləndirilə bilər.
Siyasi hakimiyyətdən seytnot vəziyyətindən çıxmaq üçün Müsavat Partiyasının sədri Arif Hacılıya görüş dəvəti yollayıb, Real Partiyası sədri İlqar Məmmədov, AXP sədri Pənah Hüseyn, AĞ partiya sədri Tural Abbaslı isə artıq PA-da olublar.
Yaxın günlərdə YAP rəhbərliyinin təşəbbüsü ilə ictimai-siyasi partiyaların bir araya gəlməsi, geniştərkibli iqtidar-müxalifət dialoqunun təşkili gözləniləndir. Ehtimal edilir ki, hakimiyyət milli birlik nümayiş etdirmək, beynəlxalq aləmə müxalifətlə konstruktiv danışıqlar apardığını göstərmək üçün belə bir platformada görüşün keçirilməsinə hazırlaşır.
Bir müddət əvvəl də AVP sədri Fəzail Ağamalının təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu baş tutmuşdu.
9 fevral seçkilərinin nəticələrindən sonra, o cümlədən yeni siyasi elitanın formalaşmasının ardınca gənc hakim komandanın müxalifətlə tanışlığı başadüşüləndir.
Əvvəla, iqtidar seçki rəzalətindən çıxmalıdır, ikincisi, müxalifəti neytrallaşdırmalıdır. Hakimiyyətin İ.Məmmmədovu və T.Abbaslını yeni müxalifət kimi qəbul etdiyi də görünməkdədir, A.Hacılı isə Müsavatın qərargahında görüşə razıdır, PA-ya getmir. Bu da iqtidara imkan verir ki, təzədən münasibətlər sisteminə nəzər salsın.
Ancaq hakimiyyət P.Hüseyn, İ.Məmmədov,T.Abbaslı ilə görüşdən divident qazanacağını hesablayırsa, yanılır. Əgər ölkənin ictimai-siyasi həyatına təsiri olan, ictimai rəyi, gündəmi yarada bilən müxalif qüvvələr, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər görüşə çağırılmırsa, növbəti iqtidar-müxalifət dialoqu effekt verməyəcək.
***
Anaxeber.info yazır ki, hakimiyyət təkəbbürünü bir kənara qoya bilmir. Bunun əziyyətini özü ilə yanaşı cəmiyyət də çəkir. Hətta ABŞ Talibanla sülh sazişi bağladı, kompromisin ən ideal variant olduğunu qəbul etdi.
Azərbaycanda isə müxalifətə olan düşmən münasibəti siyasi proseslərə təsir edir, nifrət toxumu səpir, cəmiyyəti, fəalları aqressivləşdirir.
Türkiyə modelinə baxsaq, Ərdoğanın siyasətini ən kəskin tənqid edənlərin qərargahı, maliyyəsi, tribunası var, amma onlar nə mövcud rejimi devirmək iddiasındadırlar, nə də hakimiyyətlə lazım gələndə milli maraqlar naminə əl sıxmaqdan çəkinmirlər.
Necə ki, İdlibdəki son hadisələrdə 33 türk əsgərinin şəhid olmasına görə heç bir siyasi təşkilat Ərdoğanın Suriyada niyə döyüşdüyünü söyləmədi, Türkiyə dövlətinin maraqları baxımından bir mövqedən çıxış etdi.
Nəticədə həmin müxalif qüvvələr parlamentdə də təmsil olunurlar, yeri gələndə AKP hakimiyyətini Milli Məclisdən ən ağır şəkildə topa tuturlar.
Azərbaycanda isə iqtidar əvvəldən müxalifətlə qurduğu düşmənçilik əlaqələrini indi yoluna qoya bilmir, istəkli də görünmür.
Nə qədər ki, Əli Kərimlinin, İqbal Ağazadənin sərt tənqidlərini düşmən sözü kimi qarşılayacaqlar, o zaman ölkədə heç bir halda siyasi mühitin yumşalması, plüralizmin inkişafı, iqtidar-müxalifət rəqabətinin sivil forması olmayacaq.
Çünki hakimiyyət Ə.Kərimlini, İ.Ağazadəni siyasi rəqibdən çox, əzəli düşməni, ondan sanki qisas almaq istəyən biri kimi qəbul edir.
Onları dəstəkləyənlərə münasibət, seçkilərdə öz gücünü göstərən Ümidə olan baxışdan aydın olur ki, PA-dakı görüşlər, habelə gözlənilən iqtidar-müxalifət dialoqu Azərbaycanda demokratikləşmə prosesinə təkan verməyəcək.
Çünki cəmiyyətdə ilk dəfə bir ümid və gözlənti yaranmışdı ki, hakimiyyət doğurdan da açılım edib, qismən demokratik seçkilər keçiriləcək, parlamentin yarıdan çoxu dəyişəcək, iqtidara müxalif mövqedə dayanan qüvvələrdən Milli Məclisə düşənlərə saxtakarlıq edilərək əngəl qoyulmayacaq.
Üstəlik, ilk dəfə çoxlu namizədlər varıydı, yeni bir gəmnc nəsil öz imkanlarını sınayırdı, onlardan bir neçəsinin parlamentə keçəcəyi gözlənilirdi.
Amma ictimaiyyət tam məyus oldu, yarıdan çoxu dəyişmədi, yenə Fəttah Heydərov, İmamverdi İsmayılov, Naqif Həmzəyev və s. ilaxır deputatlar buraxıldı.
Bütün bunlardan sonra iqtidarın üzləşdiyi mənzərəni dəyişmək cəhdləri olduqca kəsərsiz görünür. Həmçinin, yeni müxalifət axtarışında olduğu göz qabağındadır.
Lakin Azərbaycanda siyasi liderlərin yetişməsi hər 5 ildə baş vermir. Bunun üçün tarixi şanslar, siyasi şərait olmalıdır. Necə ki, son illərdə İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə kimi liderləri qabaqlayan olmayıb.
Hətta İlqar Məmmədov da onları arxada qoya bilmədi. Bu mənada hakimiyyət hələ də cəmiyyətdə qəbul olunan partiya rəhbərləri ilə dialoq təşkil etməli, xalqın rəyi ilə hesablaşmalıdır...
AnaXeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar