Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hökumətdən medal, yoxsa şikəst uşaq üçün dilənmək? - kor ziyalılar ölkəsi...

13-04-2020, 10:08   
 

Ekstremal şəraitdə bütün maskalar cırılır. Bu günlərimizdəki pandemiya ucbatından yaranmış mənzərə də şəxsiyyət defisiti olduğunu üzə çıxardı - Azərbaycan ziyalı sarıdan korluq çəkir.
Aleksandr Blok gündəliyində yazır: “Ziyalıların sevimli məşğuliyyəti etirazlarını ifadə etməkdir: teatr qapadılıbsa, qəzet bağlanıbsa, kilsə dağıdılıbsa - etiraz.
Rəhmətlik Vaqif Səmədoğlu 75 illik yubileyində qızıl kimi tarixi kəlmə dilə gətirmişdi: Fuad Poladovda şəxsiyyətlə istedad çulğalaşıb.
Ancaq biz sonra sevə-sevə şeirlərini oxuduğumuz nə Ramiz Rövşəndə, nə xarizmasına və rollarına heyran qaldığımız Fəxrəddin Manafovda, Rasim Balayevdə, nə ədəbiyyatın avtoritetlərindən olan Əkrəm Əylislidə və etik baxımdan doğru olmadığı üçün adını çəkmədiyimiz bir sıra mərhum sənətkarlarımızda həmin prinsipiallığı, ardıcıllığı, ziyalı kimi düzə düz,  əyriyə əyrini axıra qədər deməyi bacarmağı görmədik.
Anaxeber.info yazır ki, son üç gündür haqlı-haqsız linç edilən və axsaq bir ifadəsi ilə xalqın qəzəbinə tuş gələn xalq artisti Afaq Bəşirqızı da o cərgəyə qoşulanlardan oldu.
Prezidentin mədəniyyət xadimləri ilə görüşündə protokoldan kənar cəsarətli çıxışı, aktyorlara ev və maaş artımı istəməsi ilə rəğbət qazanmış A.Bəşirqızı bir sözlə harakiri etdi.
O zirvədən intihar edən aktrisa dünənə kimi alqış gördüyü xalqdan indi qarğış eşidir. Çünki sənətkarı sənətkar edən nə dövlətin verdiyi mənzillər, nə orden - medallar deyil, xalqdır.
Xalq istədiyini göylərə qaldırır, istədiyini yerə vura bilir. Bəlkə sağlığında Fuad Poladov da hansısa anti-xalq çıxışı ilə bütün karyerasının, hörmətinin üstündən xətt çəkə bilərdi. Amma bunu eləmədi.
A.Bəşirqızı isə Nitsşenin məşhur deyimindəki taleyi yaşadı: “İnsanlar aktyorlar kimidirlər, səhnəni vaxtında tərk etməlidirlər”.
Mərhum yumor ustası Bəşirin istedadlı “Söylü” qızı isə səhnəni vaxtından tez tərk elədi, özü də xalqın alqışı ilə yox...
***
Hakimiyyət və onun mədəniyyət naziri Əbülfəs Qarayev sənət aləmində az qala hamını yaltağa, məddaha, mütiyə çevirib.
Heç də hər istedadın alnına Fuad Poladov məğrurluğu, kişiliyi, dönməzliyi yazılmayıb. Fuad fenomen idi. Afaq Bəşirqızının İTV-də yayımlanan “3D” verilişindəki sözlərini yada salmaq kifayətdir:
“Fuad Poladov haqsızlığı götürmədi. O, öz sözünü deməyi bacaran bir insan idi. O, teatrdan tüpürüb çıxdı...”
Ancaq Əbülfəs Qarayev və onun xidmət etdiyi sistem teatr, musiqi adamlarını F.Poladov kimi görmək istəmir.
Onlara medal, təqaüd, ev, övladlarını işə düzəltmək üçün yalvaran, yaltaqlanan, qamətini əyən sənət adamları lazımdır.
Məhz bu səbəbdən aktyorlar, bəstəkarlar, heykəltəraşlar, müğənnilər xalqın maraqlarını iqtidarın və özlərinin arzularından axıra qədər üstün tuta bilmirlər. A.Bəşirqızı da bunun qurbanı oldu.
Ölkənin Mədəniyyət Nazirliyi və rəhbəri Ə.Qarayev sənət adamlarının başının üzərindəki bir “Domokl qılıncı”dır. Nazir acı bir sözə, bir tənqidə görə aktyorun adını fəxri adlar siyahısından çıxarda bilər, mənzil növbəsindən sildirə bilər, efir qadağası qoydurar, teatrda tamaşalarda rollarını kiçildər, düşmən gözündə görər, öləndə dəfninə də getməz, nazirlik işçilərini də cənazə mərasimində iştirakına buraxmaz.
Necə ki, nazir Fuad Poladovun dəfn mərasimində iştirak etməmişdi. Bu, nazirin və hakimiyyətin sənət adamlarına olan münasibətidir: ya məddahlıq, əqidə şikəstliyi edib mənimləsən, ya da başını dik tutub axıra qədər hökumətin dəstəyindən, diqqətindən kənarda qalacaqsan.
Yaxın keçmişdəki başqa bir analoji hadisəni yada salaq: elə həmin “Bəxt üzüyü filmində təmiz, ürəyiaçıq Hüseyn obrazını yaradan aktyor Ayşad Məmmədov mitinqdə iştirakına görə teatrdakı işindən azad edilmişdi, kəndçi “Söylü”nü oynayan Bəşirin qızı isə “padyez”lərdə şikəst uşaq doğan qadınları dilənçi adlandırır.
Amma Əbülfəs Qarayevə əl açmaq, orden - medal, fəxri ad dilənmək “padyez”lərdə şikəst doğmaqdan yaxşıymış...
Halbuki, bu gün yüzlərlə teatr adamı Ə.Qarayevin “şərt”lərinin qurbanıdırlar. Axı sənət adamları kövrək olurlar, adi insanlardan onqat artıq hissləri ilə yaşayırlar.
Onlara isə “sus və al” deyərək alverçi kimi yanaşırlar. Heç də hər incəsənət adamının cəsarət damarı bir olmur. Hakimiyyət və onun naziri isə azad cəmiyyət və onun azad sənətkarını görmək istəmir.
Blok isə deyirdi - Rusiya ziyalısı sanki kar olub: xırda qorxular, cılız sözlər...
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar