Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Çarmıxa çəkilmiş İsa obrazındakı Amaşov: onun "Allahı necə öldü"

24-04-2020, 10:10   
 

“Mən bir adamın “toyuğuna kış” deməmişəm” - Mətbuat Şurasının sədri, müstəqil medianın gözünün ovulmasının, yazan barmaqlarının sındırılmasının banilərindən biri olan Əflatun Amaşov indi əzabkeş görkəmi alaraq deputat Vahid Əhmədova cavabında belə deyir.
Amaşov çıxışının sonunda sentimental notlara köklənərək daha da kədərli danışır, bir kahin, yaxud kilsə rahibi kimi həyatın sonu, axirətin olduğunu söyləyir:
“Biz həyatımızın çox hissəsini yaşamış nəslin nümayəndələriyik. Bilmirik, nə qədər ömrümüz qalıb.
Dahilərdən birinin sözüdür ki, insanın içindəki vicdan onun Tanrısıdır. Çox istərdim, hər kəs o Tanrı ilə üzbəüz qalanda, əzab çəkməsin”.
Həəə, cənab Amaşov haqlısınız - hər kəs o Tanrı ilə üzbəüz qalanda gərək əzab çəkməsin. Amma siz əzab çəkərək danışırsınız. İçinizdəki o Tanrı da, tənqidçi media da yaxşı bilir niyə...
Çünki “Axırıncı aşırım” filmində Kərbəlayının ritorikası ilə desək, saytları blokladılar dinmədik, jurnalistləri şil-küt elədilər, orqanlara çağırıb üstlərinə qışqırdılar dinmədik, dövlət, dövlətçilik maraqları var dedilər, dinmədik, jurnalistləri fikrə, sözə görə həbs elədilər dinmədik, jurnalistlərin binasından katibələrə, ətəyi qısa olanlara evlər paylandı, səsimizi çıxarmadıq, KİVDF direktoru pulları dədə malı kimi öz çevrəsinə peşkəş elədi, yenə dinməyə qoymadıla...
Cənab Amaşovsa indi hamını içindəki Tanrı ilə üzbəüz qalmağa necə çağırır. Bəs, özü hansısa icra başçısından, nazirdən, məmurdan tənqidi yazı gedəndə içindəki Tanrı ilə ibadət etdimi? Heç olmasa əlini ürəyinin üstünə qoyub bircə dəfə “bunu yazan jurnalist haqlıdır” fikirləşdimi?
Biz deyə bilmərik ki, cənab Şura sədri içindəki Tanrı ilə nələri müzakirə edib, amma əminliklə söyləmək olar ki, Amaşov azad mətbuatın, jurnalistlərin yox, korrupsiyaya bulaşmış, əli əyri, çirkinliklərin içində boğulan məmuriyyətin dostuydu.
Və nəinki məmurların dostuydu, onlardan gedən yazılara görə həmin saytların baş redaktorları sağa-sola çəkilirdi, təzyiq olunurdu, hədələnirdi, Şuraya çağırılıb xəbərdarlıq edilirdi, ağıl dərsi verilirdi.
İndi hansı vicdandan, dürüstlükdən danışmaq, hansı jurnalistin müdafiəsinə qalxmaqdan danışmaq olar?
dov hamının illərdir ki bildiyi iki üstəgəl iki qədər sadə düsturu açıb: Əflatun Amaşov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli Əli Həsənovun kampaniyası idi. Burada yalan var?
Odur ki, domino daşı kimi bir-bir aşan kampaniya üzvlərindən yalnız Şura sədri qalıb və indi Amaşov özünü çarmıxa çəkilmiş İsa kimi əzabkeş obrazında göstərir.
Nə qədər kobud alınsa da, buna metafora ilə “timsahın göz yaşları” demək lazımdır. Hər halda özü də jurnalist olan cənab Amaşov tənqidlərimizdən, bədii-estetik bənzətmələrimizdən inciməz.
Çünki uman yerdən küsərlər, Əflatun müəllim. Bizim nə Vüqar Səfərlidən, nə digərlərindən jurnalistlərə dəstək gözləntilərimiz olub.
Amma siz müstəqilliyin ilk vaxtlarından bu günə kimi media mərkəzindəsiniz, qələm adamlarını yaxşı tanıyırsınız.
O məmurlar gəldi gedər idi, necə ki getdilər. Prezident hamısını yola saldı - Ramiz Mehdiyevdən tutmuş Fazil Məmmədova qədər...
Jurnalistlər və siz isə buradasınız. İndi imtahan vaxtıdır. Bu ağır suallar qarşısında içinizdəki o Tanrı ilə danışmalısınız - mən niyə jurnalistləri yekəqarın icra başçılarının, oliqarx-məmurların, onlar bir yana, təhsil şöbələrinin müdirlərinin, bələdiyyə sədrlərinin, su-kanal, meliorasiya və s. əyalət məmurlarının ayağına verirdim?
Axı nə üçün hər ay Şurada toplantı keçirir, qahmar çıxdığınız o buqələmun, dövləti yox, öz cibini düşünən, prezidenti əsla ürəkdən müdafiə etməyən acgöz, bisavad əyalət məmurlarına görə danlayır, xəbərdarlıq edir, səhv çıxarmağa çalışır, “qara siyahı”ya salır, “reket” adı qoyur, saytlarını blokladırdınız? Marağınız nə idi, cənab Amaşov?
Və bütün bunlardan sonra imam əbasına bürünüb, hamını Tanrı ilə söhbətə dəvət edirsiniz. Gəlin, Tanrılarımızı görüşdürək və məlum olacaq ki, “sizin Allahınız ölüb”.
Daha doğrusu, dünənə qədər büt edib, qarşısında təzim elədiyiniz, biət göstərdiyiniz, Tanrı kimi baxıb, müstəqil medianın dəfni üçün hər əmrinə baş üstə söylədiyiniz o “Tanrı” daha yoxdur, bizimsə Allahımız qələmimizdir.
Hörmətlə, məmurların tənqidinə görə bloklanmış Anaxeber.az-ın Tanrısı...
 Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar