Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

YAP-ın islahatları gözdən salan traybalizmi: xaricdə oxumuş yüzlərlə gənc hanı?

26-05-2020, 12:16   
 

YAP-ın köhnə nomenklaturası hakimiyyətlə vidalaşanda çoxları şadyanalıq edirdilər ki, mehdiyevizm dövrü arxivə qovuşmaqdadır.
Anaxeber.info xatırladır ki, prezidentin 2018-ci ildən geniş miqyas alan kadr dəyişiklikləri və onillərlə vəzifələri qəsb etmiş bürokratları, odiozları “təmizləməsi” xalq tərəfindən rəğbətlə qarşılanırdı. Hətta analitiklər baş verənləri içəridən “ağ inqilab” kimi dəyərləndirirdilər.
Həqiqətən də dövlət başçısının etdiyi kadr reformaları gözlənilməz idi. Heç kəs inana bilmirdi ki, 90-lardan bəri siyasi və iqtisadi hakimiyyətin kök atmış gövdələrini məhvərindən tərpətmək olar.
Amma ölkə başçısı siyasi iradə nümayiş etdirərək gənc bir komanda formalaşdırdı, siyasi iqtidarın simasını, vizual görüntüsünü dəyişdi.
Eyni zamanda bu yeniləmələr idarəetmədə korrektələrə səbəb oldu. Arxaik idarəçilik metodlarından imtina edilməyə başlandı.
Sadəcə, proses yerli idarəetmə strukturlarında məntiqi ardıcıllıqla davam etmədi. Bu da sırf siyasi rəhbərliyə verilən təqdimatların nəticəsidir. Söhbət yeni təyin olunan icra başçılarından gedir.
Bu fiqurların “perspektivli gənc” kimi ölkə rəhbərliyinə təqdim olunmasının siyasi məsuliyyətini məhz YAP daşıyır.
Hakim partiyanın yuxarı eşelonunda qalan köhnə qvardiya üzvləri prezidenti inandırırlar ki, bu şəxsləri icra başçısı təyin etməklə əyalətlərdə idarəçiliyi müsbətə doğru dəyişmək mümkün olacaq və cəmiyyət tərəfindən pozitiv qarşılanacaq.
Ancaq məlum olur ki, 8-ci sinif uşağı səviyyəsində ingilis dili bilməyənlər, prezidentin qəbuluna gedəndə oturarkən subardinasiya qaydalarını gözləməyənlər, elementar karantin qaydalarını pozanlar icra başçısıdırlar.
Prezidentin hər bir kadrı incəliyinə qədər öyrənib mükəmməl səviyyədə tanımaq borcu yoxdur.
YAP rəhbərliyində olanlar ona təqdimat verərkən bütün detalları, onların rayon rəhbəri olub-olmamaq səriştələrini hesablamalıdırlar.
Diqqət edin, Ağstafaya icra başçısı təyin edilir və Seymur Orucov kreslosuna oturmamış onun barəsindəki bütün gülməli videolar, adı hallanan qalmaqallar üzə çıxır.
Eynilə Neftçala, Şamaxı, İsmayıllı icra başçılarının da naşılıqları, ictimaiyyət tərəfindən qəbul edilməmələri göz qabağındadır.
Əli Əhmədovun ölkə rəhbərliyinə təqdim etdiyi YAP-ın parlaq gəncləri bunlar imiş? Bəs, Avropada təhsil alan yüzlərlə savadlı gənc haradadır?
Nə üçün sadə, kasıb ailələrdən çıxmış və xaricdə yüksək bilik almış gənclər idarəetmədən kənarda saxlanmalıdır?
Qərb idarəetməsini bilən, bir neçə dildə səlis danışan gəncləri vətəndən küsdürürlər, vəzifə vermirlər, karyera qurmaq imkanları məhdudlaşdırılır və əvəzində köhnə komanda ilə qohumluğu olanlar, YAP-ın şablon şüarçılığı ilə çıxış edənlər, ingilis dilini barbar səviyyədə bilənlər yüksək vəzifələrə təyin olunurlar.
Üstəlik, onların cəmiyyətdə çəkisi, reputasiyası prezidentin islahatlarını gözdən salmaqdan ibarətdir. YAP-ın nəsillərin dəyişməsi siyasətində yenə də traybalizm, qohumbazlıq siyasətinə üstünlük verməsi ictimaiyyətin iqtidarın apardığı islahatlara olan inamını sarsıdır.
Avropa və Amerikada təhsil almış yüzlərlə iqtisadiyyatçı, hüquqşünas, maliyyəçi, menecment və s. gənclərimiz var.
Onlar müasir texnologiyanın imkanlarını dərindən mənimsəyiblər, xarici dildə natiq kimi danışırlar, idarəetməyə kreativlik gətirməkdə həvəslidirlər.
Təəssüf ki, onları hakimiyyətin kandarına yaxın buraxmırlar və YAP prezidentə öz maraqlarını güdən yanlış kadr təqdimatları verməkdədir.
Məsələ əcnəbi dili bilməkdən də getmir. Sadəcə, orta təhsil səviyyəsində olan, YAP-ın bayağı şüarlarını və tezislərini təkrarlayan gənclərin irəli çəkilməsi, yenə hərtərəfli vəzifəli qohumları sayəsində mövqe tutan bu kadrların yüksək intellektə malik cavanlardan üstün tutulmasıdır.
Onlar yaşca kiçik olan Əhəd Abıyevlər, Vidadi İsayevlərdir. İqtisadçı-ekspert Natiq Cəfərli də bu mənzərəni dəqiq çizmişdi: “Hökumətin işlək, cəlbedici, məntiqli hekayəsi, ideologiyası olmadığına görə aşağıdan yuxarıya loyallığı ya korrupsiya, ya da qohumluq əlaqələri təmin edir.
Ona görə yeni təyin olunmuşlar da bu dar çevrədən kənara çıxa bilməzlər. Yenə nəticəni müzakirə edirik, səbəb məhz ideoloji boşluqdur - hökumətin yeni hekayə quruculuğuna acil ehtiyacı var, bu isə YAP-la mümkün olmayacaq...”
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar