Ana səhifə

Azərbaycanda ADR və Rəsulzadəyə "qısqanc münasibət" iddialarının əsası varmı?

    Tarix: 29-05-2020 08:56   


RəsulzadəFotonun müəllifiARXİV
Image captionMəhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulub.

Bu gün Azərbaycanda Respublika günüdür. Mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Demokratik Respublikası (ADR) və ya Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102 illiyi tamam olur.

Bu il də siyasi-ictimai fəallar ADR banisi Məhəmməd Əmin Rəsulzadənin heykəlini ziyarət ediblər.

Prezident İlham Əliyev Bakının İstiqlaliyyət küçəsində ucaldılmış AXC abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.

Bu il hər zamankından tək fərq o olub ki, koronavirus epidemiyasının varlığı ilə müşayiət olunan günlərdə heykəlin ziyarəti sosial məsafə qaydası gözlənilməklə həyata keçirilib.

Lakin hakimiyyətin ADR və Rəsulzadə irsinə, tənqidçilərin təbirincə, "ögey və qısqanc münasibət göstərməsi" barədə fikirlər bu il də səsləndirilib.


Hakimiyyət tənqidçiləri Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyevə diqqətin çox olduğu halda Məmməd Əmin Rəsulzadəyə paytaxtın mərkəzində hələ də heykəl qoyulmaması, onun adının Azərbaycanın ilk universitetinin adından çıxarılması, milli valyutanın üzərindən şəklinin götürülməsini ADR və Rəsulzadənin adını "kölgədə qoyma cəhdi" kimi qiymətləndirirlər.

Hakimiyyət bu iddiaları rədd edir və deyir ki, Rəsulzadə ilə "müasir Azərbaycan dövlətinin banisi" Heydər Əliyevi müqayisə etmək düzgün deyil.

Prezident İlham Əliyev Azərbaycanın "Cümhuriyyətin qurucularının xatirəsinə böyük hörmətlə yanaşıldığını" bildirib.

Ölkədə 2018-ci ili AXC-nin yaradılmasının 100 illik yubileyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilmişdi.

ADR necə təbliğ olunur?

ADR irsini araşdıran tarix elmləri üzrə fəlsəfə doktoru, professor Nəsiman Yaqublu o dövrün "yetərincə təbliğ olunmadığını" düşünür.

O hesab edir ki, ADR barədə kitabların yazılması, cümhuriyyətin qurucularının əsərlərinin çap etdirilməsi təbliğatın bir hissəsi olsa da, təkcə bu, kifayət deyil.

"Azərbaycan Cümhuriyyətinin yaradıcıları, onun tarixi Azərbaycan cəmiyyətində yetərincə təbliğ olunduğu halda Azərbaycanda güclü milli-mənəvi dəyərlərə, demokratik prinsiplərə söykənən cəmiyyət formalaşacaq. Cümhuriyyət dövründə yaratdıqlarımız həm də dövlətin əsas ideoloji təbliğat sisteminə çevrilməlidir".

"Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" və AXC dövründən bəhs edən digər kitabların müəllifi olan Nəsiman Yaqublu deyir ki, Cümhuriyyətin qurucularının həyatından bəhs edən "hələ bir dənə normal bədii, sənədli film ortaya qoyulmayıb".

"Məsələn, gürcülər çəkib o filmi, Qazaxıstan Mustafa Çokay haqqında beş seriyalı film çəkiblər. Biz Rəsulzadə haqqında, Cümhuriyyət haqqında nə film çəkmişik? Azərbaycan parlamenti, onun yaradıcıları, üzvləri, təcrübələri haqqında nə çəkmişik?".

Onun sözlərinə görə, Cümhuriyyət ənənələrini yaşatmaq baxımından "ciddi problemlər" var və onları irsi yaşatmaq və məktəb dərsliklərinə Cümhuriyyəti quranların həyat və fəaliyyəti haqda geniş bilgilər daxil etməklə həll etmək olar.

Cənab Yaqubluya görə, ərazi bütövlüyünün, ərazilərinin qoruması baxımından "o dövrdən çox şeylər öyrənilməlidir".

"Məsələn, həmin dövrdə Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdi və Azərbaycanın 114 min kv.km ərazisi vardı. Şuşa da, Laçın da, Zəngəzur da bizdə idi. Bu baxımdan, əgər biz o dövrdə görülən ərazi bütövlüyü baxımından işləri təbliğ etsək, Cümhuriyyət dəyərlərini görün nə qədər yeni nəslə çatdırarıq".

Nəsiman Yaqublu deyir ki, təbliğat üçün dövlət səviyyəsində dəstək lazımdır.


Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər deyir ki, "Azərbaycanın müasir tarixi, xüsusən son 100 ili Müsavatçılıq ideyası və bolşevizm ideyası arasında mübarizə tarixidir, ona görə də hakimiyyətdən Cümhuriyyət dəyərlərinə və qurucularının xatirəsinə xüsusi sayğı bəsləməyi gözləməyin anlamı yoxdur".

"1993-cü ilin 4 iyun qiyamından sonra Azərbaycanda hakimiyyətə gələn qüvvə faktiki olaraq yenə həmin bolşevik düşüncələrinin daşıyıcıları idi", İsa Qəmbər bildirir.

Onun sözlərinə görə, "Cümhuriyyət dəyərlərinə, Azərbaycanın müstəqilliyinə, demokratiya dəyərlərinə, 1918-1920-ci illər Azərbaycan Cümhuriyyətinə münasibəti və həmin cümhuriyyətin Müsavat ideyasına, Məmməd Əmin Rəsulzadə başda olmaqla, Müsavat Partiyasının qurucularına bu cür münasibəti təsadüfi deyil".

Cənab Qəmbər hesab edir ki, bu yanaşma "sadəcə qısqanclıq" deyil, əslində "zidd ideologiyanın, zidd təfəkkürün, Müsavatçılığa qarşı bolşevik təfəkkürünün təzahürüdür" və buna görə "təəccüblənməyə ehtiyac yoxdur".

Onun sözlərinə görə, hakimiyyət "yalnız məcbur olduğu qədər Cümhuriyyət dəyərlərinə və onun qurucularına münasibətdə normal davranmaq məcburiyyətdədir. Yəni, həmin üçrəngli bayrağın altında yaşamağa, həmin Cümhuriyyətin gerbini, himnini qəbul etməyə məcburdurlar".

"Heç bir əsası yoxdur"

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə söyləyir ki, Rəsulzadəyə "qısqanc münasibət" iddiaları "boş söhbətdir və heç bir əsası yoxdur".

Aydın Mirzəzadə "xalq üçün yaşanan ömrün təbliğata ehtiyacı yoxdur" deyir.

"Cümhuriyyət atalarının, cümhuriyyətin yaşamasında əziyyəti olan hər bir şəxsin xatirəsi bizim üçün olduqca əzizdir. Həm ulu öndər Heydər Əliyev, həm Cümhuriyyət ataları, eyni zamanda bizim tarixi şəxsiyyətlərimiz Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Mirzə Kazım bəy, Cavad xan, Təhmasib xan, Xətai - onların hər biri çox böyük iz qoyublar. Cümhuriyyət ataları da şərəfimiz, tariximizdir, ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının şərəfi tarixidir. Bundan sonra da Azərbaycanın adını yüksəldən hər bir azərbaycanlı cəmiyyətimiz üçün qiymətli olacaq".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, millət vəkili Musa Qasımlı deyir ki, Sovet dövründə ADR tarixinin üzərindən "sükutla" keçilib, dövrün araşdırılmasına isə Heydər Əliyevin sərəncamı ilə başlanıb.

"Sovet dövründə ... 1918-1920-ci illər tarixi vətəndaş müharibəsi, sinfi mübarizə kimi qələmə verilirdi, bu da mərkəz tarixçiliyi ilə bağlı olub. Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılması Heydər Əliyevin 1998-ci ildə Cümhuriyyətin 80 illiyi ilə bağlı imzaladığı sərəncamı ilə başladı. Ondan sonra çoxlu kitablar yazıldı, araşdırmalar aparıldı".

Millət vəkili Musa Qasımlıya görə, ADR müsəlman şərqinə müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib.

Prezident İlham Əliyev 2018-ci ildə ADR-in 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda "Azərbaycan dövlətinin Cümhuriyyətin qurucularının xatirəsinə böyük hörmətlə yanaşdığını" bildirib.

"Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi", o qeyd edib.

Çıxışında həmçinin "müstəqilliyin qoruyub saxlanılmasının daha çətin iş" olduğunu deyən cənab Əliyev onu da qeyd edib ki, Azərbaycan bayrağını "bir də ... 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırıb".

Bundan bir il əvvəlsə o, Nazirlər Kabineti ilə keçirdiyi iclasda "indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz" deyib.

"Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir".

Prezident Əliyev oxşar sözləri 2012-ci ildə də deyib: "Azərbaycan Xalq Cümhuriyyətinin birinci qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək ...idi...Bu, cinayət idi".

Rəsulzadəyə nə üçün şəhər mərkəzində heykəl qoyulmur?

Ölkədə Puşkin, Atatürk, Koroğlu, Van Damme kimi real və əfsanəvi şəxsiyyətlərin heykəlləri, eləcə də Dənizkənarı bulvar və digər parklarda onlarla dekorativ heykəllər qoyulsa da, Məmməd Əmin Rəsulzadənin şəhər mərkəzində heykəli yoxdur. Onun paytaxtda heykəli doğulduğu Novxanı qəsəbəsində 1993-cü ildə qoyulub.

Sabiq Prezident Əbülfəz Elçibəyin göstərişi ilə paytaxtın mərkəzi hissələrindən birində Məmmədəmin Rəsulzadəyə heykəl qoyulması göstərişi verilsə də, həmin yerdə sonradan Rəsulzadənin büstü yox, fontan tikilib.

1919-cu il cümhuriyyət hökumətinin təşəbbüsü ilə yaradılan universitetə 1991-ci ildə Rəsulzadənin adı verilsə də, bu ad sonradan götürülüb.

Rəsulzadəyə heykəl qoyulması ilə bağlı hökumətə fərqli illərdə müxtəlif şəxslər müraciət etsə də, bunun nəticəsi olmayıb.

Hakimiyyət tənqidçiləri bütün bunları adından "Ulu öndər" deyə bəhs edilən sabiq Prezident Heydər Əliyevin Azərbaycanın bütün şəhərlər və rayonlarında rast gəlinən heykəl və büstləri ilə müqayisə edir, həm respublikada, həm də ölkə xaricində onlarla park, meydan, müəssisə olduğunu diqqətə gətirirlər. Azərbaycanın ən böyük hava limanı Heydər Əliyevin adını daşıyır, ən böyük idman, əyləncə və konsert zalları da onun adını daşıyır.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, tarixi şəxsiyyətləri müqayisə etmək düzgün deyil, çünki onların hər biri fərqli situasiyalarda, fərqli şərtlər daxilində yaşayıb və fəaliyyət göstərib.

"Kimisə kiməsə qarşı qoymaq düzgün deyil, hər birinin qiyməti var. Məmməd Əmin Rəsulzadə qəsəbəsi var, heykəli var və sairə. Heykəlin hansı ərazidə qoyulmasının əhəmiyyəti yoxdur. Hər kəsə qiymət verilir və heç kəs yaddan çıxmır".

O, ötən il sosial şəbəkə hesabından "AXC-nin böyük tarixi rolunun qiymətləndirilməsi üçün" iki təklif irəli sürdüyünü yazıb.

Bu təkliflərdən biri paytaxt prospektlərininin birinin adının "Cümhuriyyət" adlandırılması, digəri isə şəhərin mərkəzində Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Hacınski qardaşları, Xosrov bəy Sultanov və digər cumhuriyyət rəhbərlərinin heykəl kompleksinin ucaldılması olub.

Aydın Mirzəzadə deyir ki, həm Bakının mərkəzində, həm də regionlarda əzəmətli cumhuriyyət prospektlərinin olması, Cümhuriyyət qurucularına abidə kompleksinin qurulması təkcə onun yox, hər bir vətəndaşın istəyidir.

Tarixçi Musa Qasımlı ADR qurucularının adlarının əbədiləşdirildiyini düşünür və deyir ki, abidələrin genişləndirilməsi gənclərə "tərbiyə vasitəsi" ola bilər.

"Bu gün cumhuriyyət xadimlərinin adları Azərbaycanda əbədiləşdirilir. Məsələn, Rəsulzadə qəsəbəsi, Rəsulzadə küçəsi, Xoyski küçəsi, Topçubaşov küçəsi, Cümhuriyyət abidəsi, İstiqlal küçəsi var. Onların adları bütün tarix və ədəbiyyat dərsliklərimizdə var, Cümhuriyyət dövrünün əsərləri nəşr olunub. Ədalətli yanaşmalıyıq. Məmməd Əmin Rəsulzadənin Novxanıda abidəsi var.

Amma hesab edirəm ki, Cümhuriyyət xadimlərinin əyani vasitə olan abidələrinin genişləndirilməsi lazımdır, çünki bütün müstəqil dövlətimizə xidmət edən şəxslərin abidələri eyni zamanda gənclərimizdə tərbiyə vasitəsidir".




Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net