Putinin Bakı səfəri xarici mediada: bir çoxu susur, bir çoxu isə…

21-08-2024, 09:38   



Siyasi şərhçi isə deyir ki, Rusiyaya yol – kommunikasiyalar lazımdır

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana 2 günlük səfəri şimal ölkənin rəsmi mediasının əsas xəbər başlıqlarına çevrilsə də, müstəqil mətbuatın diqqət mərkəzində olmayıb.

Konkret olaraq,“Nastoyashee vremya (- Currenttime.tv)”, “Novoya qazeta”, “Radio svoboda”, “Spektr/press”  Putinin Azərbaycana səfəri haqda yazmayıb.

“Meduza” nəşri isə adi bir xəbərlə kifayətlənib.

Qonşularımız İran, Gürcüstan və Ermənistan mediaları isə Putinin səfərinə yalnız xəbər şəklində diqqət ayırdılar.

Türkiyə mediasından isə CNN-Türk dünən səfəri işıqlandırıb, “Hurriyet”, “Milliyet”, “Sozcu” qəzetləri Rusiya liderinin Bakı səfərinə yer ayırmayıblar.

O cümlədən, “Euronews” və “Eurointegration.com.ua“un ingilis və rus səhifələri də 2 günlük səfərdən yazmayıblar.

Türkiyədə çalışan professor Aygün Attarın “Putinin səfərini Zəngəzur dəhlizi ilə birgə dəyərləndirirəm” statusu gülüş obyektinə çevrilib.

“Unian” Xocalı faciəsini xatırladır…

Attar Putinin Qarabağa səfərini gözlədiyini və oradan mesajlarının önəmli olduğunu vurğulayıb. Amma V.Putinin səfər proqramında Qarabağ səfər qeyd olunmayıb.

Ukrayna mediası arasında yalnız “Unian” səfərin birinci günü haqda informasiya yayıb və Xocalı faciəsini xatırladıb.

Bütün bunların fonunda “Vladimir Putin Azərbaycana niyə gəlib?” sualı aktuallığı saxlayır.

Politoloq İlqar Vəlizadə Meydan TV bu haqdan sualına belə cavab verib:

Rusiyaya yol lazımdır, ümumiyyətlə, müxtəlif zamanlarda da müharibələr yollar və kommunikasiyalara görə aparılır”.

İlqar Vəlizadənin fikrincə, bu gün Rusiya üçün regiondan keçən kommunikasiyalar xüsusi əhəmiyyətə malikdir:

Çünki bu kommunikasiyalar Rusiyanı dünya ilə birləşdirir və burada söhbət şimal-cənub dəhlizindən gedir. Regionda bunun müxtəlif qolları var, İran istiqaməti və Zəngəzur dəhlizi. İranla da problemlər var, amma ikitərəfli və üçtərəfli müzakirələr gedir, tərəflər Rəşt-Astara dəmiryolunun xəritəsini təsdiqləyiblər. Hər il yüklərin həcmi bu marşrutun üzərində artır“.

Foto: İlqar Vəlizadənin şəxsi arxivindən

Politoloq “Zəngəzur dəhlizi” ilə bağlı problemlərin olduğunu düşünür:

“Bu dəhliz Rusiyanın Yaxın Şərqə və Aralıq dənizinə birbaşa çıxışını təmin edən marşrutdur. Amma bu maraqları reallaşdırmaq imkanları azdır. Çünki Ermənistan Rusiyanın nəzarətindən çıxmaq istəyir və müəyyən dərəcədə Qərb tərəfdaşlarının tövsiyəsi ilə addımlar atır, xüsusilə təhlükəsizliklə bağlı. Çox güman ki, Putin Əliyevlə bu məsələləri müzakirə edəcək. Hazırda İranla yol tikilir, əgər başa çatdırılsa, Ermənistan kənarda qalacaq. O zaman bu ölkədəki əmsalı az olan Rusiya şirkətləri layihələrdən uzaq düşəcək. Əsasən də Cənubi Qafqaz Dəmiryol İdarəsi”.

Azərbaycan dəhlizin  təhlükəsiz olmasını istəyir…”

Siyasi şərhçi deyir ki, Rusiya dəhliz məsələsində həm də öz iqtisadi və geosiyasi maraqlarını güdür:

Ona görə də Rusiya Zəngəzurdan yol istəyir, amma özünü qane edən şərtlərlə. Bu məsələdə Azərbaycanla Rusiyanın ortaq maraqları olsa da, çətin məsələdir. Düzdür, Rusiya əvvəlcə iqtisadi, sonra geosiyasi maraqlarını güdür, Azərbaycan isə öncə geosiyasi maraqlardan yanaşır. Putin bugünkü çıxışında da Üçtərəfli Bəyannaməni xatırlayaraq 2020 və 2022-ci illərdəki razılaşmalardan danışıb. Hələ o vaxt bununla bağlı komissiya da təşkil olunmuşdu və Kreml bu gün komissiyanın işinin bərpasına çalışır, amma özünün  iştirakı ilə”.

Amma Azərbaycan dəhlizin maneəsiz gediş-gəliş imkanlarına malik və təhlükəsiz olmasını istəyir – fərqi yoxdur hansı dövlət onu edəcək. Ola bilsin ki, bu məsələdə Rusiya ilə Azərbaycan arasında müəyyən ziddiyyətlər var. Sadəcə, Moskva Bakının mövqelərindən geri çəkilməyəcəyini başa düşür”, – deyə o qeyd edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.