“həyat yoldaşımla körpəmin qətlini ört-basdır etmələrinə imkan verməyəcəyəm”

26-08-2024, 09:56   



Habil Məmmədzahidov “həyat yoldaşımla körpəmin qətlini ört-basdır etmələrinə imkan verməyəcəyəm” deyir

“Həkim çağırıb dedi ki, xəstənin vəziyyəti ağırdır. Dedim, axı bayaq onu bura sağlam gətirmişəm, əməliyyata da gülə-gülə getdi. Necə oldu, bu? Bəlkə götürüb Bakıya aparım? Dedi: “Əlimizdən gələni edirik, sizsə dua edin”. Sonra bizi xəstəxanadan çölə çıxartdılar. Yarım saat da keçdi, həkim yenə çağırdı, dedi, Allah rəhmət eləsin”.

Xaçmaz sakini Habil Məmmədzahidov Meydan TV-yə danışır ki, həyat yoldaşı 24 yaşlı Samirə Nəsirova doğuş üçün avqustun 21-də Quba Perinatal Mərkəzə götürülüb. Xəstəxana qarşısında gözləyən ailə üzvlərinə az sonra xəstənin və körpənin ölüm xəbəri verilib:

“Samirənin hamiləliyi normal keçib, daim həkim nəzarətində olub. Avqustun 17-də Qubaya getmişdik, yenə UZİ-dən keçdi. Həkim dedi ki, qan laxtalanması yüksəkdir, təbii doğuş olmaz. Ayın 21-də gətirərsiz, körpəni əməliyyat yoluyla götürərik. Avqustun 21-də səhər saat 9 radələrində xəstəxanaya gəldik. Yenə də bildirdilər ki, qan laxtalanması yüksək olduğuna görə, əməliyyata alırıq. Samirə bizimlə gülə-gülə sağollaşdı, çox səbirsizlənirdi körpəni qucağına almaq üçün…”.

Habil Məmmədzahidov. Foto: Meydan TV

Ancaq təqribən 20 dəqiqədən sonra Habil Məmmədzahidova bildirilib ki, xəstənin vəziyyəti ağırdır. O, həyat yoldaşını Bakıya aparmaq istədiyini deyib, ancaq həkim “get dua et” deyib. Habil Məmmədzahidovun çarəsiz vəziyyətdə xəstəxananın qarşısında gözləməkdən başqa yolu qalmayıb:

Təxminən yarım saat da keçdi, həkim bizi yenə içəri çağırdı. Bircə kəlmə dedi ki, “ana da, körpə də öldü, başın sağ olsun”. Dedim, nə danışırsan? Mən həyat yoldaşımı bura sağlam gətirmişəm, 9 ay həkim nəzarətində olub, vəziyyəti yaxşı olub. Qəfil nə baş verdi ki, həyat yoldaşım da, balam da öldü? Gah dedi, şok keçirdib, gah dedi, heç cərrahın əli dəymədi xəstəyə, əməliyyat başlamamışdı. Elə durumdaydıq ki, həkimin dediklərini beynimiz qəbul etmirdi, özümüz şoka düşmüşdük”.

Samirə Nəsirova. Foto: Meydan TV

Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzindən bildirilib ki, 38 həftəlik hamilə olan qadın “uşaqlıq üzərində çapıq” diaqnozu ilə Mərkəzə yerləşdirilib. Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar qeysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib. Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Xəstəyə reanimatoloji yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır. Habil Məmmədzahidov deyir, rayon prokurorluğundan gələrək ailə üzvlərinə yas mərasimini yola verəndən sonra araşdırmayla bağlı quruma gəlmələrini tapşırıblar:

Həyat yoldaşımla körpəmin qətlini ört-basdır etmələrinə imkan verməyəcəyəm ki, cəzasız qalıb növbəti ana-uşaq faciəsinə səbəbkar olmasınlar. Hələ də ölümünə inana bilmirəm (qəhərlənir). 2 yaşında qızımız var, bundan sonra onu anasız böyüdəcəm”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.