Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə büdcə müzakirələri zamanı bəzi deputatların səsləndirdiyi ittihamları rədd etsə də, özünüməşğulluq proqramı ilə bağlı şikayətlər hələ də gəlməkdədir. Deputat Siyavuş Novruzov bildirmişdi ki, nazirlik vətəndaşlara xəstə heyvanlar verir və nəticədə onlar ölürlər. Nazir Babayev isə bu ittihamı qəbul etməmişdi. Lakin ƏƏSMN rəhbərinin menyusuna xeyli sübut və faktlar təqdim olunub. Anaxeber.info yazır ki, bu günlərdə daha bir vətəndaş ona verilən qoyunların videosunu yayıb. Hərbçi olduğunu bildirən şəxs deyir ki, heyvanlar xəstədir, inkişafdan qalıblar, baytar onlara iynə vurmalıdır, amma buna maddi imkanı yoxdur. Şikayətçi bildirir ki, nazirliyin verdiyi qoyunlardan altısı ölüb, yerdə qalanlar da xəstə vəziyyətdədir. Onun bildirdiyinə görə, özünüməşğulluq adı ilə verilən bu heyvanlar işə yaramır. Məsələ budur ki, şikayətçi olanlar bir deyil, iki deyil, xeyli sayda vətəndaş nazirlikdən narazıdır, xəstə heyvanlar verildiyini söyləyirlər. Lakin nazirlik bu problemlə bağlı hərtərəfli araşdırma, yoxlama aparmır.
Azər Talıbov
Anaxeber.info