Göyçay rayonunun Şəhadət kəndinin sakinləri şikayətçidirlər.
Hurriyyet.az xəbər verir ki, onların Tribunainfo.az-a göndərdikləri şikayət məktubunda bildirilir ki, problem rayon mərkəzi ilə kənd arasında yolun olmaması ilə bağlıdır.
Sakinlər bildirir ki, Şəhadət kəndi rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsidir. “Lakin yolunun əksər hissəsi yararsız olduğu üçün biz sakinlər çox əziyyət çəkirik. Kəndin yolunun bir hissəsinə bir neçə il əvvəl asfalt çəkiləsə də, bir neçə küçələri isə təmir edilməyib. Hansı ki, həmin yolların üzərində çoxlu sayda sakinlər yaşayır. Qışda palçığa, yayda toza görə yolda hərəkət etmək olmur.Uşqlar məktəbə getməkdə çətinli çəkirlər, xəstə olanda təcili yardım maşını gələ bilmir”.
Onlar qeyd ediblər ki, bununla əlaqədar dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olublar. “Lakin bu görüşlərin heç bir faydası olmayıb. Həmçinin seçki öncəsi deputat Məzahir Əfəndiyev də bizə söz verdi ki, yolun təmir etdirilməsi üçün müvafiq addımlar atacaq. Ancaq heç bir köməklik göstərmədi və bizi aldatdı”.
Şəhadət kəndinin sakinləri bildirirlər ki, onlar ümidlərini üzməyiblər. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmək qərarına gəliblər. “İnanıb, ümid edirik ki, Göyçay şəhərinin mərkəzinə yaxın yerləşən Şəhadət kəndinin yolları sahmana salınacaq. Ona görə də, Prezidentimizdən xahiş edirik ki, bu məsələni şəxsi diqqətinə götürsün”.