Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tehranın nüvə danışıqlarından imtinasından sonra Vaşinqtonun hərbi cavab hədəsi

Bu gün, 11:15   


Ağ ev yenidən Tehrana xəbərdarlıq edərək bildirib ki, İranla ya hərbi yolla, ya da nüvə proqramı ilə bağlı razılığa gəlməklə məsələ həll oluna bilər. Bu açıqlama İranın ali dini rəhbəri Əli Xameneinin ABŞ-nin iki düşmən ölkə arasında danışıqlar aparmaq təklifini rədd etməsindən bir neçə saat sonra verilib.

"Ümid edirik ki, İran rejimi öz xalqını və milli maraqlarını terrorizmdən üstün tutacaq", - Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz martın 9-da verdiyi bəyanatda bildirib. O, eyni zamanda, prezident Donald Trampın sözlərini təkrarlayaraq vurğulayıb ki, "əgər hərbi müdaxilə etməli olsaq, bu, dəhşətli bir şey olacaq".

Martın 6-da "Fox Business"ə verdiyi müsahibədə Tramp "İranla bağlı iki yol var: ya hərbi yolla, ya da Tehranı nüvə silahı əldə etməkdən çəkindirmək üçün razılaşma əldə etməklə" deyib. "Mən onlara məktub yazaraq bildirmişəm: 'Ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki əgər hərbi müdaxilə etməli olsaq, bu, dəhşətli bir şey olacaq".

"Mən daha çox razılaşma yolu ilə danışıqlar aparmaq istərdim. Hamının mənimlə razı olub-olmadığına əmin deyiləm, amma elə bir razılaşma əldə edə bilərik ki, bu, hərbi qələbə qədər yaxşı olsun", - Tramp əlavə edib.

ABŞ prezidentinin sözlərinə görə, "vaxt yaxınlaşır və necə olursa-olsun, nəsə baş verəcək".

Jurnalistlərə ayrıca açıqlamasında da Tramp bu məqamı bir daha vurğulayıb: "İranla bağlı elə bir vəziyyət var ki, çox tezliklə nəsə baş verəcək. Çox, çox tezliklə".

Əli Xamenei
Əli Xamenei

Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq

Martın 8-də isə İran rəsmiləri qarşısında çıxış edən dini lider Əli Xamenei Trampın və ya ABŞ-nin adını açıq şəkildə çəkmədən bildirib: "Bəzi güc tətbiq edən hökumətlərin danışıqlarda israr etməsi problemləri həll etmək üçün deyil. Onlar üçün danışıqlar yeni tələblər irəli sürmək üçün bir vasitədir; bu, təkcə İranın nüvə məsələsi ilə bağlı deyil... İran onların gözləntilərini qətiyyən qəbul etməyəcək".

Martın 8-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hələ Trampdan məktub almayıb.

"O məktub haqqında eşitmişik, amma heç bir şey almamışıq", – nazir dövlət televiziyasına verdiyi açıqlamada qeyd edib.

Martın 10-da X sosial şəbəkəsindəki paylaşımında İranın xarici işlər naziri bildirib ki, onun ölkəsi təzyiq və hədə-qorxu altında danışıqlar aparmayacaq: "Hətta hansı mövzuda olmasından asılı olmayaraq, bunu nəzərə almayacağıq. Danışıqlar zorakılıq və diktə etməklə eyni şey deyil".

O əlavə edib ki, İran Avropa üçlüyü, Rusiya və Çinlə danışıqlar aparır: "Hazırda biz E3 (Fransa, Britaniya və Almaniya) və ayrıca Rusiya və Çinlə bərabər hüquq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq məsləhətləşirik. Məqsədimiz nüvə enerji proqramımız barədə daha çox etimad və şəffaflıq yaratmaq üçün yolları araşdırmaq, bunun müqabilində qanunsuz sanksiyaların qaldırılmasını təmin etməkdir".

ABŞ və İsrail uzun müddətdir Tehranı nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini bildirir.

Uranın silah səviyyəsinə yaxın zənginləşdirməyə davam edən Tehran isə uzun müddətdir proqramın sülh məqsədli olduğunu bəyan edir.

Donald Tramp
Donald Tramp

Tramp Xameneiyə məktub göndərdiyini deyir

Martın 7-də ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub ünvanladığını bildirib. Trampın sözlərinə görə, o, məktubunda Tehranı İran nüvə proqramının azaldılması və Trampın birinci prezidentliyi dövründə İranın imtina etdiyi razılaşmaya qayıtması üçün ABŞ ilə danışıqlara çağırıb.

Amerika prezidenti belə bir razılaşmanın İranın xeyrinə olacağını deyib. "Biz daha bir ölkənin nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Yazdım ki, danışıqlara ümid edirəm, əks halda, hərbi güc tətbiq etməli olacağıq və bu, dəhşətli olacaq", - o bildirib.

İran mediası məktub və Xameneinin ona reaksiyası barədə məlumat verməyib. İranın "Nour News" agentliyi məktubun alınmasını təkzib edir. Bundan əvvəl "Əl-Cəzirə" telekanalı sanksiyalar və siyasi təzyiqlər yumşaldılacağı təqdirdə İran hakimiyyətinin ABŞ və bütövlükdə beynəlxalq ictimaiyyətlə danışıqlara hazır olduğunu bildirirdi.

Tramp Ağ evə qayıtdıqdan sonra onun administrasiyası dəfələrlə bəyan edib ki, ABŞ İranın nüvə silahına sahib olmasına imkan verməməlidir. Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyi bu ilin əvvəlində bildirmişdi ki, İran nüvə başlıqlarının istehsalı üçün də istifadə edilə bilən uranın zənginləşdirilməsi üzrə işləri sürətləndirib. Tehran nüvə silahı hazırlamaq cəhdi ilə bağlı Qərbin bəyanatlarını rədd edir, nüvə layihələrinin dinc məqsədlər üçün olduğunu bildirir.

İran hakimiyyəti uzun müddətdir Avropa ölkələrini 2015-ci ildə Tehranla bağlanmış nüvə sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. ABŞ 2018-ci ildə razılaşmadan çıxdıqdan və iqtisadi sanksiyaları bərpa etdikdən sonra İran nüvə proqramını genişləndirərək saziş üzrə öhdəliklərini azaldıb.

"İran ətrafında "iqtisadi ilgək" daralır"

Martın 2-də İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlar aparmağı zəruri saydığını, lakin İslam Respublikasının ali rəhbəri Xameneinin bunun əleyhinə olduğunu bildirib. "Lakin biz problemlərin həlli üçün uyğun yollar tapmalıyıq", - o deyib.

Pezeşkian vurğulayıb ki, Trampın "maksimum təzyiq" siyasətinə və sanksiyalarına əl atması ilə ölkə ətrafında "iqtisadi ilgək" daralır.

"Bloomberg" mənbələrinə istinadən xəbər verir ki, Tramp fevralda prezident Vladimir Putinlə telefon danışığı zamanı Rusiyadan Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik etməsini istəyib və Moskva razılaşıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar