Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

7 körpənin ölümünə görə TƏBİB ittiham olundu

Bu gün, 09:50   


“Nəinki Bakıda, bölgələrdə də vəziyyət belədir – xəstələrin sayı çox, çarpayı sayı isə azdır”

2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində 7 yeni doğulmuş körpənin ölümünə səbəb olan yanğınla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.

Bu hadisə ilə əlaqədar təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına 3 nəfər çıxarılıb – Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli. Onlar hadisədən sonra vəzifədən kənarlaşdırılaraq, cinayət məsuliyyətinə cəlb olunublar. Lakin barələrində həbs qətimkan tədbiri seçilməyib.

Mehriban Abbasquliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə, Hamlet Mustafayev və Elnur Əhmədliyə isə yalnız 225.3 maddəsilə ittiham irəli sürülüb.

Məhkəmədə Mehdiban Abbasquliyevaya ifadə vermək təklif olunsa da, o, indiki mərhələdə ifadə vermək istəmədiyini, bir müddət sonra ifadə verəcəyini bildirib. Bu səbəbdən hakim Leyla Əsgərova-Məmmədova onun istintaqa verdiyi ifadələri məhkəmədə elan edib.

Mehdiban Abbasquliyeva istintaqda dəfələrlə dindirilib. Həmin ifadələrin ikisi fevralın 10-da keçirilən məhkəmə iclasında elan edilib. O, ifadələrində Perinatal Mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar və görülən işlərdən, işçilər və onların davranışlarından, xəstə sayı, körpələrə nəzarət də daxil olmaqla, müxtəlif məsələlərdən danışıb.

Mehriban Abbasquliyeva qarşı ittihamda göstərilib ki, o, direktor olduğu müddətdə Perinatal Mərkəzdə stasionar xəstə qəbulunu iki dəfəyə qədər artırıb. Nəticədə Mərkəzin iş yükü də həddi aşıb, tibbi müəssisənin normal iş fəaliyyəti pozulub, elektrik naqillərində də yüklənmə olub.

Mehriban Abbasquliyeva ifadəsində bildirib ki, Azərbaycandakı bütün perinatal mərkəzlərdə xəstələrin sayı oradakı çarpayılardan çoxdur. Onun sözlərinə görə, Azərbaycanda ümumilikdə 7 Perinatal Mərkəz fəaliyyət göstərir. Həm paytaxtda, həm də bölgələrdəki mərkəzlərdə xəstələrin sayı onlar üçün nəzərdə tutulan çarpayılardan xeyli çoxdur.

“Nəinki Bakıda, bölgələrdə də vəziyyət belədir – xəstələrin sayı çox, çarpayı sayı isə azdır”, – Mehriban Abbasquliyeva ifadəsində bildirib.

O, özündən əvvəl Mərkəzin direktoru işləmiş Məryəm Rzayevanı da ifadəsində ittiham edib.

Onun sözlərinə görə, Məryəm Rzayeva yanğın təhlükəsizliyi ilə bağlı heç bir tədbir görməyib:

“Guya Məryəm Rzayeva mən direktor təyin ediləndə mənə yanğın təhlükəsizliyi tədbirlərinin artırılmasına ehtiyac olduğunu deyib. Yalan danışır, belə bir şey olmayıb. O, çox söz deyə bilər. Hətta onu da deyə bilər ki, Fövqəladə Hallar nazirinə də məlumat vermişdi. O demək deyil ki, onun hər dediyinə inanmaq olar”.

Mehriban Abbasquliyeva Məryəm Rzayevanın da cinayət məsuliyyətinə cəlb olunmasını – onun haqqında cinayət işi başlanmasını istəyib.

Keçmiş direktor TƏBİB-i və işçiləri də ittiham edib. Onun sözlərinə görə, hadisə vaxtı Mərkəzin işçilərinin bəziləri həm səhlənkarlıq edib, həm də bacarıqsız davranıblar. Məsələn, yanğınsöndürən balonlardan istifadə etməyiblər, bəziləri baş verənlərə kənardan tamaşa edib, ümumiyyətlə, heç bir addım atmayıb:

“Hətta Baş prokuror Kamran Əliyev də hadisədən sonra jurnalistlərə müsahibədə dedi ki, növbətçi həkim yanğın başlayandan 7 dəqiqə sonra hadisə yerinə gəlib”.

TƏBİB-lə bağlı iradlarına gəlincə, Mehriban Abbasquliyeva bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Perinatal Mərkəzdə yanğın təhlükəsizliyinin artırılması üçün təlimat göndərib. Lakin TƏBİB maliyyə çatışmazlığı səbəbindən tədbir görməyib.

Məhkəmə prosesi martın 3-də davam edəcək. Növbəti iclasda Mehriban Abbasquliyevanın digər ifadələri elan olunacaq.

Mehriban Abbasquliyeva 1998-2000-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini olub. O, 2000-ci ildə Sabunçu rayonundakı 2 saylı Doğum evinin baş həkimi təyin edilib və uzun illər bu vəzifədə işləyib. Respublika Perinatal Mərkəzinə isə hadisədən bir il öncə –  2022-ci ilin dekabrında direktor təyin olunmuşdu.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar