Rusiyalıların – savaşdakı bir cəmiyyətin ümid, qorxu və sıxıntılarına ötəri baxış

Bu gün, 13:39   



Prezident Vladimir Putinin getdikcə daha da sərtləşən avtokratik idarəçiliyi fərqli düşüncəni və siyasi müxalifəti boğub, ordunun tənqidini, hətta savaşa dair açıq müzakirəni də cinayət sayır.

Repressiya sosioloqların, rəy sorğusu keçirənlərin və jurnalistlərin işini çətinləşdirib. Özəlliklə Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdən kənarda, əyalətlərdə yaşayan orta rusiyalıların baxışlarını öyrənmək heç də asan deyil.

AzadlıqRadiosunun tatar-başqırd xidmətinin müxbirləri dekabr və yanvar aylarında bir neçə həftə Tatarıstan, Başqırdıstan və Samara kimi bölgələrdə şifrələnmiş mesajlaşma və sosial media çətlərindən yararlanaraq 10-dan çox adamla danışıb, onların savaşa və cəmiyyətin üzləşdiyi dəyişikliklərə münasibətlərini öyrənməyə çalışıblar.

"Savaş lap yaxınlaşıb"

AzadlıqRadiosunun "İdel.Realii" xidmətinin hazırladığı materialda deyilir ki, bu insanların hər biri adlarının dəyişdirilməsi, yaxud qismən gizlədilməsi şərti ilə danışıb.

"İşlər get-gedə daha da pisləşir", - Ufada yaşayan 52 yaşlı sosial işçi İrina belə deyir.

"Savaş lap yaxınlaşıb, gətirdiyi dəhşət daha da böyüyüb. Bu, bir yandan, heç söz yox, qorxuludur. O biri yandan da baş verənlərin dəhşətini hələ də anlamayanların axır ki onu anlayacağına ümidləri gücləndirir", - yenə onun sözləridir.

"Nə deyə bilərəm? Mən sanki özünüqoruma mexanizmi kimi ardıcıl xəbər izləməyi dayandırmışam", - Samarada bir şirkətin sosial media hesabını yönəldən 30 yaşlı Alisa belə deyir.

Rusiya rəsmiləri hücumun ilk vaxtlarından bəri itkilərlə bağlı rəsmi rəqəmləri açıqlamayıblar. Ancaq Qərb hesablamalarına görə, bugünədək Rusiya tərəfindən ölən və yaralananların ümumi sayı 700 mini keçib. Bir Britaniya rəsmisi bu sayın payızadək 1 milyona çatacağını ön görüb. Tatarıstan və Başqırdıstan savaşın ən ağır zərbə vurduğu bölgələrdəndir.

"Ölkədə qalan azad insanların səsi get-gedə kəsilir", - mədəniyyət müəssisəsində çalışdığını deyən 55 yaşlı Ufa sakini İrekin dediklərindəndir.

"İnsanların çoxu sakitdir, düşüncələrini heç cür dilə gətirmirlər. Şəhərin küçələrində çox sayda kamuflyajda gəzən əlil insan var. Şəhər və kəndlərdə məzarlıqlar təzə qəbirlərin üzərində dalğalanan bayraqlarla doludur", - yenə İrekin sözləridir.

Rusiya iqtisadiyyatı orta sinfin çiçəklənməsi üçün sanki mühərrik rolunu oynayırdı, ancaq indi savaş mühərrikinə çevrilib. Hərbi sənaye zavodları tank, artilleriya, silah və sursat istehsal etmək üçün gecə-gündüz işləyir. Qərbin sanksiyaları sənaye sahələrini və sahibkarları çətin duruma salıb. Avropadan gələn təchizat zənciri qırıldığından ticarət yolları cənuba və şərqə yönəlib.

Podolsk şəhərində "Changan" Çin avtomobil markasının mağazası.
Podolsk şəhərində "Changan" Çin avtomobil markasının mağazası.

İran koka-kolası və Çin maşınları

AzadlıqRadiosunun söhbətləşdiyi insanların çoxu gündəlik problemlərdən danışmağa üstünlük verib: ərzaq dükanlarının piştaxtalarında olanlardan (İrandan gələn "koka-kola"dan), yaxud Rusiya bazarında satılan avtomobil növlərindən (əsasən, Çindən gəlməsindən).

Ufa universitetinin aspirantı olan 45 yaşlı Denis ötən il ölkə iqtisadiyyatının dözümlülüyü baxımından nikbiniymiş: "Bəli, indi mən İtaliyadan gələn paltarları ala bilmirəm. Həftəsonu Barselonaya uça bilmirəm. Avropa maşını ala bilmirəm. Daha doğrusu, indi bunların hamısını edə bilirəm, ancaq daha baha qiymətə və daha böyük çətinliklə".

Ardınca Denis əlavə edir: "Barselonanın əvəzinə, tutalım, Buxaraya uça bilərsən. Ora da gözəl və maraqlıdır. Düzdür, Buxaraya biletlərin indi o vaxt Barselonaya aldığımız biletlərdən üç dəfə baha olması qəribədir".

İrek deyir ki, Qərb markalarını əvəzləyən, Çindən gətirilən avtomobillərin artması bir çox adamı təəccübləndirib: "Kütləvi nasazlıq və avtomobil təmiri yerlərinin həddindən artıq yüklənməsi, bəlkə də, gələcəkdə bizim kabusumuza çevriləcək. Tanıdığım bütün avtomobil mexanikləri və maşın mütəxəssisləri Çin maşınlarının keyfiyyətini tənqid edir və onların birdəfəlik istifadə üçün olduğunu deyir".

İrek Çində istehsal olunan smartfonlardan da gileylənib.

Onun sözlərinə görə, ev avadanlığını təmir edən sahə də gəlişib: "İnsanlar artıq köhnə avadanlığı daha tez-tez təmir etdirir və yenilərini daha az alırlar".

Ordu ilə müqavilə imzalayan könüllü əsgərlərə ödənən bonus və yüksək maaşlar sayəsində Tatarıstan və digər bölgələrə çoxlu pul axını var. Bu axın bəzi bölgələrdə yerli iqtisadiyyatı silkələyib və insanlar həmin pulları yeni avadanlığa və iri əşyalara yatırırlar.

Bəzi adamlar da deyir ki, insanlar yoxsulluğa yuvarlanmasa da, durumları yaxşılaşmır; ölkədən birdəfəlik getməksə mümkün deyil.

"Mən yaşayış standartının aşağı endiyini deyə bilmərəm. Əksinə, hətta minimum maaşı artırıblar. Ancaq bütövlükdə, bizim yaşayış standartımızla istəsən də, ölkədən çıxa bilmirsən", - Samara şəhər hökumət idarəsində çalışan 28 yaşlı Larisanın sözləridir.

Rostov şəhərində Rusiya ordusunun səyyar çağırış məntəqəsi.
Rostov şəhərində Rusiya ordusunun səyyar çağırış məntəqəsi.

"Pula görə gedənlərin çoxu daha tez ölür"

Saratovdan olan 27 yaşlı kompüter proqramçısı Rüstəm üçünsə ötən il ən böyük problem hökumətin YouTube və Discord sosial media platformasına çıxışı bloklaması olub.

"2024-cü ildə kompüterimi yenilədim, bu yaxınlarda televizor aldım. Əslində, kəskin inflyasiya var, faiz dərəcələri yüksəkdir, milli valyuta da güclənmir. Bu da yaşayış standartına təsir göstərir. Düzdür, mənim yoxsulluq səviyyəsində yaşayacağım, yaxud acından öləcəyim anlamına da gəlmir", - Rüstəm belə deyir.

Əksər şəhər və qəsəbələrdə olduğu kimi, Samarada da bilbordlarda və avtobus dayanacaqlarındakı posterlərdə könüllü əsgərlərə bonuslar reklam edilir və vətənpərvərlik borcunun vacibliyi aşılanır.

"Üzərində cəsur əsgərlərin olduğu və astronomik ödənişlərin vəd edildiyi bu zəhlətökən posterləri görərkən, gülməkdən özünü güclə saxlayıram. İki-üç ayda söz verdikləri pul, sözün gerçək mənasında, iki dəfə artıb", - anbarda çalışan 41 yaşlı Samara sakini Dmitrinin sözləridir.

"Bütün bunlar mənə deyir ki, bizim hökumətimiz səfərbərlik məsələsini batırıb, indi də insanları başqa yolla şirnikləndirir. Ukraynada olan adamlardan eşitdiyimə görə, pula görə gedənlərin çoxu daha tez ölür", - bu sözləri də Dmitri söyləyib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar