Azərbaycanı rüsvay edən nazirlik: COP29-a rəhbərlik edən Muxtar Babayev adımızı çirkli ölkələr "zirvəsi"nə qaldırıb...

Bu gün, 08:37   








Azərbaycanda çirkli pulların yuyulması, məmurlar tərəfindən çirkli işlərin görülməsi haqda qulaq çox eşidib,  amma ölkənin çirkli ölkələr arasında "yüksək" yer tutduğunu eşitmək bir ayrı faciədir. Axı cəmi iki ay əvvəl bu ölkə COP29 konfransına ev sahibliyi etmişdi, yaşıl enerjidən danışır, təmiz şəhərlər haqda danışırdıq. Özü də COP29 tədbirinin prezidenti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idi. Taleyin ironiyasına bax ki, Azərbaycanın çirkli ölkələr siyahısına düşməsinə səbəb olan nazir o zaman bu prosesə rəhbərlik edirdi. Heç deyən də olmadı ki, Muxtar Babayev ekologiyanın, təmiz havanın qayğısına nə vaxt qaldı ki, COP29 ona tapşırıldı? İndisə bu tədbirdən iki ay keçir və 
"Numbeo” qlobal məlumat bazası ən çirkli ölkələrin reytinqini dərc edir." Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda Azərbaycan ekoloji baxımdan çirklənmiş ölkələr sırasında yer alıb. Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb, çirklənmə indeksi isə 72,7-dir. Maşallah, neqativ nə varsa, siyahıların başında getməyə hazırıq. Bu da əlbət ki, məmurların ölkəni necə idarə etməsinin nəticəsidir.
Anaxeber.info bildirir ki, bu hesabatda ön sırada olmaq məhz ETSN rəhbərliyinin fəaliyyətinin "bəhrəsidir". Çünki ekoloji təmizlikdən nəinki söhbət gedə bilməz, getdikcə bu barədə vəziyyət pisləşir. Nazirlik isə real tədbirlər görmədiyi üçün ilbəil Azərbaycan çirkli ölkələr arasında yer alır. Məsələn, yaşıllıqların məhvi, havasızlığı yaradan tikinti bumu, meşə zolaqlarının azalması, iaşə obyektlərinə ağacların qurban verilməsi, küçə və prospektlərdə təmizliyə riayətin Avropa səviyyəsində olmaması əsas amillərdir.
Reytinq hazırlanarkən, müxtəlif ölkələrin şəhərlərində hava və suyun, həmçinin işıq, səs-küyün çirklənməsi, tullantıların utilizasiyasının keyfiyyəti, yaşıllıq səviyyəsi, hətta həyatın rahatlığı da nəzərə alınır. İndeks “Numbeo”nun keçirdiyi sorğuların nəticələri əsasında tərtib edilir. Məlumatların düzgünlüyünü təmin etmək məqsədilə potensial spamlar filtrləmə ilə müəyyən olunaraq kənarlaşdırılır.
Reytinq siyahısında Belarus 33-cü, Özbəkistan 42-ci, Rusiya 53-cü, Moldova 58-ci, Ukrayna 59-cu, Ermənistan 60-cı, Türkiyə 67-ci, Gürcüstan 72-ci yerdə qərarlaşıb. Region ölkələrindən yalnız Qazaxıstan (86) və İran (91) Azərbaycandan sonra gəlir. Göründüyü kimi, M.Babayevin rəhbərliyi altında ETSN Azərbaycanı dünyaya rüsvay edib. Məlum olur ki, COP29 keçirən ölkə çirkliliyə görə "zirvə"lərdədir və ən dəhşətlisi budur ki, bu regionda çoxlarından geri qalırıq. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan Afrika dövlətlərinə yaxınlaşmaqdadır. Görünür, onların bizdəki kimi nazirliyi yoxdur. Hesabatda deyildiyi kimi, əsasən təmizlik, yaşıllıq nəzərə alınıb. Bizdə isə ETSN təkcə Bakını götürsək, paytaxtı keçəlxanaya döndərib. Elə bil şəhərdə daş dövrüdür. Avropa bir yana, Gürcüstan, Özbəkistan, Belarus başdan-başa yaşıllıqlara oksigen balonuna oxşayır. İnsanlar təmiz hava udur. Bizdə isə Şamaxıdan Bakıya qayıdanda səmaya baxırsan, Muxtar Babayevin "əli işi"ni görürsən. Dünyada analoqsuz hadisədir ki, COP29 olan ölkə çirkli ölkələr siyahısında yer alır. Ümumiyyətlə, Bakının çirkli olmasına səbəb məmurların çirkin və rüşvət əməlləridir. Bəlkə də nazirlik onlarla bacarmır. Şəhərin yaşıllıqlarına "divan tutub", sonra ekoloji təmizlikdən danışırlar. Hələ biz şəhərdə zibil qutularının az olmasını demirik. Küçələrin süpürülməsi də bir ayrı faciədir. Bu işi yaşlı qadınlara etdirirlər. Sanki elektron süpürgələr yoxdur. ETSN bizi bu "qara siyahı"dan çıxarmaq üçün indi nəsə etməlidir. Dünyanı bura yığıb danışmaqla deyil...

Azər Talıbov



Anaxeber.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar