Eminov Hüseyin Gülbaba oğlu Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Anaxeber.info-nun xəbərinə görə, o, dekabrın 21-də idarə etdiyi “Fort tranzit” markalı, dövlət nişanı 99-HA-508 avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində dövlət nömrə nişanı 99-YP-161 olan yol polis əməkdaşları tərəfindən saxlanıb. DYP əməkdaşları sürücüyə bildiriblər ki, yükdaşıma qaydasını pozduğuna görə maşın cərimə meydançasına aparılacaq. Lakin sürücü protokol tələb etsə də, yazılmayıb. Polis inspektoru Altun məsələnin Sumqayıt şəhər DYP-də həll olunacağını bildirib. Vətəndaş 102 Xidmətinə məlumat verib, amma nəticəsi olmayıb. Həmin yük başqa maşına yüklənib və sürücü tərəfindən əlavə xərc çəkilib. Ancaq böyük yük maşınını duracaqdan çıxmağa imkan verməyiblər. YPX əməkdaşı Altun deyib ki, Sumqayıt DYP-də ikinci otaqda olan Zakir adlı şəxs maşını buraxmır. Hüseyin Eminov idarəyə müraciət edib. İdarədə telefonu alınıb, içəri buraxılıb. Zakir adlı şəxs ona irad bildirib ki, nahaq yerə 102 Xidmətinə məlumat verib: “Dedi ki, gələrdin, burda həll edəreik. Dedi ki, bunun cəriməsi 200 manatdır, amma 100 verərdin, həll edərdik, yüngül protokol tərtib edərdik. Mən pulum olmadığını söylədim və qanunla protokol tərtib olunmasını xahiş etdim. Mənə 40 manat cərimə yazıldı, sonra təzyiq altında “cəriməni ödəyəcəm, şikayətim yoxdur” sözünə imza atdırdılar. Bunu könüllü imzalamadım, kənardan olan təzyiqin nəticəsi idi. Mən cənab nazirdən özümə dəyən maddi-mənəvi zərərin araşdırılmasını xahiş edirəm”.
AnaXeber.info