Bəşir Süleymanlı və Məmməd Alpay barəsində həbs qətimkan tədbiri seçilib
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpayın (Məmmədzadə) həbs olunduğu bildirilir.
Məlumata görə, onlar Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb olunublar.
Martın 14-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəşir Süleymanlı və Məmməd Alpay (Məmmədzadə) vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırmasında ittiham olunurlar.
Məmməd Alpay 2010-cu ildən etibarən seçki müşahidəsi, demokratik iştirakçılığın təşviqi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərib. O, bu müddət ərzində Azərbaycanda və beynəlxalq arenada seçki müşahidə missiyalarında iştirak edərək Norveç, Ukrayna, Gürcüstan, Slovakiya, Monteneqro və Macarıstanda beynəlxalq müşahidəçi kimi fəaliyyət göstərib.
Bəşir Süleymanlı 2014-cü ilin mayında Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə ) və 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ) maddələri ilə ittiham olunaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
2015-ci ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılmışdı.
Azərbaycan hakimiyyətinin bir sıra qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış daha sonra isə bağlanmış cinayət işini yenidən açdığı bildirilir.
Bu gün bir neçə QHT rəhbərinin saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Saxlanılanların “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay (Məmmədzadə) və “Media Hüququ” Qrupunun rəhbəri Xalid Ağəliyev olduğu bildirilib.
Bəzi sosial şəbəkə istfadəçiləri bu şəxslərin Baş Prokururluğa dəvət olunduğunu, ifadələrinin alındığını yazıblar.
Sonradan yayılan məlumatlarda Hafiz Həsənov və Xalid Ağəliyevin sərbəst buraxıldığı qeyd olunurdu.