Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tramp İranı bombalamaqla hədələyir: - "Razılığa gəlməsələr, bombalama olacaq, əvvəl heç vaxt görmədikləri bombalama olacaq"

31-03-2025, 09:28   



ABŞ prezidenti Donald Tramp İranı yeni sanksiyalar, tariflər, hərbi addımlarla hədələyib. Buna İran prezidentinin ölkənin sürətlə genişlənən nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqlardan imtina etməsi səbəb olub.

"Görək nəsə edə biləcəyikmi. Alınmasa, durum pis olacaq", – Tramp martın 30-da Floridadan Vaşinqtona uçarkən jurnalistlərə deyib.

"Razılaşmanı digər alternativdən üstün tuturam. Məncə, bu təyyarədəki hər kəs digər yolun yaxşı olmayacağını bilir", – o, sözlərinə əlavə edib.

Tramp daha öncə xəbərdarlıq etmişdi ki, "razılığa gəlməsələr, bombalama olacaq, əvvəl heç vaxt görmədikləri bombalama olacaq".

O, həmçinin İrandan neft alan ölkələrə yeni tariflərin nəzərdən keçirildiyini bildirib. Bu, Trampın Tehrana qarşı "maksimum təzyiq" strategiyasının tərkib hissəsidir.

Martın 30-da İran prezidenti Məsud Pezeşkian Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqları rədd edib. Tramp ayın əvvəlində Tehrana məktubunda belə bir təklif vermişdi.

"Cavabda tərəflər arasında birbaşa danışıq ehtimalı rədd olunur. Amma vasitəçi ilə danışıqlara çığır açıq qalır", – Pezeşkian deyib.

İranın yüksəkrütbəli rəsmiləri daha öncə də Birləşmiş Ştatlarla nüvə danışıqları ideyasını rədd ediblər. Amma Pezeşkianın dedikləri ABŞ-nin danışıqlar çağırışına ilk rəsmi rədd cavabıdır.

ABŞ Dövlət Departamenti cavabında bildirib: "Prezident Tramp aydın bəyan edib. Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz".

Tramp yanvarda Ağ evə qayıdandan bəri administrasiyası davamlı olaraq İranın nüvə silahlı əldə etməsini önləməyin vacibliyini vurğulayıb, əks halda hərbi addımla hədələyiblər.

Pezeşkianın bəyanatı Tehranla Vaşinqton arasında bu yöndə gərginliyi yenidən artıra bilər.

İran nüvə proqramının dinc məqsədli olduğunu deyir. Amma İran rəsmiləri silah əldə etməklə də hədələyiblər. Bu xüsusilə İsrailin HƏMAS qruplaşmasına qarşı müharibəsində atəşkəs pozulandan sonra Qəzzanın yenidən bombalanması fonunda baş verib. ABŞ və Aİ-nin terrorçu saydığı bu qruplaşmanı İran dəstəkləyir.

BMT-nin nüvə agentliyinin fevralda yaydığı hesabatda İranın hərbi məqsədlər üçün uran istehsalını sürətləndirdiyi vurğulanırdı.

İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin müddəti bu ilin oktyabrında bitir. Dünya güclərinin BMT-nin İrana sanksiyalarını təkrar tətbiqindən ötrü cəmi bir neçə ay qalır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar