Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya atəşkəs əvəzində sanksiyaların ləğvini istəyir, Avropa buna hazır deyil

Dünən, 11:31   



Yazı AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.

Son həftələrdə ABŞ, Rusiya və Ukrayna atəşkəs çərçivələrini müəyyənləşdirir – bunlardan biri elektrik stansiyaları və ötürmə xətləri kimi enerji infrastrukturunu qorumağa, digəri isə Qara dənizdəki hərbi fəaliyyətin azaldılmasına yönəlib.

Moskvanın əsas tələblərindən biri ictimaiyyətə çatdırılıb: sanksiyaların yumşaldılması. Kreml martın 25-də Qara dəniz atəşkəsi razılaşmasından sonra yayımladığı bəyanatda bildirib ki, Moskva bu razılaşmaya yalnız o halda əməl edəcək ki, Qərb Rusiyaya qarşı sanksiyaların müəyyən qismini ləğv etsin. Bu tələb gübrə ixracı ilə məşğul olan şirkətlərə və onların sığorta şirkətlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, həmçinin bir neçə Rusiya bankının SWIFT qlobal ödəniş sisteminə yenidən qoşulmasını əhatə edir.

Bir neçə Avropa İttifaqı (Aİ) lideri artıq Moskvanın tələbini rədd edib, xüsusilə də martın 27-də Parisdə keçirilən görüşdə bu aydın şəkildə ifadə olunub.

Çoxsaylı avropalı diplomatlarla danışdığım zaman onların hamısı vurğuladı ki, Ağ evin həmin gün yaydığı bəyanatında sanksiyaların yüngülləşdirilməsindən bəhs edilməyib. Aİ səfirlərindən biri mənə Ər-Riyadda atəşkəslə bağlı son danışıqlara istinad edərək bildirdi: "Səudiyyə Ərəbistanında bununla bağlı heç bir razılaşma əldə olunmayıb, ona görə də bizim üçün qərar verəcək bir şey yoxdur".

Avropa İttifaqının Rusiya ilə ticarət əlaqələri

Avropalılar atəşkəs danışıqlarında iştirak etməyiblər, lakin Rusiyaya qarşı sanksiyalara dair kifayət qədər söz sahibidirlər.

SWIFT Belçika şirkətidir və Aİ indiyədək "Sberbank" və "Bank Otkrıtiye" kimi böyük banklar da daxil olmaqla Rusiyanın 23 bankını "SWIFT-dən çıxarıb".

Onlar həmçinin Rusiyanın Avropa ilə ticarət əlaqələrinin ABŞ ilə müqayisədə daha dərin olduğunu bilirlər.

Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı işğal müharibəsindən əvvəl belə, ABŞ-nin Rusiyaya ixracı ümumi Amerika ixracatının cəmi 0.5 faizindən azını təşkil edirdi. Aİ üçün isə bu göstərici 6 faiz idi ki, bu da 250 milyard avro (272 milyard dollar) məbləğində ticarət həcminə bərabərdir.

Aİ-nin genişmiqyaslı sanksiyaları tətbiq olunanda bu, Moskvaya daha çox zərbə vurub. Aİ-nin sanksiyalar "çarı" Devid O'Sallivan hesab edir ki, məhdudlaşdırıcı tədbirlər Rusiyanı 2022-ci ilin əvvəlindən bəri 450 milyard avrodan (490 milyard dollar) çox gəlirdən məhrum edib.

Avropalılar Rusiyaya qarşı sanksiyaları qismən də olsa yumşaltmağı düşünürlərmi? Davamlı olaraq eşitdiyim cavab sadəcə "yox" və ya "bundan imtina edəcəyik"dir.

Rəsmilər Rusiyanın davam edən dron və raket hücumlarına, eləcə də Aİ-nin bu yaxınlarda keçirilən toplantısının nəticələrinə diqqət çəkirlər. Bu isə əksinə Rusiyaya qarşı təzyiqin yumşaldılmasından daha çox potensial tədbirlərin gücləndirilməsinə işarədir.

Aİ Şurasının martın 20-də Ukrayna ilə bağlı iclasının Əsas Nəticələrində deyilir: "Əlavə sanksiyalar və mövcud tədbirlərin tətbiqinin gücləndirilməsi də daxil olmaqla, Avropa İttifaqı Rusiyaya təzyiqi gücləndirməyə hazırdır".

Avropa Komissiyası, hələlik, Aİ üzv dövlətlərini yeni sanksiyalar paketi – son üç ildə sayca 17-ci olacaq – üzrə müzakirələr aparmaq üçün rəsmi toplantılara başlamayıb. Lakin onlar sanksiyalardan yayınma yollarının qarşısını almaq məsələlərini nəzərdən keçirirlər.

Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ sammitində.
Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ sammitində.

Aİ sanksiyalarının ləğvi üçün yekdillik tələb olunur

Martın 20-də keçirilən Aİ Şurasının iclasının yekunları ittifaqa 27 üzv ölkənin 26-sı tərəfindən təsdiqlənib. Razılaşmaya qoşulmayan yeganə ölkə isə yenə də Macarıstandır.

Bu, bir səbəbdən əhəmiyyətlidir: Aİ-nin sektoral sanksiyalarının ləğvi yekdillik tələb edir və bu, hazırda mövcud deyil. Yuxarıda qeyd edildiyi kimi, bir çox üzv dövlətlər sanksiyaların azaldılmasını deyil, əksinə, daha da sərtləşdirilməsini tələb edirlər.

Ancaq burada vacib bir məqam var: Hər altı aydan bir - yanvar və iyul aylarında mövcud sanksiyalar paketi uzadılmalıdır və bu da yenidən yekdillik tələb edir.

Məhz bu nöqtədə Macarıstan və potensial olaraq digər ölkələr sanksiyaların tədricən azaldılmasını gündəmə gətirmək istəyə bilər.

Yanvarda Macarıstan sanksiyalar paketinin uzadılmasını təhlükə altına alırdı. Budapeşt yalnız yazılı zəmanət - Rusiyanın Macarıstana neft tədarükünü davam etdirəcəyinə dair aldıqdan sonra sanksiyaların təsdiqinə yaşıl işıq yandırdı.

Danışdığım Aİ diplomatları artıq iyul ayında sanksiyaların uzadılması prosesinin necə keçəcəyindən və bunun təmin edilməsi üçün hansı güzəştlərə getməli olacaqlarından narahatdırlar. İyunun sonunda keçiriləcək növbəti Aİ sammitində bu mövzu ətrafında gərgin siyasi alverin baş verməsi ehtimalı yüksəkdir.

Macarıstan Aİ-nin bu ölkə üçün dondurulmuş maliyyə vəsaitini qazanmaq istəyir, bir neçə üzv dövlət isə yay aylarına qədər Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarına başlamaqda israrlıdır – halbuki Budapeşt indiyə qədər bu prosesi əngəlləyib.

Bəzi Rusiya banklarının SWIFT sisteminə bərpası və Rusiyadan gübrə idxalına yenidən icazə vermək bu kontekstdə ən asan kompromislərdən biri kimi görünür.

Lakin bu qərarlar, təbii ki, həmin dövrdə Ukraynadakı vəziyyətdən asılı olacaq.

Lakin bir şey aydındır: Avropa diplomatları dərhal rədd cavabları versələr də, Moskva bir toxum əkib. Bir Avropa diplomatı mənə bu sözləri dedi: "Məncə, ruslar burada ağıllı bir 'salami' metoduna başlayıblar. Artıq atəşkəs danışıqlarına daxil olarkən, əslində, daha geniş bir sülh razılaşmasının müzakirə mövzusu olan tələbləri irəli sürürlər. Bu dəfə biz 'transaksional' (praqmatik) olmalıyıq və bu güclü aləti (sanksiyalar) yalnız ədalətli bir qiymət qarşılığında kənara qoymalıyıq".

Bəs bu "ədalətli qiymət" nə ola bilər? Müəyyən mənada, Avropa rəsmiləri cavab vermək üçün Kiyevə baxacaqlar. Lakin mənim danışdığım şəxslərin fikrincə, konturlara cəbhə xəttinin dondurulması qarşılığında məhdud sanksiya yüngülləşməsi, işğal olunmuş ərazilərin Rusiyanın ərazisi kimi tanınmaması və Ukraynaya Qərbin hərbi yardımlarının davam etməsini əhatə edə bilər. Həmçinin, atəşkəs pozularsa, sanksiyaların yenidən tətbiq edilməsi imkanı da nəzərdə tutula bilər.

Məsələ bundadır ki, Brüssel və Kiyev Moskvanı belə bir razılaşmaya razı sala biləcəkmi və ABŞ bu barədə nə düşünəcək?


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar