Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tramp niyə Bakıya Novruz təbriki göndərmədi... - axı Bayden bunu etmişdi?!

28-03-2025, 08:09   









Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Bu, 2024-cü il, 16 mart tarixinə aid xəbərdir. Anaxeber.info xatırladır ki, rəsmi məlumatı Azərbaycan Prezidentinin Administrasiyası yaymışdı. Baydenin məktubunda Ermənistanla sülh müqaviləsinin imzalanacağına ümid ifadə olunur, ikitərəfli tərəfdaşlığın inkişafından bəhs olunmuşdu. O həmin Bayden idi ki, prezident olduğu 4 il ərzində Azərbaycana etmədiyi ermənilik qalmamışdı. Həmin Baydendir ki, administrasiyası tam ermənipərəst idi və hər addımda Bakı əleyhinə mövqeyini ortaya qoyurdu. Azərbaycan Prezidenti də həm Bayden dövründə, həm son çıxışlarında bəyan edib ki, başda sabiq dövlət katibi Blinken olmaqla Amerikanın o zamankı iqtidarı anti-Azərbaycan idi. Bəli, həqiqətən də Bayden iqtidarı Ermənistana dəstəyini gizlətmirdi və gedərayaq Mirzoyanla Blinkenin imzaladığı Xartiya da buna sübutdur. O da çoxdan məlumdur ki, 1992-ci ildə Azərbaycan əraziləri işğal edilən zaman "907-ci düzəliş" sanksiyasının ölkəmizə tətbiq edilməsində birbaşa Bayden iştirak edib. O, aktın həmmüəllifi idi. Yəni işğala məruz qalan ölkəyə ABŞ-nin hərbi yardımını qadağan edən qərar qəbul edilmişdi. Ona görə də Baydenin prezident olduğu dövrdə ermənipərəst siyasəti təəccüb doğurmadı. Axı onun əvvəldən bizə etdiyi pisliyi və zərbəni dünənə qədər dərimizdə hiss etmişdik. Bununla yanaşı, Baydenin ötən il prezident Əliyevə Novruz təbriki, həmçinin son aylarda Blinkenin Bakıya zəngləri göstərirdi ki, administrasiya Azərbaycana yanlış münasibət sərgiləyib. Bütün bu sadaladığımız detalları ona görə yada salırıq ki, Ağ Evin yeni rəhbəri Donald Trampdan azərbaycanlı həmkarına hələ də Novruz bayramı təbriki olmayıb. Halbuki Azərbaycanın Trampdan və onun komandasından ciddi gözləntiləri var. Bu gözləntilərdə İsrail də iştirak edir. Knessetdə gedən müzakirələr, yəhudi deputatların çıxışları, iqtisadiyyat nazirimiz Mikayıl Cabbarovun və prezident köməkçisi Hikmət Hacıyevin Tel-Əvivə səfərləri göstərir ki, dost ölkə bizimlə Amerika arasında münasibətlərin yeni səhifəsini açmağa təşəbbüs göstərir. Hətta prezident Əliyev də istisna etməyib ki, ABŞ-la strateji tərəfdaşlıq səviyyəsində sənəd imzalana bilər. Həmçinin, İsrail parlamentinin üzvləri və yəhudi mediası iddia edir ki, üçtərəfli müttəfiqlik sənədinə qol çəkilməsi də mümkündür. Belə bir üçbucaq Azərbaycan üçün möhtəşəm bir saziş olardı. Üstəlik, Azərbaycanın İbrahim razılaşmalarına qoşulacağı qeyd olunur. Tramp özü də bir neçə gün qabaq anons etdi ki, daha çox ölkə bu sazişə qoşulacaq. Hərçənd, Bakı bu sənədə qoşulmasa da olar. Çünki Azərbaycan İsraillə yüksək səviyyəli əlaqələrə malikdir. Üstəgəl, bu İbrahim sazişi daha çox yəhudi dövləti ilə ərəb ölkələrinin barışığını nəzərdə tutur və özündə ehtiva var. Bir sözlə, belə bir siyasi-iqtisadi perspektivlər olduğu, Azərbaycan Prezidentinin son müsahibələrində Tramp hakimiyyətindən ölkəmizin ciddi gözləntiləri olduğunu dediyi, barəsində müsbət fikirlər səsləndirdiyi vaxtda Ağ Ev sahibinin Bakıya Novruz təbriki göndərməməsi sual doğurur. Bu, olduqca düşünməli detaldır. Axı ermənipərəst Bayden belə Azərbaycan prezidentinə bu təbriki ünvanlamışdı. Bəs, Trampın məktubu niyə yoxdur və ya gecikir?
Təbii ki, rəsmi Bakı bu reallığı nəzərə almamış deyil. Və təbrik olmasa da, yenə də soyuqqanlı gözləmə mövqeyi davam edəcək. Əlbəttə, təbrik olmaya bilər. Çünki Bayden təkcə Azərbaycan prezidentini deyil, həm də bu bayramı qeyd edən İran xalqını və digər xalqları da yaddan çıxarmırdı. Lakin söhbət ABŞ liderindən gedirsə və Baydenin birbaşa Əliyevə məktubudursa, o zaman Trampdan analoji addımı daha tez gözləməyə dəyərdi. Hətta Tramp Baydeni qabaqlayıb 16 mart yox, 15 martda bu məktubu göndərə bilərdi. Görünür ki, ABŞ prezidentinin proqramında hələ də Azərbaycan və ümumən Cənubi Qafqaz yoxdur. Trampın başı Ukrayna böhranına, Qrelandiya, Panama və Kanadaya necə qarışıbsa, öz ölkəsində Təhsil Nazirliyini ləğv etməyə, digər izafi xərcləri azaltmağa necə diqqəti yönəlibsə, bu region nə yada düşür, nə komandası bölgənin milli bayramı haqda protokoldan irəli gələn bir təbrik göndərmək təşəbbüsü ilə çıxış edir. Sözsüz ki, heç nə itirilməyib. Lakin dünyanı barmağına dolayan dəlisov Trampdan çox şey gözləməyə də dəyməz...


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar