“Ukrayna danışıqlara hazırdır, Rusiyadan da “güclü siqnallar” gəlir”
Dünən axşam ABŞ Prezidenti Donald Trampın Konqresdə maraqla gözlənilən çıxışı baş tutub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Trampın çıxışı 100 dəqiqə sürüb və bu göstəriciyə görə ABŞ prezidentlərinin Konqresdəki çıxışları tarixində rekorda imza atıb.
Trampın bu çıxışı onun administrasiyasının qalmaqallarla zəngin ilk həftələrinə yekun vurub. Prezident xüsusilə Ukrayna mövzusunda danışmağa başlayarkən, onun Ukrayna siyasətinə etiraz əlaməti olaraq, bir çox Demokrat konqresmenlər zalı tərk edib. Trampın çıxışının əvvəlində Demokrat konqresmen Al Qrin zaldan çıxarılıb. Belə ki, prezidentin çıxışı zamanı ayağa qalxan Qrin əsasını havaya qaldıraraq qışqırmağa başlayıb. Tramp çıxış edərkən bəzi demokratlar əllərində müxtəlif mesajlar olan lövhələr tutublar. Bir çox qadın konqresmen etiraz rəngi olaraq çəhrayı, digərləri isə Ukrayna ilə həmrəyliyi simvolizə edən mavi və sarı şərflər və digər geyimlər geyiniblər.
Tramp, Qrinin zalı tərk etməsindən sonra çıxışına davam edib. O, nitqinin çox hissəsini öz administrasiyasının səlahiyyətlərinin ilk ayında əldə etdiyi nailiyyətləri danışmağa sərf edib və bunu ABŞ tarixində prezidentliyə ən uğurlu başlanğıc adlandırıb.
Tramp öz müraciətində iddia edib ki, onun vəzifədə olduğu ilk ay “ABŞ tarixinin ən uğurlu” ayıdır. Özünü hətta Corc Vaşinqtondan da üstün tutan Tramp deyib ki, uğurlarına görə Vaşinqton ondan sonra ikinci sırada gəlir: “Və bunu daha da təsirli edən odur ki, siz iki nömrənin kim olduğunu bilirsiniz. Corc Vaşinqton!". Xatırladaq ki, Vaşinqton ABŞ-nin ilk prezidenti və “Qurucu Atalar”dan biri olub.
“Son altı həftə ərzində mən 100-ə yaxın icra sərəncamı imzaladım və 400-dən çox icraedici tədbir həyata keçirdim, sağlam düşüncəni bərpa etmək üçün rekord vurdum”, - deyən Trump, bunun yalnız başlanğıc olduğunu söyləyib.
ABŞ Prezidenti çıxışında ölkə iqtisadiyyatına toxunaraq Bayden administrasiyası dövründə müşahidə olunan inflyasiyanın son 48 ilin ən “bərbad” inflyasiyası olduğunu bildirib: “Prezident olaraq, mən hər gün bu zərəri aradan qaldırmaq və Amerikada iqtisadi əlçatanlığı bərpa etmək üçün mübarizə aparacağam.”
“Co Bayden xüsusilə yumurtaların qiymətinin nəzarətdən çıxmasına yol verdi – və biz onu ucuzlaşdırmaq üçün əlimizdən gələni edirik,” – Tramp əlavə etdi.
Prezidentin qeyd etdiyi nailiyyətlər arasında ABŞ sərhədini keçən qeyri-qanuni mühacirlərin sayında rekord azalma, israfçılığın və potensial saxtakarlığın üzə çıxarılmasına nail olan Hökumətin Səmərəliliyi İdarəsi vasitəsilə milyardlarla dollara qənaət edilməsi, dövlət qurumlarında irqi və digər üstünlüklərin aradan qaldırılması, hökumət bürokratiyasının azaldılması daxildir.
Rusiya-Ukrayna mövzusuna toxunan Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskidən Ukrayna ilə bağlı danışıqlara ən qısa zamanda başlamağa hazır olduğunu bildirən məktub aldığını deyib.
O, Volodimir Zelenskidən çərşənbə axşamı aldığı məktubundan sitat gətirib. Məktubda Ukraynanın mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğu bildirilir. Prezident Zelenski Trampa yazıb ki, o və komandası “davamlı sülhə nail olmaq üçün prezident Trampın rəhbərliyi altında işləməyə hazırdır”.
Zelenski məktubunda ABŞ-a göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib .
Tramp məktuba görə Zelenskiyə təşəkkür edib və Ukraynanın təbii ehtiyatlarının birgə işlənməsi və təhlükəsizliklə bağlı sazişi imzalamağa hazır olduğunu qeyd edib: “Mən bu gün Ukrayna Prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda bildirilir ki, Ukrayna uzunmüddətli sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Ukraynadakı amansız münaqişəni sona çatdırmaq üçün yorulmadan çalışmışam. Sonu görünməyən bu dəhşətli və amansız münaqişədə milyonlarla ukraynalı və rus lazımsız yerə öldürülüb və ya yaralanıb. ABŞ Ukraynanın müdafiəsini dəstəkləmək üçün yüz milyardlarla dollar göndərib. Bunun daha beş il davam etməsini istəyirsinizmi?"
Tramp bir daha bəyan edib ki, ABŞ Ukraynaya dəstək üçün Avropadan daha çox pul xərcləyib: “Təəssüf ki, Avropa Ukraynanı müdafiə etməkdənsə, Rusiyadan neft və qaz almağa daha çox pul xərcləyib. Bu barədə fikirləşin”.
Onun sözlərinə görə, Aİ ölkələri Ukraynaya müharibədə kömək etmək üçün 100 milyard dollar, demokrat Co Baydenin əvvəlki hökuməti isə 350 milyard dollar xərcləyib. Konqres zalında iştirak edən demokratlar Trampın bu sözləri ilə qətiyyən razılaşmayıblar.
Tramp qeyd edib ki, o, həmçinin Rusiya tərəfindən Ukraynada sülh prosesinə başlamağa hazır olduqları barədə “güclü siqnallar” alır: “Bu dəliliyi dayandırmağın vaxtıdır. Qətlləri dayandırmağın vaxtı gəldi. Bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”.
Maraqlıdır ki, Tramp çıxışında bir gün əvvəl açıqlanan Kiyevə hərbi yardımın dayandırılması məsələsinə ümumiyyətlə, toxunmayıb.
Tramp öz müraciətində həmçinin bildirib ki, ABŞ yaxın günlərdə nadir torpaq mineralları istehsalını artırmaq üçün “tarixi qərar” verəcək: "Bu həftənin sonunda mən ABŞ-də kritik mineralların və nadir torpaq metallarının istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək üçün tarixi qərar qəbul edəcəyəm".
Tramp həmçinin amerikalılara “dünyada ən yüksək həyat keyfiyyəti, ən təhlükəsiz, ən zəngin, ən sağlam, ən möhkəm cəmiyyət” yaratmağa söz verib: “Biz elmin geniş sərhədlərini fəth edəcəyik, bəşəriyyəti kosmosa aparacağıq və Mars planetində, hətta ondan uzaqlarda Amerika bayrağını sancacağıq… Amerikalı həmvətənlərim, inanılmaz gələcəyə hazırlaşın, çünki Amerikanın “Qızıl Əsri” təzəcə başlayıb. Bu, indiyə qədər gördüyünüz heç bir şeyə bənzəməyəcək".
Tramp iqtisadi proqramını açıqlayarkən amerikalılara vergiləri azaldacağını və idxal tarifləri vasitəsilə ABŞ-da sənaye istehsalını bərpa edəcəyini vədini xatırladıb. Onun sözlərinə görə, artıq bir neçə aparıcı beynəlxalq korporasiyaları istehsalı ABŞ-a köçürməyə məcbur edib.
Ənənəyə əsasən, ABŞ Prezidentinin Konqresə müraciətindən sonra müxalifətdə olan partiyadan bir şəxs prezidentin çıxışına cavab verir. Bu dəfə Demokratlar Partiyasının Miçiqandan seçilmiş yeni senatoru və sabiq Mərkəzi Təhqiqatlar Agentliyinin təhlilçisi Elissa Slotkin Trampın müraciətinə cavab verib.
“Orta təbəqə ölkəmizin mühərrikidir, güclü milli təhlükəsizlik bizi təhlükələrdən qoruyur və demokratiyamız — nə qədər qarışıq olsa da — misilsizdir və uğrunda mübarizə aparmağa dəyər” – deyə, o, çıxışında deyib.
Slotkin çıxışında Amerikanın dəyişiklik istədiyini, lakin dəyişiklik etməyin məsuliyyətli və məsuliyyətsiz yolları olduğunu vurğulayıb: “Biz bu dəyişiklikləri həyata keçirə bilərik. Ölkə və demokratiya olaraq kim olduğumuzu unutmadan”.
C.Məmmədov
“AzPolitika.info”